İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron pula hazırlıq - dövrün tələbi, yoxsa...

Azərbaycanda elektron puldan kütləvi istifadə yaxın müddətdə real görünmür - səbəb...

Qlobal səviyyədə elektron puldan istifadəyə keçid prosesinin sürətlə irəliləməsi bütün ölkələrdə müvafiq hazırlıq işlərinin həyata keçirilməsini stimullaşdırır. Hazırda dünyada elektron pulun əsas istifadə olunan növü rəqəmsal valyutadır.

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin 2021-ci ildə pilot qaydada rəqəmsal yuanın tətbiqinə başlayıb. Bir neçə şəhərdə məhdud istifadəçilərin iştirakı ilə aparılan təcrübənin uğurlu nəticələr verdiyi bildirilsə də, Çin hökuməti ümumi ölkə səviyyəsində virtual yuanın tətbiqinə nə vaxt başlayacağını açıqlamayıb.

Hindistanda 2022-ci ilin dekabrında Nyu-Dehli, Mumbay, Banqalor və Bhubaneşvar şəhərlərində rəqəmsal rupinin pilot tətbiqinə başlanıb. Hindistan Mərkəzi Bankı bu layihəyə dörd bank cəlb edib: State Bank of India, ICICI Bank, Yes Bank və IDFC First Bank. Rəqəmsal rupi nağd rupinin elektron versiyası kimi tədavülə buraxılıb, onunla mobil telefonlardakı tətbiqlər vasitəsilə əməliyyatlar həyata keçirmək mümkündür.

ABŞ 2021-ci ildə rəqəmsal dolların tətbiqinə hazırlığa başladığını elan edib. Bildirilib ki, rəqəmsal dollar ilk mərhələdə yalnız ABŞ daxilində işlək olacaq.

Rusiyada bu il aprelin 1-dən rəqəmsal rublun tətbiqinə başlanıb. Rusiya Mərkəzi Bankının hazırladığı proqramla tənzimlənən yeni rublla əməliyyatların getdikcə genişləndirilməsi nəzərdə tutulur. Rusiya hökuməti rəqəmsal rublun tətbiqində əsas məqsədin nağd hesablaşmaların həcminin azaldılması, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin qurulması olduğunu bildirir. Rəqəmsal rublun emissiya hüququ yalnız Mərkəzi Bankdadır, ona nəzarəti də tənzimləyici həyata keçirəcək. Dövriyyədə olan üçüncü pul forması kimi dövlətin qoruması altında olan rəqəmsal rubl da inflyasiyaya, devalvasiyaya və denominasiyaya məruz qala bilər.

Rəqəmsal valyutanın klassik kriptovalyutalardan əsas fərqi onun mərkəzi banklar tərəfindən tam nəzarətdə saxlanması imkanının olmasıdır. Bu o deməkdir ki, rəqəmsal valyutanın məzənnəsi, məsələn, bitkoin kimi volatil olmayıb, mərkəz banklar tərəfindən tənzimlənəcək. Bu isə rəqəmsal valyutanın nağd və qeyri-nağd puldan sonra üçüncü valyuta  rolunu oynayacağı deməkdir. Dövlət üçün rəqəmsal valyuta bütün maliyyə əməliyyatlarına tam nəzarət, eyni zamanda klassik pul kəsiminə xərclənən vəsaitlərə qənaət imkanı yaradır. Hələlik dünyada elektron pulla bağlı vahid yanaşma formalaşmayıb. Avropa Mərkəzi Bankı elektron pulu qurum və təşkilatlara ödənişlər etmək üçün geniş şəkildə istifadə oluna bilən texniki cihaz üzərində pul dəyəri olan elektron anbar kimi müəyyən edir. Kanada banklarında elektron pul planşetlər, kompüter avadanlığı, müxtəlif kartlar, mobil telefonlar və s. kimi texnoloji cihazlarda saxlanıla bilən hər hansı pul dəyəri kimi müəyyən edilib. Sinqapurda və Ukraynada elektron pul emissiyası yalnız banklar tərəfindən həyata keçirilə bilər. Avropa İttifaqında Elektron Pul Təşkilatları elektron pul emissiya edə bilər. Honq-Konqda isə elektron pul emissiyası üçün depozit şirkəti lisenziyası alınmalıdır.

Azərbaycanda da rəqəmsal - elektron puldan istifadə üzrə qanunverici bazanın hazırlanmasına başlanıb. Bu ilin iyulunda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun qəbul edilib. Qanuna əsasən, elektron pul - qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti hesab olunur. Elektron pulun emissiyası - elektron pulun emitenti tərəfindən elektron pulun ödəniş xidməti istifadəçisinin sərəncamına verilməsi deməkdir. Elektron pulun emitenti bu qanuna uyğun olaraq elektron pulun emissiyasını həyata keçirən şəxsdir. Qanuna əsasən, elektron pul təşkilatı - bu qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.

Azərbaycan Respublikasının ərazisində elektron pulun emissiyası banklar və xarici bankların yerli filialları; poçt rabitəsinin milli operatoru; elektron pul təşkilatları tərəfindən həyata keçirilə bilər.

Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Xarici elektron pul təşkilatları da qanunda nəzərdə tutulan qaydada qeydiyyatdan keçdikdən sonra Azərbaycan ərazisində elektron pul emissiyasını həyata keçirə bilər. 

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun icrası ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə olunub. Yeni maddəyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni Azərbaycan Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinə;

- Ödəniş xidməti təchizatçıları, o cümlədən xarici ödəniş xidməti təchizatçılarının yerli filialları tərəfindən ödəniş agentinin cəlb edilməsi, ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, o cümlədən ödəniş agenti ilə bağlanan müqavilənin şərtlərinə dair tələblərin pozulmasına;

- Xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatorunun yerli filial açmadan ölkədə fəaliyyət göstərməsinə dair bağlanılmış müqavilə barədə məlumatın ödəniş xidməti təchizatçıları tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə;

- Banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən elektron pulun emitenti, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı kimi fəaliyyət göstərəcəyi barədə məlumatın Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər 1 000 manatdan 3 000 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.

Ödəniş xidməti təchizatçısı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş xidməti təchizatçısının və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri haqqında məlumatların Azərbaycan Mərkəzi Bankına qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər 500 manatdan 700 manatadək miqdarda, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq.

Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə- vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

Oxu.az - Əkrəm Həsənov: “Beynəlxalq standartlara görə, əhaliyə kredit  verilməli deyil”

Əkrəm Həsənov

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, iyulda qəbul olunan qanunda nəzərdə tutulan elektron pulun tətbiqi Azərbaycanda yaxınmüddətli dövrdə real görünmür: “Çünki bizdə heç qeyri-nağd ödənişə keçid sahəsində qaneedici mənzərə görünmür. ƏDV geri al da daxil olmaqla, bütün stimullaşdırıcı tədbirlərə rəğmən bu sahədə vəziyyətin kəskin dəyişdiyini söyləmək mümkün deyil. Yayda qəbul edilən qanunla elektron pulları müvafiq qaydada lisenziya alan təşkilatlar dövriyyəyə buraxmalıdır. Buraxılışın qayda-qanunlarını Mərkəzi Bank hazırlamalıdır. Bu prosesin hazırda hansı mərhələdə olduğunu söyləmək mümkün deyil. Lakin rahatlıqla demək mümkündür ki, kimsə elektron pul emissiya etsə belə, əhalinin ondan kütləvi istifadəyə başlaması bu tezliklə real görünmür. Doğrudur, bu günün özündə Azərbaycandan xaric hərrac platformalarının xidmətlərindən yararlananlar az deyil. Onlar bir çox hallarda xarici elektron pullardan istifadəni daha üstün tuturlar”.

Ə.Həsənov bildirir ki, xarici oyunçular da prosesdə iştirak edəcəklərsə, istifadəçilər üstünlüyü onların buraxdığı pullardan istifadəyə verəcək: “Yerli təşkilatların buraxdığı səhmləri belə alan olmur, ola ki, elektron pul alalar. İnsanlarımız bir qayda olaraq xarici istehsala maraq göstərir, etibar edirlər. Buna görə də bazara xarici oyunçular da gələcəksə, az sayda elektron pula maraq göstərənlər məhz onların məhsulundan istifadə edəcəklər. Ümumiyyətlə, mən yaxın müddətdə Azərbaycanda elektron pulların istifadəsinin kütləviləşməsini gözləmirəm. Qanunverici bazanı ona görə yaradırlar ki, xarici oyunçuların fəaliyyətini tənzimləyə bilsinlər. Çünki hazırda Azərbaycandan xarici emitentlərin buraxdığı elektron pullardan istifadə edənlər var və hökumət bu prosesi tənzimləməyə çalışır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR