İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ekspress avtobuslar problemi tam həll edə bilməyəcək” - rəy

Ekspert: “Sumqayıt şəhərinin bir neçə nöqtəsindən Bakı şəhərinin bir neçə nöqtəsinə daşıma təşkil edilməlidir”

Yanvarın 21-dən Bakı-Sumqayıt marşrutu üzrə ekspress avtobuslar sərnişinlərin xidmətindədir. Marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız həyata keçirilir. Xəttə buraxılan avtobuslar komfortlu nəqliyyat vasitələridir. Dayanacaqlar Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Avtovağzal m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər y/k və Sumqayıt Avtovağzalıdır. Gedişhaqqi 80 qəpikdir. İnterval 11 dəqiqə, pik saatlar 7-8 dəqiqə təşkil edir. 

Ekspress avtobuslarla səhər Sumqayıtdan ilk çıxış saat 5:50-də, səhər Bakıdan ilk çıxış saat 6:30-da, axşam Bakıdan son çıxış saat 23:00-da, axşam Sumqayıtdan son çıxış isə saat 22:20-də olacaq. 

Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.

Ekspertlər hesab edirlər ki, avtobuslarla taksilərin, xüsusən “manatlıq taksilər”in rəqabətinin nəticəsi zamanla bəlli olacaq. 

Ərşad Hüseynov: "BNA 3 aya ləğv olunacaq" | ENA.az

Ərşad Hüseynov

Hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat” a şərhində bildirdi ki, Bakı və Sumqayıt şəhərləri arasında komfortlu avtobuslarla daşımanın təşkili müsbət haldır: “Sərnişin axınını nəzərə alaraq bu avtobuslarun təşkilini alqışlayıram. Taksilərlə rəqabətə gəlincə, hər şey yanaşmadan asılıdır. Lakin müasir dövrdə böyük şəhər aqlomerasiyalarında bu o qədər də uğurlu variant deyil. Abşeron yarımadasında, Bakı ətrafında böyük aqlomerasiya yaranıb. Azərbaycan əhalisinin faktiki olaraq 40 faizi burada məskunlaşıb. Bu baxımdan vahid nəqliyyat sistemi yanaşması ortaya qoyulmalıdır.  Sumqayıtla Bakı arasında vağzaldan-vağzala daşıma zamanla əhəmiyyətini itirir. Müstəqillikdən öncə də belə yanaşma var idi. Hazırda dəbdən düşsə də, peyk şəhərləri ifadəsi var idi, böyük şəhərlərin ətrafında yaranan kiçik şəhərlər  bu cür adlanırdı. Sumqayıt şəhərindən Bakı şəhərinin təkcə avtovağzalına yox, bir çox yerə, məsələn, 20 Yanvar, Nizami, indiki Azadlıq, Koroğlu metro stansiyaları tərəfə ayrıca marşrutlar var idi. O marşrutlar bu gün bərpa olunmalıdır. Sumqayıtdan Bakıya vağzaldan-vağzala  daşınma sərnişin yükünü tam həcmdə azalda bilməyəcək. Hazırda mikroavtobuslarla da sərnişindaşıma var. Bu prosesi qanunvericilik çərçivəsində nizama salmaq lazımdır. Ekspress avtobuslar çox böyükdür. Şəhər daxilində manevr imkanları çətindir. Digər tərəfdən, bahalı avtobuslardır. Kiçik, yaxud orta tutumlu avtobuslarla Sumqayıt şəhərinin bir neçə nöqtəsindən Bakı şəhərinin bir neçə nöqtəsinə daşıma təşkil edilməlidir. Bunun perspektivi araşdırılmalıdır. Belə olan təqdirdə avtobuslar taksilərlə rəqabət apara biləcək. Eyni zamanda səfərə çıxan insan üçün iki önəmli məqam var: səfərin müddəti və ödənişin məbləği. Bir çox halda zaman ödənişdən az əhəmiyyətli olmur. Buna görə də 0,20 AZN fərqə görə sərnişinlərin avtobusla səyahətə üstünlük verəcəyini düşünmək sadəlövhlükdür”. 

457974025_001334890_1920x0_80_0.jpg (323 KB)

 Rauf Ağamirzəyev

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə mövzunu “Yeni Müsavat” a belə şərh etdi: “İki böyük şəhər arasında ekspress avtobusların təşkilini müsbət dəyərləndirirəm, lakin Bakı-Sumqayıt istiqamətində ayrılmış avtobus zolağına sərt nəzarət olunmalıdır ki, bu növ həllər daha effektiv işləsin. Avtobus tıxacda dayanmamalıdır. Müasir, komfortlu avtobus sürətli hərəkət edirsə, sərnişinlər taksidən daha çox avtobusa üstünlük verəcəklər. Düşünürəm ki, bu istiqamətdə mobilliyin təminində ciddi irəliləyiş olacaq. Bundan başqa, il ərzində Azərbaycan dəmiryollarının sifariş etdiyi qatarlar da gəlməlidir. Bu da əlavə reyslərin açılmasını təmin edəcək. Köhnə marşrutlar da fəaliyyət göstərir”. 

Sumqayıt-Bakı arasında sərnişindaşıma ilə bağlı problemi araşdıran ekspertlər bildirir ki, Sumqayıt sakinləri Bakıya əsasən 20 Yanvara gəlirlər. Çünki avtovağzaldan şəhərin əksər hissələrinə avtobus tapmırlar, metro ilə hərəkət isə iki dəfə stansiya keçidi edilməsi səbəbindən çəkici deyil. Ona görə də problemin həlli daha çox paytaxtın müxtəlif yerlərinə müvafiq marşrutların təyin edilməsidir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”  



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR