Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yeni tarixi mərhələyə keçid etməyə hazırlaşır. Rəsmi Bakı son illərdə Azərbaycanı böyük sıçrayışla geopolitik zirvəyə daşımağa nail olub. Yəqin ki, Azərbaycanın cəmisi bir neçə il ərzində keçdiyi tarixi yüksəliş mərhələsi gələcək nəsillər tərəfindən daha obyektiv şəkildə dəyərləndiriləcək. Və yalnız o zaman rəsmi Bakının hazırda necə nəhəng hədəflərin reallığa çevrilməsinə nail olduğu təsbit ediləcək.
Hələlik isə onu demək olar ki, Azərbaycan özü ilə yanaşı, bütövlükdə Cənubi Qafqaz regionunu da yeni tarixi mərhələyə aparmağa nail olub. Artıq qətiyyən şübhə doğurmur ki, qarşıdakı mərhələ həm Azərbaycan, həm də bütün region üçün inkişaf perspektivlərinin dəyərləndirilməsi dövrü olacaq. Çünki yalnız Azərbaycanın deyil, ümumiyyətlə, Cənubi Qafqazın əsas problemi həll edilib. Cənubi Qafqazın inkişaf perspektivlərini bloklayan "erməni layihəsi" Azərbaycanın "Dəmir yumruğu" ilə ləğv edilib, tarixin zibilliyinə atılıb.
Onu da qeyd etmək lazımdır ki, son bir ildə baş verənləri 2020-ci ildən başlayan geopolitik prosesin tərkib hissəsi hesab etmək daha doğru yanaşma olardı. Çünki məhz 2020-ci ildə rəsmi Bakı 30 illik regional münaqişənin həllinə prinsipial qərar verdi. Azərbaycan ordusu işğalçı Ermənistanı biabırçı məğlubiyyətə uğratdı. Azərbaycanın ərazi bütövlüyü 30 ildən sonra nəhayət ki, bərpa olundu. Və Azərbaycan məğlub ölkədən tarixi zəfər qazanmış qalıb dövlətə çevrildi.
Bu müddət ərzində rəsmi Bakı Azərbaycanın Cənubi Qafqazda mütləq və şəriksiz siyasi iradə sahibi olduğunu həm region ölkələrinə, həm də bütün dünyaya qəbul etdirdi. Cənubi Qafqazın lider dövləti statusunda özünü olduqca rahat hiss edən Azərbaycan regionun gələcək taleyinin müəyyən edilməsində əsas söz sahibi olduğunu da təsdiqlədi. Və bu, həm Azərbaycan, həm də Cənubi Qafqaz üçün real dönüş nöqtəsi hesab oluna bilər.
Ancaq 2020-ci ildən sonra bəzi yarımçıq problemlər hər halda, qalmışdı. Rəsmi Bakı onların hamısını məhz bu il yekunlaşdırdı. Xüsusilə də, Azərbaycan ordusunun lokal antiterror tədbirləri nəticəsində erməni separatizminin və terrorizminin sığınacaq yeri olan "boz zona"nın ləğvi rəsmi Bakının tarixi uğuru sayıla bilər. Çünki bu nailiyyət yalnız Azərbaycanda deyil, bütün Cənubi Qafqazda erməni terrorizminin kökünü kəsmiş oldu. Prezident İlham Əliyev 30 illik münaqişədən sonra Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdı. Və bu, Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsində son mərhələ idi.
Təbii ki, Azərbaycan bütün bunlarla yanaşı, beynəlxalq məkanda da önəmli siyasi-diplomatik nailiyyətlər qazandı. İlk növbədə rəsmi Bakının açıq ermənipərəst mövqedən çıxış edən Fransanın Cənubi Qafqazdakı sülh prosesindən tamamilə kənarlaşdırılmasını xüsusi olaraq, qeyd etmək lazımdır. Çünki Azərbaycan dövləti bununla Fransaya Cənubi Qafqazın kənar beynəlxalq güclərin geopolitik oyunlarına poliqon olmayacağının birmənalı şəkildə sərt mesajını vermiş oldu.
Eyni zamanda, rəsmi Bakının Fransanın Cənubi Qafqaza yerləşmək cəhdlərinə göstərdiyi prinsipial müqavimətin detalları da Azərbaycan dövlətinin geopolitik qüdrətini növbəti dəfə təsdiqlədi. Belə ki, rəsmi Bakı Azərbaycana qarşı beynəlxalq məkanda təzyiq göstərməyə çalışan Fransanın bütün məkrli planlarını iflasa uğratdı. BMT Təhlükəsizlik Şurasında Fransanın Azərbaycan əleyhinə bir neçə qətnamə layihəsi rəsmi Bakının siyasi-diplomatik manevrləri sayəsində dəf olundu.
Ardınca isə Azərbaycan müdafiə və müqavimət taktikasını hücum taktikası ilə əvəzlədi. Fransanın müstəmləkəçilik siyasəti və fəaliyyəti rəsmi Bakı tərəfdən beynəlxalq səviyyədə ifşa olundu. Rəsmi Parisin Afrikada törətdiyi soyqırımlar açıq mətnlə gündəmə gətirilərək, Fransanın bu bəşəri cinayətlərə görə cavab verməsi tələb edildi. Və bu, Fransanın öz tarixində ilk dəfə belə ağır siyasi-diplomatik zərbələrə məruz qalması anlamı daşıyırdı.
Ancaq rəsmi Bakı bütün bunlarla da kifayətlənmədi. Fransanın Cənubi Qafqazda və Şərqi Avropada fəaliyyət göstərən cəsus-kəşfiytat şəbəkəsini də ifşa etdi. Makron hökuməti elə çıxılmaz vəziyyətə düşdü ki, üzləşdiyi biabırçı uğursuzluq ucbatından Fransanın kəşfiyyat strukturlarının rəhbərlərini dəyişmək məcburiyyətində qaldı. Rəsmi Bakının Fransa səfirliyinin iki əməkdaşını, diplomatik fəaliyyət normalarının kobud şəkildə pozulmasını faktlarla sübuta yetirərək, persona non-qrata elan etməsi Azərbaycanın siyasi-diplomatik zəfərini qətiləşdirdi.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının Ermənistanın beynəlxalq himayədarları qarşısındakı uğurları yalnız bunlarla məhdudlaşmır. Belə ki, rəsmi Bakının erməni terrorizminin "boz zona"sını ləğv etməsindən sonra Azərbaycan ABŞ-ın total təzyiqlərinə də tab gətirməli oldu. Ağ Ev Azərbaycana qarşı təhdidkar manevrlər etməyə çalışdı. Rəsmi Bakını Azərbaycanla siyasi-diplomatik münasibətləri kəsməklə hədələdi. Böyük ehtimalla Ağ Evdə Azərbaycanın ABŞ-dan gələn təhdidlər qarşısında dərhal geri çəkiləcəyinə əmin idilər. Ancaq ABŞ Bayden adminstrasiyası yanılmış oldu.
Məsələ ondadır ki, rəsmi Bakı nəinki geri çəkilmədi, əksinə, ABŞ-ın vərdiş etdiyi səviyyədə müqavimət göstərdi. Ağ Evin təhdidlərinə adekvat reaksiya verdi, eyni keyfiyyətdə addımlar atdı. Nəticədə ABŞ özü geri çəkilmək məcburiyyətində qaldı. ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanla münasibətlərin korlanmasında baş rolda çıxış edən Ceyms Obrayeni Bakıya göndərdi. Və Azərbaycan-ABŞ münasibətlərində mövcud olan böhran böyük ölçüdə nizamlandı.
Bütün bunlar Azərbaycanın hərbi-siyasi və diplomatik uğurlarının yalnız bir qismidir. Bu sıraya Cənubi Qafqazdakı sülh prosesindən regionda maraqları olan nəhəng dövlətlərin kənarlaşdırılmasını, bölgənin onların məkrli planlarının girovuna çevrilmək təhlükəsindən yayındırılmasını da əlavə etmək mümkündür. Yəni, Prezident İlham Əliyev Azərbaycanın tarixini yenidən yazmaqla yanaşı, həm də Cənubi Qafqazın gələcək taleyini dəyişmiş oldu. Və indi həm Azərbaycan, həm də Cənubi Qafqaz yeni inkişaf mərhələsinə keçmək üzrədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ