İnsanlara hürriyət, millətlərə istiqlal!

“Efirdə Azərbaycan ailəsi haqqında çox yanlış təsəvvürlər yaradılır... ”

Qulu Məhərrəmli:  “Ailə-məişət zəminində süni, saxta obrazlar ortaya çıxarılır”

Son vaxtlar televiziya ekranlarında yayımlanan verilişlərlə bağlı narazılıqlar yenidən artıb. Xüsusən də ailə-məişət, tərbiyə məsələləri ilə bağlı qeyri-etik söhbətlərin yenidən efirlərə “ayaq” açdığını müşahidə edirik.

Məsələn, son olaraq müğənni Nüşabə Musayeva ilə bağlı ATV-də “Bizimləsən” verilişində yayımlanan süjeti göstərmək olar. Adıçəkilən verilişdə müğənni doğma xalası haqda şok açıqlamalar verib, canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini söyləyib. Verilişin növbəti buraxılışında isə Nüşabə Musayeva xalası ilə üz-üzə gələrkən, xalası deyilənlərin tamamilə yalan olduğunu bildirib, canlı efirdə Nüşabəni ögey atası ilə birgə gördüyünü iddia edib.

Yayılan açıqlamalar, efirdə səslənən fikirlər cəmiyyətdə narazılıqla qarşılanıb, tənqid olunub. Qeyd edilir ki, indiki vəziyyətdə, hansı ki, ərazi bütövlüyümüzün bərpa olunduğu, bayrağımızın Xankəndinə sancıldığı, ölkəmizə qarşı informasiya müharibəsi getdiyi bir vaxtda bu cür biabırçı verilişlərin yayımlanması yolverilməzdir.

Mütəxəssislər indi daha çox mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin hazırlanmasına çox böyük ehtiyac olduğunu bildirir. Həmçinin qeyd edilir ki, televiziyalarda kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə xüsusi yer ayrılmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. 44 günlük Vətən müharibəsi, Zəfərimiz, Xankəndi qələbəsindən sonra mütəmadi olaraq elmi-kütləvi, mədəni-maarif proqramları hazırlanmalıdır.

Qeyd olunduğu kimi, döyüş meydanında qalib gəldiyimiz kimi, informasiya müharibəsində də qalib olmalıyıq. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artmalı, savadlanmalı, hərtərəfli informasiya ilə təmin olunmalıdır.    

Oxu.az - Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO

Qulu Məhərrəmli 

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli  “Yeni Müsavat”a danışıb: “Televiziyalarımız tamaşaçı rəyindən asılı olmayaraq zaman-zaman böyük axına yaxınlaşır, amma tezliklə oradan uzaqlaşır. Xüsusən də özəl televiziya kanallarımızda şou proqramları bizim ovqatımızı tamamilə korlayır. Bəs niyə belə olur? Televiziyalar dəfələrlə bunu onunla izah edir ki, onlar reklam üçün çalışırlar, sponsor axtarışındadırlar, maliyyə problemləri var və sairə. Amma bütün verilişləri bu siyasətin üzərində qurmaq olmaz. Əlbəttə, aydındır ki, hər bir televiziya reklam bazarına çıxır, reklamdan pay götürmək, sponsor tapmaq, sponsorlu proqramların sayını artırmaq istəyir və bunun anlamaq olar.  Amma bu, kontentin, məzmunun, verilişlərin formasının, onların formatlarının bu həddə gəlib çıxmasına əsas verə bilməz. Yəni istər məzmunun çatdırılması, istər  aktual mövzuların ortaya çıxarılması, istərsə də dəvət olunan qonaqlar, ekspertlərlə bağlı ciddi problemlər var. Bu da ondan qaynaqlanır ki, burada birinci məqsəd daha çox reklam cəlb etmək, reklamçılara işləməkdir, ikincisi isə peşəkarlıq xeyli geridə qalır.

Efir etikasının pozulması, ekran mədəniyyətinin aşağı salınması, nitq mədəniyyəti normalarının pozulması və sairə, bunlar bu gün bizim televiziyaların ənənəvi nöqsanıdır. Bunlar aradan qaldırmaq üçün hansısa kampaniya gedir, onlar da müəyyən dərəcədə geri çəkilirlər, amma ortada boşluq yaranan kimim yenə bu tip proqramlar dövriyyəyə çıxarılır. Xüsusən də ailə-məişət mövzularının gündəmə gətirilməsi, xarakterik olmayan  problemlərin tirajlanması, ayrı-ayrı faktları götürüb, onları ümumi nöqsan  etmək cəhdləri və sairə, bütün bunlar efirlərin səviyyəsinin aşağı olmasına, ən əsası tamaşaçı zövqünün  korlanmasına gətirib çıxarır. Bu gün efirlərdə nə qədər bayağı, düşük formalar seçilir, yalançı situasiyalar yaradılır, ailə-məişət zəminində süni, saxta obrazlar ortaya çıxarılır və  Azərbaycan ailəsi, insanı, xüsusən də qadını haqqında çox yanlış təsəvvür yaradırlar. Halbuki indi cəmiyyətimizin daha çox maariflənməsinə, informasiya ilə təmin olunmasına böyük ehtiyac var".

Yadigar Məmmədli: QHT-lərlə əməkdaşlıq yüksək səviyyədə olmalıdır.

Yadigar Məmmədli 

Media eksperti Yadigar Məmmədli isə qeyd edib: “Bu məsələ yeni deyil. Hər zaman bayağı, ucuz şou verilişlərinin əleyhinə olmuşuq, həmin verilişlərin cəmiyyəti geri apardığını qeyd edib, onu tənqid etmişik.

Məlum olduğu kimi, medianın xüsusi missiyası maariflənmə ilə bağlıdır, amma indi efirlər bu maarifləndirməyə xidmət etmir. Lakin bilirik ki, media həm də biznes strukturudur, ona görə də bəzən qeyd olunan ucuz şou verilişlər çox sayda reklam gətirir. Yəni bu cür verilişlərə baxış sayı çox olduğu üçün reytinqi yüksək olur. Bu da xüsusən də özəl telekanallarda ümumi bir fikir formalaşır ki, bu verilişlər qazanc gətirir, üstəlik də cəmiyyətin sifarişidir. Amma mən bu cür düşünmürəm.

Doğrudur, bizim efirlərdə yayımlanan bu şou verilişlər xarici ölkələrin telekanallarında yayımlanan layihələrdir. Lakin  çox təəssüf ki, artıq bizdə bu verilişlər ilkin variantlarından çox uzaqlaşıblar. Hətta Avropada, Amerikada şou verilişlərinin bir həddi var, bütün lazımi məsələlər gözlənilir, izləyicilərin rəğbətini qazanmaq üçün hər şeyə gedilmir. Amma təəssüf ki, ölkəmizdə buna əməl olunmur.

Hesab edirəm ki, aidiyyəti qurumlar bunlara qarşı tədbir görməlidir. Doğrudur, bəzən görürük ki, efirlərdə səslənən bu və digər qeyri-etik ifadələrə, süjetlərə görə Audiovizual Şura hansısa telekanalları cəzalandırır, amma düşünürəm ki, bu, yetərli deyil".

Yazını hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR