Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Televiziyasının hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, birinci və ikinci Qarabağ müharibəsinin hərbi reportyoru Ədil Arifoğlu iyulun 28-də 56 yaşında vəfat edib.
“Yeni Müsavat” qəzetinin əməkdaşı hərbi jurnalistin yaxın dostu, rejissor, Müharibə Veteranları Assosiasiyasının idarə heyətinin üzvü Rövşən Nicatla söhbətləşib.
Müsahibimiz bildirib ki, sonuncu dəfə Ə. Arifoğlu ilə ötən həftə görüşüb:
“Ədil mənim çox yaxın dostum idi. Orta məktəbdə oxuyandan yaxın idik. 1992-ci ildən birgə Azərbaycan Televiziyasında işləyirdik. Biz dost sayılmazdıq, qardaş kimi idik.
Səhhəti ilə bağlı hansısa şikayəti yox idi. Çox gümrah idi. İdmanla məşğul olurdu. Qidalanmasına fikir verirdi. Hər gün limonlu su içirdi. Deyirdi ki, sağlamlıqdır, həm də bu onu arıqladır.
Birinci Qarabağ müharibəsinin stressi onun canından çıxmamışdı. Bütün düşüncələri, söhbətləri həmin tarixə fokuslanmışdı. Keçmişindən qurtula bilmirdi. Keçmişi ilə fəxr edirdi. Qarabağ hadisələrini, lentə aldığı kadrları balası kimi qoruyurdu, heç kimlə paylaşmaq istəmirdi”.
Həmsöhbətimizin sözlərinə görə, hərbi jurnalist yüksək bal toplamış qızının universitetə daxil olmasını və özünün yeni vəzifəyə təyin olunmasını qeyd edəcəkmiş:
“Qızının uğuruna çox sevinirdi. Ailəsi ilə bunu qeyd etməyə hazırlaşırmışlar. Bu münasibətlə səhər bərbərə gedib. Elə oradaca stulda oturduğu yerdə infarkt keçirib.
Televiziyada yeni vəzifə verilmişdi, layihə rəhbəri təyin olunmuşdu. Mənimlə görüşündə bundan danışdıq, sevinirdi.
O, çox əziyyətlər çəkmişdi, televiziyalar Ədilin layiqli dəyərini vermirdilər. Buna görə də həmişə aqressiyası var idi, ancaq sonradan layiq olduğu dəyəri gördü.
Prezidentimiz sağ olsun, ona “Tərəqqi” medalı verdi. AzTV-nin rəhbəri Rövşən müəllim şərait yaratdı, yeni layihələrə cəlb etdi”.
Qeyd edək ki, Ədil Arifoğlu ixtisasca rejissor idi. Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var idi. Füzuli Cəbrayıl Füzuli, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib.
1994-cü ilin fevralında Füzulinin Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanmışdı. O, İmişli rayonunda dəfn edilib.
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ