Onlayn ictimai-siyasi qəzet
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 19-da mitinq keçirməklə bağlı müraciətinə cavab verib. BŞİH mitinqin keçirilməsini məqbul saymayıb. Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun “28 May” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.
Onu da xatırladaq ki, BŞİH göstərilənləri, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsini nəzərə alaraq 5 may 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini də məqsədəuyğun hesab etməmişdi.
Qeyd edək ki, 19 may aksiyası üçün Milli Şura yeni tələb irəli sürüb.
Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq radiosu”na deyib ki, Azərbaycanın 22 fevral 2022-ci ildə Rusiya ilə bağlanmış müqavilədən (Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən söhbət gedir) imtina etməsini tələb edirlər. C.Həsənli iddia edir ki, bu sənəddə Azərbaycanın suverenliyini məhdudlaşdıran maddələr var.
“Orada məsələn, Azərbaycanla Rusiya arasında xarici siyasətin koordinasiya edilməsi var. Bu nədir? Azərbaycan öz istədiyi kimi xarici siyasət yeridə bilməz. Xarici siyasəti Rusiya ilə koordinasiya etməlidir, Rusiyanın maraqlarını gözləməlidir. O sazişdə 6-7 maddə Azərbaycanın suverenliyini məhdudlaşdırır”,- deyə C.Həsənli bildirib.
Onu da qeyd edək ki, mayın 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko arasında görüş olub. “Səfir Peter Mixalko ilə görüşdə Azərbaycan - Avropa əlaqələrini, Azərbaycanın Avropa İttifaqına inteqrasiya perspektivlərini müzakirə etdim. Cənab Mixalko ilə bugünkü görüşdə həmçinin ölkəmizdəki siyasi məhbus, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, seçki islahatı problemlərini də müzakirə etdik”, AXCP sədri Əli Kərimli "X" Platformasında yazıb.
Son günlər AXCP sədrinin video-müsahibələrində bu görüşdən təsirləndiyi hiss olunmaqdadır. Gürcüstanda baş verən olaylara Qərb təsisatlarının, eləcə də Avropa Birliyinin fəal müdaxiləsi Ə.Kərimlini də “ruhlandırıb”.
AXCP sədri “Meydan” TV-yə açıqlamasında 19 may tarixinə mitinq anonsu verib. Üstəlik, ona da bildirib ki, əgər bu dəfə də mitinq bəyanına müsbət cavab almasa, gözlənilən parlament seçkisində iştirak etməyəcək. Təbii ki, Kərimli bunu birbaşa mitinq bəyanına razılıq verilməsi ilə əlaqələndirməyib, ümumi olaraq “indiki şərait qalacağı təqdirdə seçkidə iştirakın mümkünsüzlüyünü” vurğulayıb.
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycan bir növ təhlükəsizlik adasına bənzəyir. Burada sabitlik hökm sürür, dövlətimizin apardığı siyasət nəticəsində böyük qüvvələrin oyunları pozulur, vətəndaşlarımız bu qarışıqlıqdan kənarda, sakit şəkildə yaşayırlar. Ancaq təbii ki, buna mane olmaq istəyən xarici qüvvələr dayanmırlar. Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Hər kəsə bəllidir ki, Milli Şuranın indiki vaxtda əsl məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq, yuxarıda dediyimiz sabitliyi pozmaq, xarici qüvvələrin ölkəmizə nüfuz edərək istədikləri siyasəti yürütmələrinə şərait yaratmaqdır. Siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan radikalların hər zaman olduğu kimi tək ümidi küçə iğtişaşlarıdır.
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, Əli Kərimli, Cəmil Həsənli və digərlərinin uzun müddətli susqunluqdan sonra heç bir ciddi arqument olmadan “mitinq sevdası”na düşmələri təsadüfi deyil və bu adamlar hər zaman olduğu kimi bəzi Qərb ölkələrinin və təsisatlarının Gürcüstanda hərəkətə gətirilən təsir agentləriylə sinxron hərəkət edirlər: “Sirr deyil ki, Əli Kərimli və başıpozuq dəstəsi 2010-cu ildən, xarici təsir agentlərinin fəaliyyətini hüquqi vasitələrlə tənzimləyən normativ aktların qəbulundan sonra uzun müddət ABŞ Milli Demokratiya Fondunun (NED), Milli Demokratiya İnstitutunun və digərlərinin Gürcüstandakı tör-töküntüləri - “Beynəlxalq şəffaflıq – Gürcüstan”, “Gürcüstanın demokratik təşəbbüsü”, “Gürcüstan - hüquqlar”, eləcə də “Açıq Cəmiyyət İnstitutu” vasitəsilə, təbii ki, qanunsuz yollarla maliyyələşiblər. Əli Kərimlinin emissarlarının Gürcüstandan ölkəmizə daşıdığı pullarla bağlı faktlar, istintaq və məhkəmə araşdırmalarını əks etdirən məlumatlar mediada dəfələrlə yayımlandığı üçün bu məsələyə təkrar toxunmayacağam. Qərbin Cənubi Qafqazda marionet hökumətlərin yaradılması ilə bağlı ssenarisi uzun illərdir ki, davam edir. 2003-cü ildən etibarən bölgənin təhlükəsizlik konfiqurasiyasının dəyişdirilməsinə, plasdarma çevrilməsinə dəfələrlə cəhdlər olub və müəyyən fasilələrlə uğursuzluğa düçar edilib. Qərbin 2008-ci ildə Gürcüstanda həyata keçirmək istədiyi provakasiyanın qonşu ölkə üçün ağır nəticələrə yol açması, proseslərin müəyyən qədər səngiməsinə, açıq hücum ssenarilərinin təxirə salınmasına zəmin yaradıb. Əslində, 2018-ci ildə Ermənistanda işə salınan ssenari 2020-ci ildə Gürcüstanda davam etməliydi (Bununla bağlı Gürcüstanın Baş nazirinin, Milli Təhlükəsizlik Şurasının açıqlamalarıyla açıq resurslardan məlumat əldə etmək olar). Ancaq 2020-ci il sentyabrın 27-də başlayan və işğalçı Ermənistan Ordusunun acınacaqlı məğlubiyyəti ilə başa çatan İkinci Qarabağ Müharibəsi Ermənistandan başladılan prosesin Gürcüstana sıçramasına imkan vermədi. Hazırda isə, biz Gürcüstanda Qərbin növbəti həmləsini müşahidə edirik və qənaətimə görə, bu dəfə cərəyan edən hadisələr Qərbin Cənubi Qafqazdakı casus şəbəkəsinin sonunu gətirəcək. “Fit müxalifəti”nin klassik obrazlarından olan Əli Kərimlinin əndişəsi də bundadır. Çünki, bu ilin sonlarından, 2025-ci ilin əvvəlindən başlayaraq, təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqazda xarici maraqların ifadəçilərinin siyasi səhnədən iti qovan kimi qovulacağına şahidlik edəcəyik. Bu aralıq zaman kəsiyi “fit müxalifəti”nin “it müxalifəti”nə tranformasiyasının sonuncu mərhələsidir. Bu adamın təhdidinin mahiyyətinə diqqət yetirsək, onun real durumunun əsl səbəbini müəyyənləşdirə bilərik. Parlament seçkilərinə iştirak etməyəcək? Uzaqdan mandatın ucunu göstərsələr qaça-qaça qatılacaq seçkilərə, uça-uça gedəcək parlamentə... Yaxın tarixdə bu kimi halların neçə dəfə şahidi olmuşuq? Məgər parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edən, parlamentə qatılmayacağı barədə öhdəlik götürən və sonra isə imzasına tüpürüb özünü Milli Məclisə atan Əli Kərimli deyildi?”.
E.Mirzəbəyli bəlkə də indiyə qədər heç yerdə çap olunmayan konkret faktlarla Cəmil Həsənlini ifşa etdi:
“Cəmil Həsənli yaşından-başından utanmayıb danışır da? Bu maraq ovçusu, əqidəsinə yüz dəfə dönük çıxan rəzalət simvolu mandata görə neçə dəfə partiya dəyişdiyini unudub deyəsən... O unudubsa biz unutmamışıq. Bu şəxs həmişə öz korporativ maraqlarından çıxış edib. Vaxtilə Bakı Dövlət Universitetində AXC-yə üzv olanda da, bir müddət sonra AXC-ni tərk edib Milli İstiqlal Partiyasının sıralarına qoşulanda da, AXC hakimiyyətə gəldikdən və Əbülfəz Elçibəyin vəzifə təklifindən sonra yenidən AXC-yə qayıdanda da Cəmil Həsənli yalnız öz karyerasını düşünüb. Onun üçün nə ideoloji, nə siyasi prinsiplər, nə partiya təəssübkeşliyi, nə də ümummilli maraqlar heç bir önəm daşımayıb. Bu amil özünü Cəmil Həsənlinin parlamentdə təmsil olunduğu dövrlərdə və daha sonra mövcud hakimiyyətin ayırdığı maliyyə vəsaitləri ilə kitablar yazanda da büruzə verib. Cəmil Həsənli parlamentə getmək naminə təmsil olunduğu partiyadan istefa verib, parlamentdə təmsil olunduğu müddətdə hər il mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edərək baş əyib, gül dəstələri qoyub, nəinki mövcud iqtidarı, hətta onun ayrı-ayrı nazirlərini böyük canfəşanlıqla müdafiə edib, yazdığı kitablarda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider ölkəsinə çevrildiyini xüsusi olaraq vurğulayıb, günün birində isə yenidən vaxtilə imtina etdiyi Əli Kərimlinin yanına qayıdıb və birdən-birə bir zaman tərifləmək üçün yeni söz axtarışına çıxdığı hakimiyyətin ən qatı tənqidçisinə çevrilib. Hələ 2015-ci ildə Cəmil Həsənliyə ünvanladığımız suallar var və dünyada baş verən bütün proseslərə cavab tapmaq üçün hay-həşir qoparan bu uğursuz siyasətçi hələ də hər kəsin bildiyi suallara cavab verə bilməyib. Həmin sualları yenidən təkrarlayıram: 1. Cəmil Həsənli millət vəkili olanda iştirak etdiyi tədbirlər zamanı indi böyük canfəşanlıqla tənqid və ittiham etdiyi iqtidarın lideri Heydər Əliyevin məzarı önünə dəfələrlə gül-çiçək dəstəsi qoyub və baş əyib. Bu belədir, ya yox?! 2. Mövcud iqtidarın və Əliyevlər ailəsinin üzvlərinin verdiyi pulla tarix yazan bu “araşdırmaçı-alim” öz kitabında açıq və qabarıq şəkildə qeyd edib ki, “İlham Əliyevin liderliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib”. Bu belədir, ya yox?! 3. Cəmil Həsənli vaxtilə mandata görə Əli Kərimlidən və AXCP-dən imtina edib. Bu belədir, ya yox?! 4. Cəmil Həsənli bir zamanlar üzv olduğu AXC-dən AMİP-ə və AMİP-dən AXC-yə hansı səbəblərdən transfer edib? Göründüyü kimi, bu suallara cavab vermək üçün arxivlərdə araşdırma aparmağa ehtiyac yoxdur. İndi keçək Cəmil Həsənlinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə bağlı iddialarına:
Həsənli iddia edir ki, bu sənəddə Azərbaycanın suverenliyini məhdudlaşdıran maddələr var. “Orada məsələn, Azərbaycanla Rusiya arasında xarici siyasətin koordinasiya edilməsi var. Bu nədir? Azərbaycan öz istədiyi kimi xarici siyasət yeridə bilməz. Xarici siyasəti Rusiya ilə koordinasiya etməlidir, Rusiyanın maraqlarını gözləməlidir. O sazişdə 6-7 maddə Azərbaycanın suverenliyini məhdudlaşdırır. İndisə Bəyannamənin 6 və 7-ci maddələrini olduğu kimi təqdim edirəm: “6. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər. 7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”.
Bu maddələrdə Azərbaycanın öz xarici siyasətini Rusiya ilə əlaqələndirməsi, Cəmil Həsənlinin ifadə etdiyi kimi “koordinasiya etməsi” harada yer alıb? Ölkələr arasında məsələhətləşmələrin aparılması və bu məqsədlə mexanizmlərin yaradılması nə zamandan məhdudlaşdırıcı amil olub? Bu adamın, ümumiyyətlə dövlətlərarası münasibətlərdən, xarici siyasətdən anlayışı var? Azərbaycan, az qala bütün ölkələrlə məsləhətləşmələr aparır və belə müddəalar dövlətimizin, nəinki strateji tərəfdaşlıq və müttəfiqlik münasibətində olduğu ölkələrlə imzaladığı sənədlərdə, hətta beynəlxalq hüququn subyekti kimi tərəfdaşlıq etdiyi subyektlərlə imzaladığı sənədlərdə də yer alıb. Nümunələr gətirəcəyəm: Azərbaycan Respublikası ilə Macarıstan (Avropa İttifaqının və NATO-nun üzvü) arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən iqtibas: “- İkitərəfli münasibətləri, qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün xarici işlər üzrə məsul nazirlərin və ya səlahiyyətli nazir müavinin həmsədrliyi ilə hər il, növbəlilik əsasında, Azərbaycanda və Macarıstanda keçirilən və lazım olduğu təqdirdə, Tərəflərin digər nümayəndələrinin də iştirak etdiyi Strateji Dialoqun təsis edilməsi; - Ümumi maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə dialoq və praktiki əməkdaşlığı təşviq etmək məqsədi ilə müntəzəm yüksək səviyyəli siyasi məsləhətləşmələr, eyni zamanda belə məsləhətləşmələrə dəstək vermək üçün yüksək vəzifəli rəsmilər arasında görüşlər; - İxtisaslaşmış qurumları və institutları da daxil olmaqla Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Avropa Şurasında, həmçinin Aİ, NATO ilə bağlı məsələlərdə və digər beynəlxalq və regional forumlarda genişləndirilmiş əməkdaşlıq”.
“Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası (Avropa İttifaqı və NATO-nun üzvü) arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamədən iqtibas: (- İkitərəfli münasibətləri, qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün xarici işlər üzrə məsul nazirlərin və ya səlahiyyətli nazir müavinlərinin həmsədrliyi ilə, hər il növbəlilik əsasında Azərbaycanda və Bolqarıstanda keçirilən və lazım olduğu təqdirdə Tərəflərin digər nümayəndələrinin də iştirak etdiyi Strateji Dialoqun təsis edilməsi; - Ümumi maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə dialoq və praktiki əməkdaşlığı təşviq etmək məqsədi ilə müntəzəm yüksək səviyyəli siyasi məsləhətləşmələr, eyni zamanda belə məsləhətləşmələrə dəstək vermək üçün yüksək vəzifəli rəsmilər arasında görüşlər; - İxtisaslaşmış qurumları və institutları da daxil olmaqla Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Avropa Şurasında, həmçinin Aİ, NATO ilə bağlı məsələlərdə və digər beynəlxalq və regional forumlarda genişləndirilmiş əməkdaşlıq”. Bu müddəalar Azərbaycan Respublikasının strateji tərəfdaşlıq və müttəfiqlik münaibətlərində olduğu bütün dövlətlər, o cümlədən Avropa İttifaqına və NATO-ya üzv olan ölkələrlə imzalanan bütün bəyannamələrdə yer aldığı üçün təkrarlamayacağam. Bu adamın həyasızcasına yalan danışdığı göz qabağındadır. Zənnimcə əlavə şərhə ehtiyac yoxdur”.
Cavanşir ABBASLI
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ