İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əfqanıstanda keçilərlə bacarmadı, indi 6 min nüvə başlığı olan xalqla vuruşmağa tələsir”

 

 

Konqresmen deyir ki, Ukraynaya ayrılan pullar korrupsiyanın yeminə çevriləcək; Trampın oğlu isə Zelenskini təhqir etdi   

 

Mayın 10-da ABŞ-ın Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollardan çox əlavə yardımı təsdiqləyib. Yardım layihəsi 368 lehinə, 57 səs əleyhinə olmaqla qəbul edilib.

Prezident Co Bayden hələ iki həftə əvvəl Konqresdən Ukraynaya əlavə 33 milyard dollar yardımı təsdiq etməyi xahiş etmişdi. Lakin qanunvericilər hərbi və humanitar maliyyəni artırmaq qərarına gəliblər.

Nümayəndələr Palatasının Təsisatlar Komitəsinə sədrlik edən Demokrat Rosa DeLauro xərclər paketini dəstəkləməyə çağırarkən deyib ki, "bu qanun layihəsi demokratiyanı qorunacaq, Rusiyanın təcavüzünü məhdudlaşdıracaq və öz milli təhlükəsizliyimizi gücləndirəcək və ən əsası isə Ukraynanı dəstəkləyəcək".

Baydenin təşəbbüsünün əleyhinə səs verən ABŞ Nümayəndələr Palatasının 57 üzvü arasında respublikaçı Mett Qetsdə var. 

Nümayəndələr Palatasında çıxış edən Qets açıq şəkildə bildirib ki, qanun layihəsi Senatda təsdiqlənərsə, bu, “ABŞ-ın Rusiya ilə müharibəsi ” demək olacaq. 

Hələ Rusiya qoşunlarının Ukraynadakı xüsusi əməliyyatının ilk günündə Qets bildirmişdi  ki, amerikalılar öz ölkələrindəki vəziyyətlə bağlı narahat olmalıdırlar. “Məni Rusiya-Ukrayna sərhədindən daha çox ABŞ-Meksika sərhədi narahat edir” .

 Qets müqayisə üçün deyib ki, büdcədə ABŞ gömrük və sərhəd xidmətlərinin işi üçün yalnız 15,3 milyard dollar ayrılıb. Ağ Ev isə Ukraynaya demək olar ki, üç dəfə çox maliyyə transfer etmək niyyətindədir. “Aydındır ki, Ukrayna bizim vətənimizdən iki dəfə çox önəmlidir” deyə, Qets Konqresindəki çıxışında deyib. 

O, sonra verdiyi müsahibəsində deyib ki, ABŞ əslində Rusiya ilə müharibə aparır. “Əgər biz müharibə şəraitindəyiksə, niyə hərbi gücdən istifadə etmək icazəsi üçün lazım olduğu kimi səs vermirik? Yoxsa biz Yəməndə olduğu kimi, bütün dünyada olduğu kimi Ukraynada da hərəkət edəcəyik, yəni elan olunmamış müharibələr aparacağıq?” Qets “onların real məqsəd Ukraynanı müdafiə etmək deyil, Rusiyada rejimi dəyişməkdir” deyə, iddia edib. O bir il əvvəl Birləşmiş Ştatların Əfqanıstanı tərk etdiyini xatırladaraq, "biz silahlı keçiciklərə qarşı müharibəni uduzduq, indi 6min nüvə başlığı olan bir xalqla vuruşmağa tələsirik" deyə, bildirib. 

“Konqres Kiyevə milyardlarla dollar göndərməyə hazırdır ki, bu da Əfqanıstanda olduğu kimi korrupsionerlərin ciblərini dolduracaq. Öz liderlərimiz bizim azadlığımızı müdafiə etmirsə, niyə amerikalılar başqasının azadlığına görə pul ödəməlidirlər?” deyə, o əlavə edib. 

O, hazırkı vəziyyəti 11 sentyabr hücumları və koronavirus pandemiyasının başlanğıcı ilə müqayisə edib. Qets əmindir ki, hər iki halda Amerika səlahiyyətliləri nəticə çıxarmağa tələsdilər. İraqda müharibəyə başladılar və lazımsız lakdaun tətbiq etdilər. “İndi Amerikanın Ukraynadakı  siyasətini şübhə altına alan hər kəs satqın hesab olunur” deyə, siyasətçi fikrini yekunlaşdırıb.

ABŞ-ın 45-ci prezidentinin oğlu, kiçik Donald Tramp sosial şəbəkədəki səhifəsində Ukrayna prezidentini təhqir edən karikatura yerləşdirib. Fotokollajda alt paltarında olan  Zelensky dirək ətrafında rəqs edərkən Co Bayden ona nağd dollar yağdırır. “Qırx milyard dollar! Ukrayna pul yağışı altında! Bu arada amerikalılar əziyyət çəkir, bizdə uşaq qidası qıtlığı var. Onlardan ən azı yeddi dolları əsl ukraynalılara yardıma gedəcək. Qalanları korrupsioner siyasətçilərə  yem olacaq”, - deyə kiçik Tramp bildirib.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR