Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq. Bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iyunun 20-də keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, bu gün mövcud qanunvericiliyə əsasən, antibiotik reseptlə verilsə də, bu tələbə riayət edilmir: “Hesab edirəm ki, elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız heç bir dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək”.
Səhiyyə nazirinin müavini həmçinin Azərbaycanda dərmanların qiymətinin baha olduğunu deyib:
“Azərbaycanda dərman vasitələrinin qiyməti müəyyən ölkələrlə müqayisədə bahadır. Həmin ölkələrin sayı elə də çox deyil. Adətən qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Qeyd edim ki, orada dərmanların 70-80 %-i daxili istehsaldır. Orada qiymətlərin tənzimlənməsi üçün fərqli yanaşma var. Tarif Şurası, Səhiyyə və İqtasiyyat nazirlikləri arasında qiymət siyasətinin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr gedir. Təkliflərimiz var. Bu da mövcud mexanizmlərdən tamamilə fərqlənir. Təklif etdiyimiz qiymətlərin müəyyənləşdirilməsi mexanizminin qəbul olunmasına çalışacağıq. Eyni zamanda istinad ölkələrinin siyahısına yenidən baxılması nəzərdə tutulur və təbii ki, real bazar qiymətləri əks olunacaq”.
R.İsmayılov qeyd edib ki, dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün kifayət qədər ciddi problem yaradırdı:
“Xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraqlı deyildilər. "Dərman vasitələri haqqında" Qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması təklif olunur. Türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul edilməsi təklif edilir".
Nəzərə çatdıraq ki, Azərbaycanda əhalinin ciddi narahatlıq yaşadığı, narazı olduğu sahələrdən biri də məhz dərmanlar və tibbi xidmətlərlə bağlıdır. Xüsusilə vətəndaşlar onlara lazımsız firma dərmanlarının yazılmasından gileylənir. Digər məsələ isə dərmanların bahalığı və keyfiyyətsizliyidir.
Yeni qaydalar bəzi həkim və klinikaların dərman monopolistləri ilə işbirliyini sonlandıra biləcəkmi? Reseptlərə firma dərmanları yazılması qadağan ediləndən sonra bəzi həkimlər qeyri-rəsmi şəkildə dərmanlar da tövsiyə edərsə, apteklərdən kənarda “qara bazar” yaranması təhlükəsi də ortaya çıxmayacaq ki?
Adil Qeybulla
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor dərman bazarında hələlik xeyli problemlər olduğunu diqqətə çatdırıb: “Dərmanların keyfiyyət parametrlərindən tutmuş, onların istehlakı, utilizasiyası ilə bağlı xeyli problemlər yaşanmaqdadır. Bu yeni qanun, əlbəttə, bu problemlərin tənzimlənməsinə yönəlib.
Məsələ bundan ibarətdir ki, Azərbaycanda dərman idxalı məsələsində hələ indiyənə qədər müəyyən problemlər qalmaqdadır. Bu, xüsusilə dərman maddələrinin keyfiyyət parametrlərinə aiddir. Yəni birinci əsas məsələ bu problemdir ki, qaydaya salmalıyıq. Doğrudur, firma dərmanı gətirən şirkətlərə lisenziyaların verilməsi qanunla məhdudlaşdırılıb və bu yaxşı əlamətdir və hər müəyyən dövrdən sonra lisenziyaların yenilənməsi onu göstərir ki, arxayın oturmaq lazım deyil, dərmanların keyfiyyətinə də diqqət etmək vacib iş olacaq.
O ki qaldı dərman preparatı olmayan, Dünya Səhiyyə Təşkilatının reyestrinə daxil olmayan, xüsusilə də bioloji aktiv maddələrin, qeyri-dərman vasitələrinin reseptlərə yazılması məsələsinə, əlbəttə, qadağan olunub. Hesab edirəm ki, bununla bağlı ayrıca bir qanun olmalıdır, bildirilməlidir ki, bioloji aktiv əlavələr necə istifadə oluna bilər. Azərbaycan ərazisində bunların özünün də bir reyestri də olmalıdır ki, insanlar bilsin ölkə daxilində bu maddələrin istifadəsinə icazə var".
Professor qeyd edib ki, daha bir məsələ dərman maddələrinin reseptlə yazılması zamanı protokollara əməl olunması ilə bağlıdır: “Bəzən hiss olunur ki, bəzi dərman maddələrinin yazılmasında müəyyən məqsədlər var. Məsələn, xəstəyə ambulator şəraitdə bir neçə antibiotik yazılır ki, bu da yolverilməzdir. Yəni bunların hamısı nəzarətə götürüləcək. Bu məsələ mərkəzi qeydiyyata düşsə, problem yavaş-yavaş öz həllini tapacaq.
O ki qaldı dərman firmalarının fəaliyyətinə, ayrı-ayrı həkimlər və yaxud şirkətlərlə, apteklərlə əlaqəsinə, hesab edirəm ki, bu məsələnin tənzimlənməsi prosesi beynəlxalq qaydalara riayət olunaraq həll edilməlidir ki, mümkün qədər bu işlər öz həllini tapsın. Birinci növbədə reseptlərin yazılması mərkəzləşdirilməlidir ki, qeydiyyata düşsün. Xəstəyə yazılan müalicə vasitələri qeydiyyata düşərsə, artıq bu problem həll olunmuş olacaq, çünki bu, ictimai, müvafiq strukturların nəzarətində olacaq və artıq buna meyillər də azalacaq.
Bir daha qeyd edirəm ki, daha çox qanuni vasitələr tapmaq lazımdır. Bu vasitələr həm də beynəlxalq standartlara uyğun olmalıdır ki, dərman bazarı da öz qaydasına düşsün.
Digər tərəfdən də daxili istehsalı yaddan çıxartmamalıyıq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ