İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əmirbəyov: "Qarabağdakı qanunsuz silahlı dəstələr çıxarılmadan sülhdən danışmaq olmaz"- MÜSAHİBƏ

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Makedoniyanın Media İnformasiya Agentliyinə müsahibə verib. Həmin müsahibədə E.Əmirbəyov həm iki ölkə arasında ikitərəfli siyasi-iqtisadi əlaqələrin inkişaf perspektivlərindən, həm də ümumilikdə bölgədə baş verən proseslərin gedişi, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı gündəm haqqında maraqlı açıqlamalar verib.

Musavat.com Şimali Makedoniyanın Media İnformasiya Agentliyinə istinadən həmin müsahibəni təqdim edir:

-Cənab Əmirbəyov, siz prezident administrasiyasının xüsusi nümayəndəsi kimi fəaliyyət göstərirsiniz, Makedoniyaya səfərinizin məqsədi nədir?

- Gəlişimizin iki məqsəd daşıdığını söyləyə bilərəm. Birincisi, əlbəttə ki, Makedoniya hakimiyyəti ilə ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlıdır. Çünki bildiyiniz kimi, iki ildən sonra biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu isə nələri əldə etdiyimizi və nəyi daha yaxşı edə biləcəyimizi düşünmək üçün yaxşı vaxtdır. İkinci səbəb isə makedoniyalı həmkarlarımızı təmsil etdiyim regionda, Cənubi Qafqazda regional təhlükəsizlik baxımından mövcud vəziyyət, daha dəqiq desək, Azərbaycan və Ermənistan arasında gedən sülh prosesi haqqında məlumatlandırmaqdır. Nəzərə alaq ki, Şimali Makedoniya Azərbaycanın da üzvü olduğu ATƏT-in sədri vəzifəsini icra etməkdədir.

-Qeyd etdiyiniz kimi, bu ayın 28-də biz diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünü qeyd edirik. Sizcə, biz indi haradayıq və necə irəli gedə bilərik?

- Siyasi dialoq baxımından bizim çox yaxşı münasibətlərimiz var. Liderlər, nazirlər bir-birləri ilə müntəzəm görüşürlər. Xüsusən də xarici işlər nazirləri son vaxtlar bir neçə dəfə görüşüblər. Sizin xarici işlər naziriniz bu ilin aprelində Azərbaycana səfər edib. Düzdür, onun bu səfəri daha çox ATƏT-in fəaliyyətdə olan sədri olması ilə əlaqədar idi.  Lakin o, azərbaycanlı həmkarları ilə ikitərəfli məsələlərlə də bağlı fikir mübadiləsi apara bildi. Biz bu səbəbdən iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialının hələ də tam istifadə olunmadığına inanırıq. Bizim münasibətlərdə potensial və imkanlar böyükdür. Ona görə də hesab edirəm ki, təkcə rəsmi şəxslərlə deyil, həm də işgüzar dairələrlə təmaslar gücləndirilməli, müxtəlif biznes forumlar, sahə nazirliklərinin müxtəlif nümayəndə heyətləri arasında görüşlər təşkil edilməlidir. Təəssüf ki, bizdə hələ də hökumətlərarası iqtisadi komissiya yoxdur. Belə bir komissiya bir qayda olaraq ikitərəfli iqtisadi və ticarət əlaqələrini davamlı olaraq gözdən keçirən mexanizm sayılır. Buna görə də ticarət dövriyyəsi rəqəmləri kifayət qədər azdır, hətta demək olar ki, yoxdur. Ona görə də düşünürəm ki, bu, sahəyə daha çox diqqət yetirməlidir.

-Mən bəzi araşdırmalar apardım, Makedoniya Dövlət Statistika İdarəsinin məlumatına görə, son bir ildə Azərbaycanla mal mübadiləsi yarım milyon avro ixrac və 150 min avro idxaldan ibarət olub. Sizcə, iki ölkə arasında daha yaxşı iqtisadi fəaliyyət üçün hansı potensial sahələr mövcuddur?

- Azərbaycan ənənəvi olaraq enerji təchizatı ölkəsi kimi tanınır. Biz enerji təhlükəsizliyinin təmin olunması baxımından Avropa İttifaqının əsas strateji tərəfdaşlarından sayılırıq. Şimali Makedoniyanın AB üzvlüyünə namizəd ölkə olduğu barədə də məlumatlıyıq. Mənim bildiyimə görə, siz bu prosesə ötən ildən başlamışsınız. Cənub-Şərqi Avropanın bir çox ölkələri təbii qazın tədarükü ilə bağlı Azərbaycanla əlaqə saxlayırlar. Lakin enerji sadəcə sahələrdən biridir. Fikrimcə, biz diqqəti həm də hər bir ölkənin bir-birinə təklif edə biləcəyi əsas əmtəələr üzərində cəmləşdirməliyik. Bizim biznes və ticarət imkanları baxımından müntəzəm ünsiyyət kanalımız olmalıdır. Ona görə də mən hesab edirəm ki, qarşıda görüləcək hələ çox iş var.  Azərbaycan bu yaxınlarda Şimali Makedoniyaya yeni səfirini akkreditə edib, Serbiyadakı səfirimiz həm də  Skopyedə maraqlarımızı təmsil edir. Təəssüf ki, bu günə qədər Şimali Makedoniyanın Azərbaycana akkreditə olunmuş heç bir nümayəndəsi yoxdur. Lakin mən hesab edirəm ki, bu yaxınlarda əldə etdiyimiz əlaqələr bizə bu boşluqları doldurmaq imkanı verə bilər. Ticarət dövriyyəsində müşahidə olunan aşağı rəqəmlərin səbəblərindən biri də iki ölkənin bir-birlərinin iqtisadi imkanları haqqında məlumatlarının olmamasıdır. Buna görə də çox yaxında tamamilə fərqli bir mənzərəni görməyi səbirsizliklə gözləyirəm.

Həyata keçirilə biləcək hər hansı yerli regional layihələr varmı?

- Qeyd etdiyim kimi, Azərbaycan 2020-ci ilin sonunda Azərbaycan Xəzər dənizində özünə aid sektorundan təbii qaz ehtiyatlarını altı ölkə vasitəsilə İtaliyaya və bir sıra digər ölkələrə nəql olunmasını nəzərdə tutan Cənub Qaz Dəhlizi adlı nəhəng layihəni uğurla başa çatdırıb. Tezliklə Azərbaycandan təbii qaz alan ölkələrin sayı 10-a çatacaq. Ona görə də düşünürəm ki, Şimali Makedoniyanın da Azərbaycan təbii qazının bir hissəsini idxal etməkdə müəyyən marağı ola bilər. Bundan başqa Azərbaycanın bəzi Makedoniya məhsulları üçün də cəlbedici bazar olması  da mümkündür və ya  əksinə...

-Biz təbii qaz mövzusu barədə danışırıq. Azərbaycan odlar ölkəsidir, sizin ölkənizin şüarı budur. Təəssüf ki, TAP və TANAP qaz kəmərləri ilə Azərbaycan qazı yalnız bir-birinə qonşu ölkələrə nəql olunur. Şimali Makedoniya isə buradan kənardan qalıb. 2018 və ya 2019-cu ildə Makenoniyanın Yunanıstanın Aleksandropulos bağlayıcısına qoşulmağa çalışacağı bildirilib. Bəs biz Azərbaycan qazını Makedoniyada nə vaxt görəcəyik?

- Məncə, bu sualı Azərbaycana vermək lazım deyil, çünki qaz tədarükçüsü kimi biz Şimali Makedoniyaya təbii qaz tədarük etməkdən məmnun olardıq. Lakin problem lazımi ötürmə güclərinin və ya paylayıcı şəbəkələrin olmamasından irəli gəlir. Ona görə də infrastrukturun özü kifayət qədər deyil. Qonşu Albaniyada da eyni situasiya mövcud idi. Qazımızı həm qəbul etməyə, həm də onu əhaliyə çatdırmağa imkan verəcək paylayıcı şəbəkələrin tikintisi bir qayda olaraq, qəbul edən dövlətin üzərinə düşür. Ona görə də düşünürəm ki, bu, Şimali Makedoniyanın Avropa İttifaqı ilə apardığı müzakirələrin predmetinə çevrilə bilər, çünki Avropa Birliyi də Cənub Qaz Dəhlizini çox dəstəkləyir. Biz də öz tərəfimizdən Şimali Makedoniyanı alıcı öıkələr siyahısına daxil etməyə açığıq və hazırıq.

-Hipotetik olaraq, bölgədə təbii qazın ən bahalı olduğu ölkə Şimali Makedoniya sayılır. Bəs bizdə Azərbaycan qazı olsa, bu, qiymətlərə necə təsir edəcək?

- Bir qayda olaraq, nə qədər çox qaz mənbəyiniz varsa, qiymətlər də bir o qədər rəqabətə davamlı və alıcıları üçün aşağıdır. Hesab edirəm ki, bu, bazarın qanunudur və əlavə qaz mənbəyiniz varsa, bu, istehlakçılarınız üçün də müsbət mənada qiymətlərə təsir edir.

-Cənab Əmirbəyov, siz Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində çalışmısınız. Ölkələrimiz Avropa Siyasi Birliyinə daxildir. Ötən ay təşkilatın Moldovanın Kişinyov şəhərində ikinci görüşü baş tutub. Sizcə, bu təşəbbüsün potensialı nədən ibarətdir?

- Bildiyiniz kimi, bu təşəbbüs Fransa tərəfindən nisbətən yazın zamanlarda irəli sürülüb və o vaxtdan indiyədək bizim cəmi iki yüksək səviyyəli görüşümüz olub. Hər hansı yeni təşəbbüs kimi, düşünürəm ki, onun həyata keçməsi və insanların bu platformanın mövcud bütün digər təşkilat və platformalarla müqayisədə hansı üstünlüklər bəxş edəcəyini həqiqətən başa düşmələri üçün müəyyən vaxt lazımdır.  Şəxsi nöqteyi-nəzərdən, 45-dən çox dövlətin liderlərin toplandığı bu yeni platformanı faydalı hesab edirəm. Danışıqların qeyri-rəsmi xarakter daşıması da müzakirələrin keyfiyyətini artırıb. Bu həm də müəyyən mənada liderlərin müntəzəm görüşməsi üçün yaxşı fürsətdir. Bildiyimə görə görüşlər ildə iki dəfə keçiriləcək ki, burada liderlər beynəlxalq münasibətlərdə mövcud vəziyyətlə bağlı bütün məsələləri müzakirə edə biləcəklər.  Ona görə də biz hazırda heç bir konkret nəticə görməsək belə bir çərçivədə keçirilən görüşlərin yaxşı fürsət olduğu artıq bir faktdır.

-Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı sülh sazişinin əldə olunması üçün ciddi səylər göstərilir. Ermənistan tərəfindən də bu ilin sonuna kimi problemin müəyyən davamlı həll yollarını tapmaq imkanının olduğu açıqlanıb. Sizcə, bunun üçün imkan varmı?

- Bu suala cavab verməzdən əvvəl, məncə, başa düşmək lazımdır ki, sülh üçün real imkanlar və ya şanslar Azərbaycanın 30 ilə yaxındır ki, qanunsuz erməni işğalı altında olan əraziləri azad etdikdən sonra yaranıb. Azərbaycan bununla tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edərək Ermənistana post-münaqişə gündəliyini təklif edib. Buna görə də biz bu düşmənçilik səhifəsini çevirməyə və münasibətlərimizi normallaşdırmağa kömək edə biləcək sülh müqaviləsi layihəsini masaya qoymuşuq. Bu saziş ölkələrin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə, hazırda və gələcəkdə bir-birlərinə qarşı hər hansı ərazi iddialarından imtinasına əsaslanır. Ona görə də hesab edirik ki, əgər Ermənistan sülhə hazır olduğunu, Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini sadəcə bəyanla deyil, gerçək əməlləri ilə sübut etsə və biz bunun real sübutunu görsək, o zaman sülh üçün böyük şans var. Mənim üçün hər hansı bir müddət adlandırmaq çətindir, çünki bəzən onlara əməl olunmayanda bu, müəyyən məyusluq yaradır. Bundan başqa biz erməni tərəfinin nə qədər səmimi olduğunu da görməliyik. Çünki bir tərəfdən Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini söyləyir, digər tərəfdən isə Azərbaycanın suveren ərazisində, Qarabağ bölgəsində Ermənistanın 10 mindən nizami silahlı qüvvələri yerləşir. Siz Dağlıq Qarabağın adını çəkdiniz, bölgə Stalin tərəfindən belə qurulub və adlandırılıb. “Nagorno” rus dilindən tərcümədə dağlıq deməkdir, çünki tarixi Azərbaycan vilayəti olan Qarabağda iki hissə mövcud olub: aran və yüksək dağ. Bu gün ərazimizin yeni ərazi-inzibati bölgüsü var. Bu xəritəni sizin ixtiyarınıza buraxıram. Siz burada Qarabağın həm dağlıq, həm də düzənlik hissələrini birləşdirən vahid Qarabağ iqtisadi rayonunu görə biləsiniz. Bu region həm də çoxmillətli olacaq, çünki Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış yüzlərlə və minlərlə azərbaycanlı məcburi köçkünlərin kütləvi şəkildə geri qayıtması ilə bir neçə yüz min nəfər əhalisi olan rayonumuza qovuşacağıq. Ümid edirəm ki, ermənilər də bu bölgənin bir parçası olacaqlar. Biz yerli ermənilərə Konstitusiyamıza uyğun olaraq onların Azərbaycan dövlətinin sosial-iqtisadi, humanitar və siyasi çərçivəsinə reinteqrasiya şərtlərini razılaşdırmaq üçün Azərbaycanın mərkəzi orqanları ilə müzakirələrə və danışıqlara getməyi təklif edirik. Bu, Azərbaycanın daxili məsələsidir və hazırda (bu məqsədlə) yerli erməni vətəndaşlarımız ilə müzakirələr aparılır. Azərbaycan və Ermənistan arasında sülh sazişi mövzusuna gəlincə, onu qeyd etməliyik bu sahədə danışıqlar son zamanlarda intensivləşib. Mayın əvvəlindən biz xarici işlər nazirləri və liderlər səviyyəsində bir neçə raund müzakirələr aparmışıq və müzakirələrin davam etdiriləcəyinə ümid edirik. Sülh müqaviləsi yaxındır, amma necə deyərlər, tanqoya iki ünsür lazımdır, ona görə də biz Ermənistandan məsuliyyətli davranmasını və verdiyi vədləri yerinə yetirməsini, eləcə də bütün silahlı qüvvələrinin çıxarılması da daxil olmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik. Çünki sülhə və təhlükəsizlikyə, sülh perspektivinə təhdid doğuran qanunsuz silahlı dəstələri saxlamaqla sülhdən danışmaq mümkün deyil. Bizə görə bu problem həll olunmalıdır, yalnız belə olan halda diqqətimizi daha yaxşı bir mühitdə sülh danışıqlarına yönəldə bilərik.

-2020-ci ildə müharibə Rusiyanın iştirakı ilə imzalanan atəşkəs razılaşması ilə başa çatdı. Ukraynadakı müharibəni nəzərə alsaq, gələn ay Brüsseldə hər hansı dəyişiklik və vətəndaş hüquqları kimi digər məsələlərlə bağlı görüş varmı?

- Bu, aydınlıq gətirilməsi tələb edilən çox mürəkkəb məsələdir və biz müxtəlif mövzuları qarışdırmamalıyıq. Azərbaycan-Ermənistan danışıqlarından danışsaq, onlar müxtəlif yerlərdə və müxtəlif vasitəçilərlə keçirilir. Rusiya da onlardan biri sayılır. Çünki Rusiya atəşkəs sazişini imzalayanlardan biridir və burada da  müntəzəm görüşlər keçirilir. Sonuncusu may ayında Moskvada xarici işlər nazirləri və liderlərin iştirakı ilə baş tutub. Bundan başqa bizim Brüssel formatımız var. Bu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı üçtərəfli müzakirələr prosesidir. Bu prosesdə böyük enerji xərcləyən ABŞ-ı görürük. Məhz amerikalılar sayəsində müzakirələrdən uzaqlaşmaq istəyən Ermənistanın günahı ucbatından  donan danışıqlar prosesini bərpa etmək mümkün oldu. Ermənilər sonda başa düşdülər ki, davamlı sülhə nail olmaq üçün Azərbaycanla danışmaqdan başqa yolu yoxdur. Deməli, danışdığımız şəhərin adının nə olmasının heç bir əhəmiyyəti yoxdur, çünki, bunlar sülh sazişinin mətninin razılaşdırılması üçün ikitərəfli müzakirələrin keçirildiyi yerlərdir. Bu mətn iki xalq arasında münasibətlərin hansı əsas prinsiplərə əsaslanacağını sadalayacaq, həm bağlanmış nəqliyyat əlaqələrinin açılmasına imkan verəcək, həm də hələ də delimitasiya olunmamış sərhədlərin müəyyənləşməsinə gətirib çıxaracaq. Bunlar bizim Ermənistanla danışdığımız mövzuların toplandığı üç əsas qrupu sayılır. Milli azlıqların hüquqlarına gəlincə, hazırda Qarabağ bölgəsində yaşayan Azərbaycandakı erməni milli azlıq var, lakin Ermənistandakı azərbaycanlı etnik azlığı da unutmaq olmaz. Bu münaqişəyə qədər Ermənistanda 250 min etnik azərbaycanlı yaşayırdı, lakin təəssüf ki, bu insanlar etnik təmizləməyə məruz qalaraq həmin ərazilərdən qovulublar. Bu gün biz uzunmüddətli sülhdən, azlıqların hüquqlarından danışarkən öz tarixi vətənlərinə qayıtmaq hüququna malik olan yüz minlərlə azərbaycanlının haqları məsələsini də gündəmə gətiririk. əgər Qarabağ bölgəsində ermənilərin hüquqları məsələsini danışırıqsa bu Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə yerli ermənilər arasında dialoqdur, ona görə də Ermənistan bu mənzərədən kənardadır. Azərbaycan öz erməni əsilli vətəndaşları ilə əlaqə saxlamağa hazırdır, lakin biz onlardan konstruktiv davranış sərgiləmələrini, onların sosial, iqtisadi və digər hüquqları ilə bağlı hər cür imkanların veriləcəyini başa düşmələrini gözləyirik. Lakin bütün bunlar Azərbaycan dövləti çərçivəsində, Azərbaycan konstitusiyasına uyğun olaraq həyata keçiriləcəkdir.

-Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Bujar Osmani Ohriddə iki ölkə arasında sülh danışıqlarının mümkünlüyünü qeyd edib. Konkret təklif və ya dəvət varmı?

- Mən Şimali Makedoniyadan Ermənistanla Azərbaycan arasında danışıqların aparılması ilə bağlı hər hansı təklif eşitməmişəm. Eşitdiyimə görə, sizin xarici işlər nazirinizin Cənubi Qafqazın hər üç ölkəsinin -, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirak edə biləcəyi görüş keçirmək təklifi olub. Azərbaycan həm də 3+3 (Cənubi Qafqazın üç ölkəsi və üç yaxın qonşu - Türkiyə , Rusiya və İran) adlı regional əməkdaşlıq strukturunun müəllifi sayılır. Azərbaycanın bu təklifi region ölkələri tərəfindən müsbət qarşılandı, lakin Cənubi Qafqazın vahid siyasi bölgəyə çevrilməsi başqa məsələdir, çünki indi o, sırf coğrafi bölgədir. Onun vahid siyasi bölgəyə çevrilməməsinin səbəbi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi idi. İndi hər şey bitdikdən sonra, düşünürəm ki, bizim üç ölkə arasında daha güclü iqtisadi və digər regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün yaxşı şansımız var. Düşünürəm ki, nazirin təklifi bununla bağlıdır, lakin yenə də bütün detallardan xəbərdar deyiləm.


Müsahibənin orijinal mətni ilə buradan tanış ola bilərsiniz:


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR