Onlayn ictimai-siyasi qəzet
Tanınmış kinoşünas Sevda Sultanova Əlixan Rəcəbovun “Səriyyə” filmi ilə bağlı tənqidi fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, Sultanova Aynur Xəlilovanın “Hərşeyşünas” adlı yutub podkastında qonaq olarkən danışıb. Onun sözlərinə görə, filmin mövzusu ümumilikdə normal olsa da, rejissorun cəmiyyətlə əlaqəsinin zəif olduğu hiss olunur:
“Əlixan Rəcəbov sanki bir şüşənin içində oturub oradan ssenari yazır, amma gedib cəmiyyəti araşdırmayıb. Sən o ssenarini yazmaq üçün Azərbaycanın rayonlarına, ya heç olmasa, Bakı ətrafı kəndlərə getməli idin. Tanıdığın ailələrlə danışardın,” – deyə Sultanova bildirib.
Kinoşünas filmdəki ata və ana obrazlarının ümumiləşdirilmiş, dərinlikdən uzaq olduğunu deyib:
“Onların heç birində düşdüyü situasiyada fərqli, maraqlı, özəl heç nə yoxdur. Biz o situasiyaları əzbər bilirik. Ata qızını ərə verir, çünki maddi problemi var. Amma bu atanın danışığı çox formaldır, daxili əzabı, tərəddüdü, alt qatı yoxdur”.
Sultanova əlavə edib ki, hər bir xarakterin, hətta hissiyyatsız görünən bir atanın belə daxili dünyası olmalıdır və bu dünya tamaşaçıya göstərilməlidir:
“Ata övladını satır, əclafdır – bunu görürük. Amma bu atanı buna gətirən vəziyyəti, mənəvi portreti göstərilmir. Mən rejissor olsaydım, atanın içində çəkdiyi əzabı da göstərərdim. Bu baxımdan bizim filmlərimizdə ciddi problemlər var”.
Könül
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ