Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cozep Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddialara münasibət bildirib.
“Brussels Signal”a müsahibəsində Elçin Əmirbəyov Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrelin açıqlamasını reallığı əks etdirməyən fikirlər kimi qiymətləndirib.
Musavat.com müsahibənin tam mətnini təqdim edir:
Salam. Mənim adım Castin Steysdir və biz Avropa Ittifaqının mənzil qərargahının iki addımlığında yerləşən "Brussels signal" media şirkətinin studiyasındayıq və bugün Elçin Əmirbəyovu burada görməkdən çox şadıq. Xoş gəlmisiniz. Hər vaxtınız xeyir.
-Hər vaxtınız xeyir.
-Cənab Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tapşırıqlar üzrə nümayəndəsidir və o, buraya, Brüsselə təkcə bizimlə görüşmək üçün deyil, Belçikanın və buradakı beynəlxalq qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirmək üçün gəlmişdir. Aydındır ki, Belçika Aİ Şurasının hazırkı sədridir. Gəlin, zəhmət olmasa, birbaşa bugünkü əsas xəbərlərə keçək. Cənab Əmirbəyov, eşitdiyimiz ən son xəbər, Azərbaycanla Ermənistan arasındakı sərhəddə baş verən atışmada dörd erməni əsgərinin öldürülməsidir. Ən son məlumatınız nələrdir?
-Sualınıza görə sağ olun. Hər şeydən əvvəl məni “Brussels siqnalı” verilişinə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bəli, həqiqətən, bu xəbər çox təəssüfedici idi, amma qeyd edim ki, bu son atışma dünən Ermənistanla Azərbaycan arasındakı şərti sərhəd boyunca bir neçə aydır davam edən nisbi sakitlikdən sonra, Ermənistan tərəfinin heç bir səbəbsiz atəşkəs rejimini kobudcasına pozması və onların snayperlərindən birinin Azərbaycan tərəfindəki sərhədçilərdən birini ağır yaralaması ilə başladı. Və əslində bu, çox təəssüfləndiyimiz qarşıdurmaya səbəb oldu, çünki bunun ardınca digər itkilər də gəldi. Azərbaycan bu atəşkəs rejiminə çox sadiq idi, çünki biz hal-hazırda sülh sazişinin mətninin razılaşdırılması üzərində çalışırıq, və diplomatlar danışarkən vəziyyəti sakit saxlamağın nə qədər vacib olduğunu bilirik. Ümid edirik ki, bu hadisədən sonra daha çox toqquşmalar olmayacaq. Azərbaycan dəfələrlə sülh prosesinin mövcudluğunu qoruyub saxlamağa tam sadiq olduğunu bəyan edib. Biz Ermənistan tərəfi ilə iki ölkə arasında danışıqların predmeti olan sülh sazişi layihəsinə dair təkliflər mübadiləsini davam etdiririk. Eyni zamanda, son aylarda Ermənistan və Azərbaycan Sərhəd Komissiyalarının sərhədin delimitasiyasına cavabdeh olan baş nazir müavinlərinin başçılıq etdiyi heyətlər iki iclas keçirdib. Dinləyicilərimizə izah etmək üçün bildirirəm ki, 1991-ci ildə hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra Ermənistanla Azərbaycan arasındakı sərhəd heç vaxt dəqiq müəyyənləşdirilməyib.
- Sovet dövründən bəri.
- Bəli Sovet dövründən bəri, çünki Sovet İttifaqı dövründə bu, sadəcə SSRİ-nin bir hissəsi olan iki sovet Sosialist Respublika arasındakı İnzibati sərhəd idi. Və uzunluğu 1000 km-dən çox olan bu sərhədin 100 km-dən çox olan bir hissəsi hətta sovet vaxtında delimitasiya edilməmişdi.
- Atışma burada baş verib?
- Xeyr, atışma əsasən Avropa Birliyinin Müşahidə Missiyasının yerləşdiyi bir əraziya yaxın olan bir yerdə baş verdi və burada qeyd etməliyəm ki, təəssüf ki, son vaxtlar bu Avropa İttifaqının müşahidə missiyasının əsas məqsədlərini yerinə yetirmədiyinə dair bəzi əlamətlər görürük, çünki Avropa Birliyinin müşahidə missiyasının bəyan olunmuş əsas məqsəd Ermənistanla Azərbaycan arasında etimad səviyyəsini artırmaq və yerləşdiyi bölgədə gərginliyi azaltmaq idi. Gördüyümüz kimi, son bir neçə həftə ərzində bir sıra hadisələr baş verdi. Biz artıq Aİ-yə üzv ölkələrdən olan müxtəlif səfirlərin, digər rəsmilərin, bəzi Aİ-yə üzv ölkələrdən olan hətta yüksək rütbəli hərbçilərin sərhədin bu hissəsinə müntəzəm səfərlərini görürük, burada onlar şəkillər çəkirlər, Azərbaycan tərəfinə durbinlə baxırlar, bunu hansısa bəyanatlarla müşayiət edirlər. Beləliklə, bu, yəqin ki, bu Aİ missiyasının iştirakı ilə atəşkəsi poza biləcəklərini düşünən Ermənistan tərəfinə müəyyən mənada cəsarət qazandıran və bu faciəli nəticələrə səbəb olan amildir. Biz isə hesab edirik ki, qarşı tərəf bunun əvəzinə sülh axtarışına yenidən səmimiyyətlə qoşulmalıdır. Qeyd etməliyəm ki, təəssüf ki, Ermənistan hökumətinin Baş nazir, xarici işlər naziri və digər rəsmi şəxslər səviyyəsində edilən rəsmi bəyanatları ilə Ermənistan tərəfinin hazırki həqiqi hərəkətləri arasında böyük uyğunsuzluq var.
- İcazənizlə sözünüzü kəsim. Bir neçə məqamı qeyd etdiniz. Əvvəlcə atışmaya qayıdaq. Barışıq bitdi? Yəni məncə, belə olmadığına ümid etdiyinizi söyləyəcəksiniz, amma bilmək istəyirəm ki, bu gün vəziyyət necədir? Yenə sakitlik, yoxsa yox?
- Bəli, son təxribat xeyli narahatlıq doğurur, çünki qeyd etdiyim kimi, aylarla davam edən tam sükutdan sonra, bu cür insident yaşamadığımız zaman, sərhədçimizin əsassız ağır yaralanması ilə nəticələnən atəşkəs rejiminin pozulması ilə üz üzə qalırıq. Yenə də deyirəm, ağır yaralanan bizim sərhədçimiz olmuşdur. Və əlbəttə ki, buna cavab olaraq tərəfimizdən adekvat cavab verildi, lakin ümid edirəm ki, bu, atəşkəsin davamlə pozulmasına çevrilməyəcək, çünki hər iki tərəf heç bir hərbi əməliyyatı bərpa etməməyi və açıq qalan həll olunmamış məsələləri yalnız sülh yolu ilə həll etməyə çalışmağı öhdəsinə götürüb.
- Aydındır. Ancaq bu gün sərhəddəki qüvvələriniz hücuma səfərbər olunurmu?
- Bu haqda dəqiq məlumatım yoxdur, lakin bunun belə olduğunu düşünmürəm. Azərbaycan tərəfinin niyyəti qarşı tərəfə bildirmək idi ki, bu kimi təhlükəli və məsuliyyətsiz hərəkətlər bizim üçün qəbuledilməzdir. Dediyim kimi, çox təəssüf ki, Eralıdırmənistan tərəfi artıq bir neçə aydır mövcud olan bu rejimi pozmaq qərarına gəlib. Ona görə də ümid edirəm ki, bu, vəziyyətin daha da pisləşməsinə gətirib çıxarmayacaq. Öz tərəfimizdən biz sülh gündəmini daha da irəli aparmağa Ermənistan tərəfi ilə lazımi səyləri davam etdirməyə hazırıq. - yaxşı . Və qeyd etdiyiniz başqa bir şey Aİ müşahidəçilərinin roludur. Məyus olmusuz kimi səslənir və ya Aİ-nin bu münaqişədəki rolu ilə bağlı bir növ narahatlıq var. Bir az daha izah edə bilərsinizmi?
-Prinsipcə, məyusluğumuzu Aİ-nin bütövlükdə roluna şamil etməzdim, çünki Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində iştirakının əsas hissəsini 2021-ci ilin yayından etibarən Avropa İttifaqı Şurasının prezidenti, Belçikanın keçmiş Baş naziri cənab Şarl Mişel oynayıb..Beləliklə, onun rolu və şəxsi iştirakı Azərbaycanda kifayət qədər müsbət qiymətləndirilir, çünki biz həqiqətən inanırıq ki, o, bu məsələdə tərəflərə dəstək vermək istəyindədir. Burada biz daha çox Aİ-nin Müşahidə missiyasından danışırıq ki, bu missiya əslində Ermənistanla Azərbaycan arasında etimad səviyyəsini artırmaq üçün aydın mandat əsasında formalaşıb. Bu gün aydın olan budur ki, missiya özünün mənasız “binokulyar diplomatiya”sını yürüdərək qıcıq mənbəyinə çevrilib və nəticə etibarılə məqsədinin əksinə doğru fəaliyyət göstərir. Fərz etmək olar kı, erməni əsgərlərini atəş açmağa təşviq edə biləcək amillərdən biri də missiyanın onlara bir növ verdiyi arxayınlıq olmuşdur.
Bunun necə olduğunu anlamağa çalışıram. Siz deyirsiniz ki, Aİ-nin orada müşahidəçiləri olduğu üçün ermənilər onların mövcudluğundan istifadə etdilər. Müşahidəçilər hər iki tərəfdən deyilmi
- Xeyr, müşahidəçilər yalnız Ermənistan tərəfindədirlər, çünki onların Azərbaycanda olma şərtləri bizimlə razılaşdırılmayıb. Və əslində, Aİ-nin burada mövcudluğu Azərbaycanın iştirakı və razılığı olmadan həll edilmiş bir məsələ idi. Eyni zamanda, demək istədiyim odur ki, Aİ-nin müxtəlif rəsmilərinin, o cümlədən səfirlərin, eləcə də hərbçilərin sərhədə yaxın bölgəyə tez-tez həyata keçirilən bu səfərlər Azərbaycan tərəfində lazımsız qıcıq yaradır və vəziyyəti gərginləşdirir. Bunların hamısə heç də iki tərəf arasında etimadın artırılmasına yönəlmiş addımlar deyil. Üstəlik, onların iddia etdikləri “nailiyyətlər” reallığı əks etdirmirlər. Sərhəddə heç bir zorakılığın olmaması və ya heç bir gərginliyin baş verməməsi ondan irəli gəlirdi ki, Azərbaycan atəşkəsə riayət etmək öhdəliyinə çox ciddi yanaşır və həll olunmamış problemlərin danışıqlar yolu ilə həllinə çalışır.
- Bəs Avropa İttifaqı ilə Azərbaycan arasındakı bugünkü münasibətləri necə xarakterizə edərdiniz?
- Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin artıq uzun tarixi var. Bu əlaqələr uzun illər müsbət dinamikası ilə seçilir və müxtəlif sahələri əhatə edir. Onlar yalnız Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında rolu ilə məhdudlaşmır. Münasibətlərimizin əsas məqamlarından biri enerji sahəsində strateji əməkdaşlıq olmuşdur. Azərbaycan 2006-cı ildən Avropanın enerji təhlükəsizliyinə etibarlı töhfəçidir və bu rol Rusiya ilə Ukrayna arasında davam edən müharibə kontekstində hətta daha də güclənib. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Bakıda Avropa Komissiyasının sədri Ursula Fon der Leyenin səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə enerji əməkdaşlığı sahəsində strateji tərəfdaşlıq haqqında sənədlər imzalanmışdı. Bu gün də təbii qazımızı alan AB üzv ölkələrinin coğrafiyası genişlənir. Beləliklə, ondan çox ölkə artıq bunu həyata keçirir. Enerji və enerji təhlükəsizliyi ilə bağlı mövzudan başqa da, hər iki tərəfdən nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafına böyük maraq var. Çünki xəritəyə baxıb bugünkü daha böyük regionumuzda geosiyasi vəziyyəti nəzərə alsanız, Cənubi Qafqaz və Orta Asiyanın, Asiyadan Qərbi Avropaya nəqliyyat bağlantısının gücləndirilməsinə və qitələrarasə ticarətin artırılmasına kömək edə biləcək Orta dəhliz rolunu oyanaya biləcəyini aydın şəkildə başa düşürük. Bu baxımdan Avropa İttifaqı bizimlə bu sahədə də öz əməkdaşlığını dərinləşdirməkdə maraqlıdır.. Ancaq enerji haqqında danışanda söhbət yalnız neft və qazdan deyil, eyni zamanda, bərpa olunan enerji növlərindən də gedir, biz “yaşıl" enerjiyə keçid məsələsində də Avropa İttifaqı ilə əməkdaşlıq edirik. Bərpa olunan enerji mənbələri sahəsində Azərbaycan artıq bu keçidə başlamışdır. Azərbaycan bu ilin noyabr ayında COP 29 tədbirinə ev sahibliyi edəcəyi üçün bu, həm də Azərbaycana və Avropa tərəfdaşlarına COP 29-un uğurundan əmin olmaq və bu yaşıl keçidin təmin edilməsində bir-birlərinə kömək etmək üçün əməkdaşlıqda iştirak etmək üçün əlavə imkanlar yaradır.
- Zəhmət olmasa, gərginliyə qayıdım, çünki o, ölkənizlə Avropa İttifaqı arasında müsbət münasibətlərin təsvir etdiniz. Bununla belə, Prezident Əliyevin ərazi iddiaları ilə bağlı narahatlıqlardan bu yaxında danışan Cozef Borrell kimi Aİ yüksək vəzifəli məmurlar var idi və keçən il “Brüssel signal” studiyasına gələndə erməni səfiri açıq-aydın bu mövzunu gündəmə gətirdi. Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları varmı?
- Bu suala görə təşəkkür edirəm, və bu fürsətdən istifadə edərək bu ittihamları tamamilə rədd edirəm. Cənab Borrell-in bu açıqlamalarının reallığı tamamilə əks etdirmədiyinə əminik. Biz onlara əsassız ittihamlar kimi baxırıq. Lakin biz onu da başa düşürük ki, Şarl Mişelin timsalında Avropa İttifaqı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdirilməsində, o cümlədən Avropa İttifaqının vasitəçilik rolunda maraqlıdır. Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları yoxdur. Azərbaycan Bütün bu onilliklər ərzində yalnız öz ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olmaq üçün mübarizə aparıb. Çünki, yəqin ki, bildiyiniz kimi, təxminən 28 il ərzində keçmiş Dağlıq Qarabağ bölgəsi və ona birləşik yeddi digər rayonumuz Ermənistan Respublikasının qanunsuz işğalı altında idi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yalnız ötən ilin sentyabrında nail olunmuşdur. İndi də Azərbaycan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qeyri-qanuni xarici hərbi iştirakı olan sülh yolunda əsas maneənin öhdəsindən gəldiyindən, həqiqətən, qəti sülhə, davamlı ola biləcək və imzalanmalı olan sülh müqaviləsində təcəssüm etdirilə biləcək sülhə nail olmaq üçün yaxşı imkanlarımız var. Bundan başqa, biz sülh yolunda duran bir çox məsələləri həll etməliyik. Məsələn, biz birmənalı şəkildə əmin olmalıyıq ki, Ermənistanın Azərbaycana qarşı həqiqətən heç bir ərazi iddiası yoxdur. Bunu eşitmək sizin üçün təəccüblü ola bilər, amma baş nazir Paşinyan və onun komandası Azərbaycanın ərazi bütövlüyünün tanınmasından və Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyini tanıdıqlarından danışanda, əslində Ermənistan Konstitusiyası hələ də Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir, bu eyni zamanda 1991-ci ildə Ermənistan tərəfindən qəbul edilmiş müstəqillik bəyannaməsinə də aiddir.
- Aydındır .
-Bundan başqa, Ermənistan parlamenti bir sıra qanunlar qəbul edib ki, hər hansı bir erməni rəsmisinin hər hansı bir ölkə ilə Azərbaycanın Qarabağ regionu üzərində suverenliyinin tanınmasını nəzərdə tutan hər hansı sənəd imzalamasını qadağan edir. Bundan əlavə, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, 2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycana qarşı çoxsaylı məhkəmə iddiaları ilə Beynəlxalq Məhkəməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Bu işlərə dair sənədlər Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddialarını açıq şəkildə göstərir.
- Bunlar məncə sülh danışıqları yolu ilə həll edilə biləcək məsələlərdir. Qeyd etməliyəm ki, siz sülh danışıqlarında iştirak etmisiniz, elə deyilmi?
- Bəli, belədir. Biz gözləyirik ki, Ermənistan Azərbaycan tərəfinin bütün bu tələblərinə ciddi diqqət yetirəcək, çünki bu məsələləri həll etmədən biz etimad problemini həll edə bilməyəcəyik və sülh sazişini imzalaya bilməyəcəyik. İnam və etibar məsələsi sülhün irəliləməsi üçün zəruri elementlərdir. Onu da yaddan çıxarmamalıyıq ki, Azərbaycanın şimal-qərb bölgəsində yerləşən dörd kəndimiz hələ 1991-ci ildən erməni işğalı altındadır və biz Ermənistandan tələb edirik ki, öz qüvvələrini həmin ərazilərdən çıxarsınlar. Gördüyünüz kimi, problemlər çoxdur və onlar öz həllini gözləyir.
- yaxşı . Mən sadəcə olaraq bu ərazi iddiaları ilə bitirmək istəyirəm, çünki Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlar var idi ki, bu dəhliz potensial olaraq Ermənistan ərazisi hesabına ölkənizin əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirə bilər. Sadəcə məsələ ilə bağlı sizə bir daha mövqeyinizi açıqlamağa imkan vermək istəyirəm. Bu əraziyə ərazi iddiasının olmadığını iddia edirsiniz? Düzdür?
- Bu tamamilə doğrudur. Azərbaycan tərəfi dəfələrlə açıq şəkildə bəyan edib ki, ölkəmizin iki hissəsi arasında rabitə əlaqəni bərpa etmək istəyimizdə biz bunu Ermənistanın ərazisini zəbt etmək yolu ilə təmin olunmasını düşünmürük. biz bu rabitə xəttinin bərpa olunmasının tərəfdarıyıq, və bu bağlantı sovetlər dövründə mövcud idi Dediyimiz sadəcə odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Öhdəliklərdən biri 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli atəşkəs sazişindən irəli gəlir. Onlar Azərbaycanın iki hissəsi arasında bu əlaqəni təmin etməyə razılaşıblar. Çünki bu yolla bu Naxçıvan Muxtar Respublikası təcrid vəziyyətinə son qoyulmuş olacaq. Bununla belə bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Biz bu dəhlizi hərbi yolla ələ keçirmək istəmirik. Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsi arasında bağlantı deyil, həm də bu, orta dəhlizin alternativ marşrutuna çevrilə bilər. Fikir verin, bu gün Ermənistan istənilən regional iqtisadi layihədən tamamilə təcrid olunub Azərbaycanla münaqişəsi və Türkiyə ilə həll olunmamış problemlərinə görə tamamilə oyundan kənardır. Beləliklə, biz bunu hər iki tərəfin qazandığı vəziyyətə çevirməyə çalışırıq. Sülhdən Ermənistan da faydalana bilər. Ancaq bunun faydalarını dərk etmək istəmirlərsə, biz buna təkan verməyəcəyik.
- Alternativ planınız varmı? Məqsəd hərbi yolla əldə edilməyəcəksə.
- Bunun üçün bizim B planımız var. Əgər Ermənistan bu əlaqənin öz ərazisindən keçməsini istəmirsə, və təklifimizin bəhrəsini dərk etmək iqtidarında deyilsə, biz Naxçıvanla nəqliyyat bağlantısını İran vasitəsilə etməyə hazırıq. Biz İran tərəfi ilə bu barədə danışıqlara artıq çoxdan başlamışıq.
- Yaxşı, bu mövzunu ötək. Gəlin davam edək. İndi qayıdaq Aİ münasibətlərinə. Siz Aİ ilə münasibətlərin kifayət qədər müsbət mənzərəsini təsvir etdiniz. Buna baxmayaraq, Fransa Avropa İttifaqında böyük rol oynayır. Mən bilirəm ki, prezident Makron da şəxsən bölgədəki proseslərdə iştirak edib. Ötən ilin sonunda Azərbaycanın iki fransız diplomatını ölkədən çıxarması haqqında fikirlər doğrudurmu?
- Bəli, əslində Fransanın Azərbaycandakı səfirliyinin 2 əməkdaşının diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlərinə görə ölkədən xaric edilməsi olub.
- Bu, məncə, casusluq deməkdir.
-Əslində, bu sözü siz işlətdiniz (gülümsəyir) amma mahiyyət etibarilə bu fərdlər diplomat kimi etməli olduqlarını etmirdilər və nəticəsi də dediyiniz kimi oldu. Amma hər halda, Aİ və Azərbaycan münasibətləri arasındakı sualınıza qayıdaraq, hesab edirəm ki, biz Avropa İttifaqının təkcə bir dövlət deyil, 27 üzv dövlət olması mövqeyindən çıxış edirik. Avropa İttifaqının öz yaxın qonşuluğu olan ölkələrdə sabitliyin və təhlükəsizliyin qorunmasında və möhkəmləndirilməsində böyük marağı var. Bildiyiniz kimi, həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının bir hissəsidir. Beləliklə, biz inanırıq ki, Ermənistan və Azərbaycanın orada mövcud olan bu fürsət pəncərəsindən istifadə etməsinə, nəhayət, düşmənçilik səhifəsini bağlamasına, sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa imkan verilməsinə əmin olmaq bütövlükdə Avropa İttifaqının marağındadır. Nəhayət bu sülhdən faydalana biləcək mehriban qonşulara çevrilmək, çoxdan gözlənilən sülhü təkcə ölkələr deyil, uzun müddət bundan əziyyət çəkən insanlar gözləyirdi.
- Anladım. Və təbii ki, keçən il Fransa ilə Ermənistan arasında müdafiə sazişi var idi, düzdür?
- Bəli. Düşünürəm ki, Ermənistanın yeni öldürücü və hücum xarakterli silahlar almaq üçün getdikcə daha çox müqavilələr imzalamağa çalışması onların Azərbaycanla məsələni sülh yolu ilə həll etmək istəyi kimi bəyan etdikləri fikirlər ilə heç də uzlaşmır. Çünki dünyanın bir çox ölkələrindən, o cümlədən Aİ-nin aparıcı üzv ölkələrindən biri olan Fransadan öldürücü silahların alınması, mən hesab edirəm ki, yanlış istiqamətdə atılmış təhlükəli bir addımdır, çünki bu, əsasən, həm Ermənistanı, həm də Azərbaycanı gərəksiz və təhlükəli silah yarışına sövq edir və sülh perspektivləri çox çətin bir vəziyyətə salır.. Bizim Aİ-dən, avropalı tərəfdaşlardan və xalqlardan gözlədiyimiz bu deyil. Biz əks istiqamətdə hərəkət etmək istəyirik. Bu isə, geridə qalan problemlərin hər hansı hərbi həll yollarını unutmaq, və yenidən dinc, mənalı və nəticəyə yönəlmiş fəaliyyətlərlə məşğul olmaqdır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarının bu "fəlsəfəsinə" əhəmiyyət verməsə, mən bunu yalnız qismən sizə göstərmişəm, çünki başqa addımlar da var, onların səmimiliyinə inanmaq bizim üçün çətin olacaq. Çünki siz bir tərəfdən həm sülh haqqında danışa, sonra qonşu ölkəyə olan iddialarınızla bağlı bəzi hüquqi məsələləri həll etməyə cəhd edə və eyni zamanda hərbi potensialınızı gücləndirə bilməzsiniz.
- Eyni zamanda. Bəli, icazə versəniz daha iki mövzunu irəli sürüm. prezident Əliyev 92% səslə yenidən seçilir. Düzdür?
- Bəli . Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənmiş son rəqəmlər dəstəyin 92% - ni təşkil edir.
- İndi, məsələn, ATƏT namizədin qanuni rəqibləri olmadığı mənasında ədalətli olmayan seçkilər iddiasına necə reaksiya verirsiniz?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən həyata keçirilmiş müşahidə missiyasının nəticələri ilə tanış oldum. Onlar seçkinin və onun nəticələrinin legitimliyini şübhə altına almırlar. Əsaı isə odur ki, bu gün elan edilən nəticələr Prezident İlham Əliyevin Azərbaycan xalqı tərəfindən mütləq şəkildə dəstəkləndiyini açıq şəkildə göstərir. Prezident Əliyevin sonuncu dəfə seçildiyi zaman aldığı dəstəyin dərəcəsinə baxsanız, 80% - dən yuxarı idi. Beləliklə, onun daha da böyük dəstək qazanması, həmçinin, məharətli rəhbərliyi sayəsində, demək olar ki, üç onillikdə ərazi bütövlüyünün və suverenliyinin pozulmasından əziyyət çəkən Azərbaycan əhalisinin mütləq əksəriyyətinin ən vacib arzusunu reallaşdıra bilməsi ilə izah edilə bilər. Təsəvvür edirsinizmi, işğalın qızğın çağında Azərbaycanın hər yeddi vətəndaşından biri ya qaçqın, ya da məcburi köçkün idi? Bütün Azərbaycan boyu mədəni irs məhv edilib. Otuzillik münaqişənin toxunduğu bu rayonlar tamamilə dağıdılıb. İndi biz nəhayət tarixi ədaləti, eləcə də ərazi bütövlüyümüzü bərpa etdiyimizə görə, əlbəttə ki, bu, bütün Azərbaycan əhalisinin onun liderinə qeyd-şərtsiz dəstəyinin əlamətidir.
- 92% böyük nəticədir.
- Düzdür. Bu da Azərbaycan əhalisinin etimad dərəcəsindən xəbər verir.
- Bu, başqa real iddiaçıların olmadığını da göstərir. Niyə belədir?
- Ona görə ki, düşünürəm ki, Prezident Əliyevin seçdiyi kurs və bu kursun gətirdiyi nəticələr göstərir ki, əslində, bu gün Azərbaycanda onunla rəqabət apara biləcək bir alternativ siyasi fiqur və ya güc yoxdur. Mən hesab edirəm ki, Azərbaycan xalqı öz Prezidentinə inanır.
- Yaxşı, davam edək. Qəzza zolağı, İsrail, Həmas. Deyərdiniz ölkənizin mövqeyi nədir?
- Bəli, özü də uzun illər münaqişədən əziyyət çəkən Azərbaycanın mövqeyi, əlbəttə ki, bu vəziyyəti daha çox qan tökülmədən həll etməkdir. Çox qan töküldü. Düşünürəm ki, zorakılığa son qoyulmalıdır. Və bütün beynəlxalq ictimaiyyətə bu problemin həllinə nail olmaq şansı verilməlidir, çünki biz özümüz bundan çox əziyyət çəkmişik və sülhün adi insnlar üçün nə qədər vacib bir məfhum olduğunu gözəl anlayırıq. Bu münaqişə nəticəsində on minlərlə vətəndaşımızı itirdik. Tərəflər bir-biri ilə razılaşmasalar da, bunu danışıqlar masasında həll etməyə çalışmalıdırlar.
- Bu o deməkdirmi ki, siz atəşkəsin tərəfdarısınız?
- Bəli, bütün dünya kimi, biz də bu qan tökülməsinin dayandırılmasını istəyirik.
- Ölkənizin əksəriyyətinin müsəlman olduğunu düşünməkdə haqlıyam? Mən bilmirəm. Etnik vəziyyət necədir?
- Bəli, Azərbaycan dinin dövlətdən konstitusiya ilə ayrıldığı dünyəvi respublikadır, bu həm də bizim həyat tərzimizdir. Eyni zamanda, ölkənin mütləq əksəriyyəti müsəlmanlardır. Onların əksəriyyəti şiələrdir, lakin sünnilər də var. Eyni zamanda, çoxmillətli və çoxkonfessiyalı tərkibə malik ölkədir. Bizdə bütün digər əsas dinlər təmsil olunur və bu, müxtəlif dinlərdən və etnik qruplardan olan ölkələrin dinc yanaşı yaşaması modellərindən biridir. Azərbaycanda 50-dən çox, etnik qrupumuz təmsil olunur ki, onların hüquqları konstitusiya və qanunla bərabər hüquqlarla təmin olunub. Biz bu fərqlilik müxtəlifliyi ilə çox qürur duyuruq, çünki düşünürəm ki, bu, Azərbaycanın bir millət kimi dayanıqlığına əlavə güc verir.
- Sonra siz Dağlıq Qarabağı xatırladınız və mən sadəcə ona qayıtmaq istədim. Keçən dəfə səfiriniz burada, studiyada olarkən biz qaçqınlardan, Dağlıq Qarabağdan 100 minə yaxın qaçmış etnik ermənilərdən danışmışdıq. qalanlar var?
- İlk əvvəl, icazə verin, sizi düzgün terminologiyaya əməl etməyə dəvət edim, çünki Dağlıq Qarabağ əvvəllər yaradılmış sovet termini idi. Bu gün Azərbaycanın Qarabağ bölgəsi var. Deməli, Dağlıq Qarabağ bunun köhnəlmiş və istifadədən çıxmış adıdır. İkincisi, bəli, biz köçkünlərdən danışanda, təbii ki, bu, hər iki ölkə üçün aktual olan məsələdir, çünki Ermənistanda münaqişənin başlanğıcına, münaqişə başlamazdan əvvəl orada 300 min etnik azərbaycanlı yaşayırdı və onlar sonradan etnik təmizləməyə məruz qalmışlar. Üstəlik, Azərbaycanın daxilində 750 min azərbaycanlı məcburi köçkün, olub. İkisinin fərqi odur ki, onlardan biri beynəlxalq sərhədi keçib, bunlar qaçqındır, digərləri isə yox. Təbii ki, Azərbaycan tərəfinin ərazimizdə qeyri-qanuni xarici hərbi mövcudluğa son qoymaq üçün həyata keçirdiyi bu bir günlük antiterror tədbiri nəticəsində bu, erməni əhalisinin əksəriyyətinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə səbəb oldu. Amma bu, Azərbaycanın təzyiqi ilə olmadı. Bu, yerli separatçı liderlər tərəfindən təşviq edilən əhalinin könüllü qərarı idi. Buna baxmayaraq, bir günlük əməliyyat cərrah dəqiqliyi ilə həyata keçirilib və Mülki əhaliyə heç bir zərər yetirilmətib. Bundan əlavə, biz hətta onları getməməyə və ölkəmizdə qalmağa təşviq etməyə çalışdıq, çünki onlar bizim qanunlarımıza və konstitusiyamıza görə əhalinin qalan hissəsi kimi eyni hüquqlardan istifadə edə bilərdilər. Lakin onlar ya separatçı liderlərinin təzyiqi nəticəsində, ya da özlərinin qərarı ilə bu ərazini tərk etmək qərarına gəliblər. Biz təəssüflənə bilərik, amma bu o demək deyil ki, Azərbaycan buna görə məsuliyyət daşıyır.
-Qalanlar var?
- Bəziləri qalıb, məndə dəqiq rəqəmlər yoxdur, amma qalanları əsasən Azərbaycan hökuməti himayə edir, onlar hərtərəfli təmin olunurlar, vaxtaşırı ölkədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) nümayəndələri ilə təmasdadırlar. Onları Azərbaycanın Ombudsmanı da ziyarət edir, hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcud olan Rusiya sülhməramlı kontingenti də öz mandatınlarına uyğun olaraq həmin insanların təhlükəsizliyinə töhfəsini verir. Deməli, bu insanlar Qarabağda normal yaşayırlar və onların təcili ehtiyacları Azərbaycan dövləti tərəfindən ödənilir.
- Və gedənlərin geri qayıtması xoş olarmı? qayıtmağı xoş qarşılayacaqlarmı?
- Əslində, Azərbaycan artıq bu məsələdə bəyanat verib.Azərbaycan ölkəni tərk etmək qərarına gələnlər üçün bəyan edib ki, ölkəni tərk etdikdə onlar geri qayıtmaq hüquqlarını qoruyub saxlayırlar. Prinsipcə, onlar Azərbaycana reinteqrasiya etmək üçün imkanlarını saxlayırlar, bunun üçün onlar ilk addım olaraq Azərbaycan vətəndaşlığına yiyələnmək üçün qeydiyyatdan keçməlidirlər. Onlar bütün əhali kimi Azərbaycan dövlətinin də məsuliyyətli vətəndaşlarına çevrilə bilərlər. Amma biz düşünürük ki, bu, onların seçimi olmalıdır və onların istədikləri qərar olmalıdır.. Ümumi olaraq isə, iki xalq arasında qarşıdurmanın yekun həllinə doğru inamla irəliləməliyik. Ermənistan və Azərbaycan arasında davamlı sülh nə qədər tez təmin olunsa, milli azlıqlara mənsub insanların hər iki tərəfdən öz evlərinə qayıtmaq hüququna malik olma şansları bir o qədər çox olacaq. Hər kəsə məsləhət görərdim ki, söhbətimizdə daha əvvəl bəhs etdiyim Ermənistandan evlərindən qovulmuş 300.000 etnik azərbaycanlının hüququ üzərində olan haqqını da unutmasın..Onların da hüquqları sığortalanmalıdır ki, gedib heç olmasa öz qohumlarının məzarlarını ziyarət etsinlər və yaşadıqları ata-baba yurdlarına qayıda bilsinlər..
Cənab Əmirbəyov, ziyarətiniz və maraqlı söhbət üçün çox sağ olun, bu gün Brüssel siqnal studiyasında olduğunuz üçün sizə təşəkkür edirəm.
- Marağınıza görə çox sağ olun, və sizə işlərinizdə uğurlar arzulayıram.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ