Onlayn ictimai-siyasi qəzet
Bu gün İqtisad Universitetində iqtisadçı - ekspert Eldəniz Əmirovun “Avrasiyanın Arteriyaları” adlı kitabının təqdimat mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, təqdimat mərasimində dövlət qurumlarının səlahiyyətli nümayəndələri, millət vəkilləri, iqtisadçılar və digər ictimai siyasi xadimlər iştirak ediblər.
Eldəniz Əmirov çıxışında qeyd edib ki, üzərində iki ildən çox çalışdığı kitab Azərbaycanla yanaşı, Amerikanın, Çinin, Rusiyanın və digər dünya nəhənglərinin üzərində mübarizə apardığı Avrasiyanın 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqındadır:
"Burada bu dəhlizlərin yaranma tarixi, əhatə coğrafiyası, texniki-iqtisadi göstəriciləri, iştirakçı ölkələr və bu ölkələrin toqquşan maraqları, hər dəhliz komponenti uğrunda gedən müharibələr və perspektivlərinə dair təhlillər verilib. Eyni zamanda kitabda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin ayrı-ayrılıqda qlobal geosiyasətin əsas kompanentinə necə çevrildiyinin detalları incəliklə təqdim edilib".
Müəllif əlavə edib ki, Rusiya dəhlizlərinin ABŞ tərəfindən necə sıradan çıxarılması, Çinin Rusiyanın bu vəziyyətində neçə məharətlə istifadə etməsi, Türkiyədə Qaz Habının yaradılmasının nə üçün mümkün olmayacağı, bizim Cənub Qaz Dəhlizimizdən 10 dəfə böyük tutumu olan Rusiyanın “Şimal Axını”nın Baltik dənizinin dibində necə partladıldığı və onun gələcək aqibəti, Çinin “Kəmər və Yol Təşəbbüsü”nün hansı ölkələr üçün fəlakətə çevrilməsi, C.Baydenin təşəbbüsü ilə irəli sürülən İMEC dəhlizi və İsrail-Həmas müharibəsi arasında əlaqə və ehtimal edilən perspektivləri və digər maraqlı məqamlar kitabda geniş şəkildə öz əksini tapıb. Buna görə də kitabın Azərbaycanla yanaşı, tərcümə edilərsə, Rusiya və Türkiyə, eləcə də digər ölkələrdən olan oxucular üçün də maraq doğuracağını gözləyirəm. Bu vəsaiti kitabxanalara, ali təhsil müəssisələrinə verməyə hazıram".
Tədbirdə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Paşa Holdinqin rəsmisi Fuad İbrahimli, Energetika nazirinin müşaviri Zəminə Əliyeva da çıxış ediblər. Qeyd olunub ki, kitab olduqca gərəklidir, nəinki universitetlər üçün eləcə də, investorların masaüstü kitabı hesab edilə bilər.
Millət vəkilləri Jalə Əliyeva, Azər Badamov, Aydın Hüseynov da təqdimat mərasimində çıxış ediblər. Vurğulanıb ki, kitabda nəinki müxtəlif dəhlizlər barədə məlumat verilib, həm də rəqəmsal, yaşıl dəhliz haqqında da yeniliklər var.
Afaq Mirayiq,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ