Onlayn ictimai-siyasi qəzet
Aparıcı İlkin Həsəni enerjidoldurma stansiyalarının işləməməsindən gileylənib. Musavat.com xəbər verir ki, o, stansiyanın görüntülərini yayımlayaraq, 12 gündür işləmədiyini bildirib:
“Arada işlərini görə bilməyən bu enerjidoldurma stansiyalarını da yada salaq: məsələn, "Ecobriz". 12 gündür stansiya işləmir. Adamların heç veclərinə də deyil. Bu, təkcə bu şirkətə aid deyil, Bakı və rayonlarda işləməyən bəzi şirkətlərin stansiyalarına da aiddir, qarşıma çıxdıqca paylaşacağam".
Bu faktın özü elektrik maşınlardan istifadəni yenidən gündəmə gətirir. Elektromobil sürücüləri enerjidoldurma məntəqələrinin azlığından şikayətlənirlər. Amma artıq əksər ərazilərdə bu cür məntəqələr mövcuddur. İndi əsas problem onların bəzi hallarda işlək olmamalarıdır.
Elektromobillər artıq həyatımızın reallığıdır. Hər gün onlardan istifadə edənlərin sayı artır. Lakin sürücülər enerjidoldurma məntəqələrinin azlığından şikayətlənirlər. Xüsusilə də rayonlarda. Statistika isə deyir ki, Azərbaycanda 195 məntəqədə 430 elektrikdoldurma cihazı quraşdırılıb.
Artan tələbat fonunda bu say yetərlidirmi? Ümumiyyətlə, bu sahədə mövcud vəziyyət necədir?
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, bu gün Azərbaycanda elektrikdoldurma məntəqələrinin sayının artırılmasına kəskin ehtiyac var: “Dünyada elektromobillərə maraq hər ötən gün artır. Çin istehsallı elektromobillər dünya bazarlarında satış üzrə rekordlar qırır. Azərbaycana da Çin istehsalı olan elektromobillər daha çox gətirilir. Lakin Bakıda və bölgələrdə elektrikdoldurma məntəqələrinin sayı kifayət qədər deyil. Bir çox yaşayış məntəqələri, binalar var ki, həyətlərində sahibkarlar belə məntəqələr yaratmaq istəmirlər”.
Ekspert deyir ki, Azərbaycan Prezidentinin qəbul etdiyi “2019-2023-cü illəri əhatə edən Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı”nda hibrid və elektromobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq üçün müəyyən addımların atılması nəzərdə tutulurdu: “Bu gün elektromobillərə kifayət qədər güzəştlər tətbiq olunur. Bu güzəştlərdən faydalananlar da az deyil. Elektromobillər üçün elektrikdoldurma məntəqələrinin yaradılması da diqqətdən kənarda qalmamalıdır”.
Ekspertin sözlərinə görə, son illər artıq bu sahəyə böyük maraq yarandığı üçün texnologiyaların, müxtəlif yeniliklərin tətbiqi də mütləq nəzərə alınmalıdır: “Çox böyük nəticə gözləyiriksə, bunların baş verməsi qaçılmazdır. Çünki gələcəyin nəqliyyat vasitələri elektromobillərdir. Düzdür, dünyada müxtəlif tendensiyalar gedir, elektromobillərə qarşı çıxanlar da var. Hətta onların gələcəkdə batareyalarının utilizasiyasının yaradacağı problemlərdən də danışırlar ki, ətraf mühitə daha çox ziyan vuracaq. Bu gün dünyada daxili yanma mühərrikli avtomobillərdə neftdən alınan məhsullardan - benzindən, dizel yanacağından istifadə pik həddədir və kimsəyə sirr deyil ki, yanacaq satışından milyardlarla gəlir əldə olunur. Eyni zamanda elektomobillər də benzinlə bağlı bazara girə bildiyinə görə öz sözlərini deməyə çalışırlar. Elektromobillər çox sürətlə daxiliyanma mühərrikli nəqliyyat vasitələrini bazardan çıxarmaqdadır. Bu da çox ciddi gəlirlərin əldən çıxması deməkdir. Elektromobillərin elektromaqnit dalğası yayması iddiasını ortaya atanlar mütləq elmi əsasını da göstərməlidirlər. Ümumiyyətlə, bu, yenilikdir. Bizim öyrəşdiyimiz ənənəvi avtomobillər də çox sınaqdan keçib. Hazırda benzinlə sürdüyümüz avtomobil vaxtilə elektrik mühərrikli maşın kimi istehsal olunub. Sonradan hansısa dəyişikliklər baş verib və keçiblər dizel mühərrikinə, neft və benzinə. Elektromobillər də müəyyən bir dövrdən sonra təkmilləşəcək. Su ilə idarə olunan avtomobillər meydana gələcək, fərqli texnologiyalar tətbiq olunacaq. Elektrikli nəqliyyat vasitələri gələcəyimizdir. Müasir dövrün yeni texnologiyasıdır, çox da səmərəlidir. Mümkündür ki, elektromobillərin bəzi modellərində müəyyən problemlər var. Amma bu problemlərin insan orqanizminə ziyanı barədə hər hansı bir elmi araşdırma yoxdur. Hər bir halda bu gün bundan üst texnologiya hələ yoxdur. Ola bilsin gələcəkdə hidrogen və digər yeniliklər tətbiq oluna bilər. Ancaq bu gün mövcud olan bunlardır”.
Ekspert təklif edir ki, binalar tikilərkən binalarda yaşayan insanların elektrikli nəqliyyat vasitələrinin olması da nəzərə alınmalıdır: “Düşünürəm ki, bu məsələlər kompleks yanaşmalar tələb edir. Bunu heç kim özbaşına gəlib etməyəcək. Görünür, sərt qərarlar, tapşırıqlar olmalıdır ki, sahibkarlar da bu işləri görsünlər. Bu gün paytaxtda bu sahədə vəziyyət yaxşı deyil. Elektrikdoldurma məntəqələri tələb olunandan azdır. Bölgələrdə isə elektrikdoldurma məntəqələri barmaqla sayılacaq qədər azdır. Elektrikdoldurma məntəqələri artırılsa, inkişaf bölgələrə də gedib çıxsa, Azərbaycanda elektromobillərə maraq kəskin şəkildə artacaq”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
14 Mart 2025
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ