İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfv siyahısı həftəsonu Prezidentə təqdim olunacaq

Əfvə sayılı günlər qaldı; Eldar Həsənov, Hüseyn Abdullayev və Cahangir Hacıyevin adı siyahıda ola bilər

Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb. Mətbuata verilən məlumata görə indiyədək iclaslarda əfvlə bağlı 1 700-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Bu il isə mayın 10-u mərhum prezident Heydər Əliyevin 100 illik yubileyidir. Bu münasibət ilə yubiley ərəfəsində böyük əfv gözlənilir. Bəs Əfv Məsələləri Komissiyasının iclasları bitdimi? Əfv siyahısı nə vaxt Prezidentə təqdim olunacaq? Bu dəfə nə qədər insan əfv oluna bilər? Siyahıda hansı məşhurlar olacaq?

Məsələ ilə bağlı Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid “Yeni Müsavat”a danışıb: “Demək olar ki, ötən həftə iclaslar yekunlaşdırıldı. Lakin bildirdilər ki, daha bir iclasın keçiriləcəyi istisna olunmur. Yəni  ola bilər ki, yeni işlərə baxılsın. Hər halda, belə bir variant olacaqsa, bu həftə Əfv Məsələləri Komissiyası yenidən yığışacaq. Yox, əgər buna ehtiyac olmayacaqsa, bu həftə sonu siyahı cənab Prezidentə təqdim olunacaq.

Qeyd edim ki, komissiyanın iclaslarında təxminən 2 000-ə yaxın müraciətə baxmışıq. Deyərdim ki, mövcudluğu dövründə komissiya ən çox - 14 iclas keçirdik. İndiyə qədər bu qədər çox, məhsuldar iclas olmamışdı. Burada yeni mexanizm yaradılıb, həm qurumların, həm üzvlərin  rəyləri nəzərə alınır. Düşünürəm ki, budəfəki əfv sərəncamı əvvəlkilərdən fərqli olaraq daha çox insana şamil olunacaq".

Çingiz Qənizadə: Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub - AZƏRTAC

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə də qeyd etdi ki, yaxın günlərdə böyük əfvin şahidi olacağıq: “Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə böyük əfv sərəncamı gözlənilir. Təbii ki, bu, yaxın günlərdə, may ayının 10-na qədər baş verəcək.  Hüquq müdafiəçiləri olaraq öz siyahımızı Əfv Məsələləri Komissiyasına təqdim etmişik və hesab edirik ki, hər zaman olduğu kimi, komissiya bizim siyahıya diqqətlə yanaşacaq və əfv verilməsi zamanı bizim də adlarını təqdim etdiyimiz şəxslər siyahıya daxil olacaq,  cənab Prezidentin humanist sərəncamı ilə əfv ediləcəklər.

Qeyd edim ki, hüquq müdafiəçiləri olaraq həm saxlanma, həm də məhkəmə zamanı prosessual hüquq normaları pozulmuş şəxslər var, onlarla bağlı müraciətlər etmişik. Həmçinin ömürlük  azadlıqdan məhrum edilmiş və cəzasının 20 ildən artığını yatmış şəxslər var, onlarla bağlı  da müraciətlər etmişik. Beləliklə, hesab edirəm ki, bu  əfv fərmanı say hesabı ilə əvvəlkilərdən daha çox şəxsi özündə ehtiva edəcək.

Doğrudur, biz amnistiya da verilməsinin arzusundaydıq. Bugünlərdə cəzaçəkmə müəssisələrində monitorinqlər keçirərkən, məlum oldu ki, bütün cəzaçəkmə müəssisələrində sıxlıq var. Yəni 1100-1200 nəfərlik nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrində 1600-1700 nəfər məhbus var. Bu onu deməyə əsas verir ki, müəssisələrin boşaldılmasına ehtiyac var.

Ürək ağrıdan məsələlərdən biri də budur ki, cəzaçəkmə müəssisələrində daha çox narkotik vasitələrlə bağlı həbs edilmiş şəxslərin faiz göstəricisi çox, hətta yarıdan da çoxdur ki, bu da təbii ki,  dövləti və qanunları yazan qüvvələri  düşünməyə vadar edir. Bir daha bu məsələlər üzərində işləməyə ehtiyac var. Son olaraq qeyd edim ki, hüquq müdafiəçiləri olaraq, verilmiş əfv fərmanlarının sayı və əfvə kimin düşməsindən asılı olmayaraq həmişə bu sərəncamları alqışlamışıq və hesab edirik ki, cənab Prezidentin humanist yanaşması nəticəsində bu dəfə daha çox insan əfv siyahısına düşəcək".

“Prezidentin çox böyük əfv sərəncamı imzalamasını həyəcanla gözləyirik. Müraciətlər həddən artıq çoxdur, hələ də siyahı üzərində iş gedir”.

Novella Cəfəroğlu: “78 yaşımda gedib səngərlərdə əsgərlərimizə yemək  bişirərəm” | | Xural qəzeti

Novella Cəfəroğlu 

Bu sözləri Teleqraf.com-a  açıqlamasında İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisi qeyd edib ki, Əfv Məsələləri Komissiyasının iclaslarında OMON-çuların, 20 ildir həbsdə olan 17-19 yaşlı uşaqların, o cümlədən “Qaranquş” dəstəsinin məsələsi qaldırılıb.  Hüquq müdafiəçisi həmçinin hazırda həbsdə olan bəzi siyasi partiya üzvlərinin adlarının əfv siyahısına salındığını qeyd edib: “Ad açıqlamaq düzgün olmazdı. Amma komissiyanın hazırladığı siyahıda AXCP və digər siyasi partiya üzvlərinin, siyasi fəalların, bloger və jurnalistlərin adları var. Məhbus siyasilərlə bağlı məsələnin tamamilə həll olunmasını arzu edirik”.

“Keçmiş baş prokuror Eldar Həsənovun ailə üzvləri əfvlə bağlı müraciət edib, özünün də müraciəti olmalıdır. Sabiq deputat Hüseyn Abdullayev və Azərbaycan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin anaları və özləri müraciət ediblər. Siyasi fəal Bəxtiyar Hacıyevin məhkəmə işi yekunlaşmasa da, Prezidentə məktub yazıb. Ola bilsin, Prezident öz müstəsna səlahiyyəti çərçivəsində onu da əfv edər, amma məhkəmə bitmədiyi üçün adı siyahıda yoxdur”, - deyə Novella Cəfəroğlu bildirib.

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR