İnsanlara hürriyət, millətlərə istiqlal!

Efirə çıxan psixoloqlar niyə söyülür? - Səbəb bu imiş...

“Bir çox insanların psixoloqlara qarşı kəskin münasibətlərinin təməlində bir sıra  səbəblər yatır. Onlar psixoloqu qəbul etmək istəmirlər. “Psixoloq varsa, psixi problemlər var” qorxusu hakim gəlir.  Cəmiyyətdə ona əziyyət verən introyeksiyalarını mənəviləşdirib belə yaşamağa razı gəlirlər”. 

Bu fikirləri “Yeni Sabah”a psixoloq İlhamə Mustafayeva bildirib.

Ekspert cəmiyyətdə psixoloqlara olan mənfi rəylərdən söz açıb:

“Mübarizə aparmaq güc və zaman tələb edir. İnsanlar psixoloqa getməkdən, hətta psixoloqun özündən ehtiyat edirlər. Bu səbəb özlüyündə iki yerə bölünür: birincisi şəxsi məlumatlarının aşkara çıxacağından dolayı yaranan narahatlıqlar; ikinci isə emosiyalarını başqa biri ilə bölüşə bilməmə. Çünki bizim insanlar buna adət etməyib. Bizim insanlar daha çox öz emosiyalarını gizlətməyə, saxlamağa və basdırmağa öyrəşiblər. Onu bir başqasıyla bölüşmək təhlükə siqnalı yaradır. 

Digər səbəb maddiyyatdır ki, insanlar psixoloqlara verdiyi pullara qıymırlar. Onlara elə gəlir ki, bu pulu boş-boşuna kiməsə verdilər. Sanki psixoloq heç nə etmədən havayı pullar qazanır. Amma bir psixoloq seanslar zamanı psixoloji və və mənəvi olaraq çox yorulur. İnsanlar digər həkimlərə getdiyi zaman uzun müddətli və ya müəyyən zaman içərisində müalicə proqramına razı olurlar. Lakin bir dəfə psixoloqa gedib pul veribsə, həmən problemin həll olması gözləntisində olurlar. Bu da insanlarda psixoloqlar haqqında yanlış təsəvvürlər yaradır. Onlara görə  psixoloqlar sehrli gücə sahibdirlər. Bir-iki seansa hər şey həll olmalıdır. Lakin psixoloqun işi emosiya hislər, travmalar, itkilərdir. Komplekslərdən, lazımsız inanclardan azad etmək və yeni sağlam düşüncə yaratmaqdır və s.  Bunların da hər biri üçün ayrıca zaman və seanslar lazımdır. Çox zaman müraciət edən insanların o andaca nəticə gözləmələri onların müalicəsini daha da ləngidir. İnsanlar bəzən  psixoloqa getməyim, kimləsə dərdləşim mövqeyində ola bilirlər. Fəqət psixoloqla söhbət adi insanla söhbət deyil. İnsan özü də bilmədən fərqindəliklər qazanır və şüuraltı olaraq təmizlənmələr gedir”. 

İ.Mustafayeva əvvəlki nəslin öz travmalarını mənəviləşdirdiyini də vurğulayıb:

““Öz-özümə psixoloqam, başqasına ehtiyacım yoxdur” deyən insanlar da çoxdur. Bunun da kökündə dünyaya, insanlara qarşı inamsızlıq durur və dəyişmək qorxusu olur. Çünki insan illərdir özünün doğru bildiyi yanlışlarla yaşayır və bunun dəyişməsindən ehtiyat edir. O, emosiyalarını basdırır, emosiyaları üzə çıxsa travma alar. Onun üçün ən yaxşısı ona acı verənləri mənəviləşdirməkdir. Bunlar daha çox köhnə nəsil üçün xarakterikdir. Onlar illərdir nəsildən-nəsilə ötürdükləri adət ənənələrini yeni nəsillərdə yaşatmaq istəyirlər. Əgər nəyisə qəbul edib dözüblərsə, deməli bu cəmiyyətin olması gərəkəndir və eyni əzabları yeni nəsil də yaşamalıdır. Elə efirdə ekspert kimi çıxış edən psixoloqlara kəskin münasibət də bununla əlaqədardır. Düzənin pozulmasını istəmirlər, yeniliklərə açıq deyillər. Məsələn, bir psixoloq qadına qarşı psixoloji, fiziki və ya digər şiddət növlərinə qarşı gələrsə, bu cəmiyyətə qarşı gəlmək kimi qiymətləndirilə bilir. Bizim cəmiyyətimizdə yanlış bir inanc var ki, gəlin getdiyi yerdə hər şeyə dözməlidir, onun təhqir olunması, qohumları ilə ünsiyyətinin məhdudlaşdırılması və s.normal sayılır. Çünki qaynana da bu cür yaşayıb”. 

Ekspert onu da əlavə edib ki, cəmiyyətdə psixoloqu normal insan kimi qəbul etmək istəmirlər:

“Bu gün psixoloqlar hər kəsin istədiyi kimi yaşaması, seçim etməsi deyəndə yanlış qiymətləndirilir və onlar tənqid atəşinə tutulur ki, gəncləri böyüklərə qarşı hörmətsiz biri olaraq yetişməyə sövq edirsiz və s. Belə misallar çoxdur. Lakin azadlıq və şəxsi seçim mənəviyyatsız yaşamaq, özbaşınalıq deyil. Bir insanın sağlam və xoşbəxt, hüzur içində yaşamasına zəmin yaratmaqdır. Psixoloqlara qarşı kəskin münasibətin bir səbəbi də odur ki, çox zaman onu normal insan kimi qəbul edə bilmirlər. Sanki o, hər yerdə təmkinli olmalı və hər bir məsələdə insanlarla razılaşmalıdır. Lakin psixoloq da bir insandır, onun da emosiyaları və hisləri var. O, yalnız seans zamanı psixoloqdur. 24 saat psixoloq ola bilməz, yalnız seanslar zamanı, terapiya proqramı hazırlayıb müəyyən zaman içərisində sənə kömək edə bilər ki, burda səndən də tələb olunan onunla əməkdaşlıq etməkdir, necə ki idman zalında məşqçinin dediklərinə əməl edib müəyyən zamanda əzələlərin, bədənin möhkəmlənməsinə nail olursan, eləcə də, psixoterapiyada özün də fəal iştirak və əməkdaşlıq etməlisən. Düşünürəm ki, bu mövzuda maariflənməyə çox ehtiyacımız var”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR