Onlayn ictimai-siyasi qəzet
Azərbaycan rəqsi ən gözəl və mürəkkəb milli rəqslərdən biridir. O, xalqın xarakterini, adət-ənənələrini əks etdirir. Azərbaycan rəqsi digərlərindən rəngarəngliyi və xoreoqrafik həllərlə zəngin olması ilə fərqlənir. Biz Qafqazda yeganə xalqıq ki, rəqs musiqimiz 24 ritmdən ibarətdir. Bizdə musiqi və ritmin həddindən çox növü, rəqsin müxtəlif xarakterləri var.
Buna görə də ona üz tutan hər kəsin qəlbini fəth etməsi təəccüblü deyil. Bu yaxınlarda Azərbaycan rəqsi "Uzundərə"nin ifa olunduğu video sosial şəbəkələrdə virus kimi sürətlə yayılanda bunun bir daha şahidi olduq. Və bütün bunlar ifaçılar - sosial şəbəkələrdə "crazy_dance_family" ləqəbi ilə məşhur olan Dima Bulanov və Olesya Şirokovanın sayəsində oldu.
Dima altı yaşından bal rəqsləri ilə məşğul olur və beynəlxalq idman ustasıdır. Olesya 15 il əvvəl Dimadan rəqs öyrənməyə başlayıb. Beləcə tanış olublar. Onlar əvvəl rəqsdə, sonradan isə həyatda birləşiblər.
Cütlüyün Oxu.Az-a verdiyi məlumata görə, onlar sosial şəbəkələrə təxminən on il əvvəl gəliblər.
"Biz təsadüfən gəldik. Türkiyədə çimərlikdə gəzərkən sosial şəbəkə hesabları açmağı düşündük. O zaman ən çox "Instagram" məşhur idi. Bizim Moskvada çoxlu rəqs məktəbimiz və əlbəttə ki, şagirdlərimiz var idi. Buna görə də tez bir zamanda xeyli abunəçi toplaya bildik. Biz aktiv şəkildə inkişaf edirdik, müxtəlif məzmunları sınaqdan keçirirdik. Tez bir zamanda auditoriya topladıq, sonra da "TikTok"da, "VKontakte"də səhifələr yaratdıq və "YouTube" kanalı açdıq", - deyə cütlük Oxu.Az-la söhbətində bildirib.
İndi "crazy_dance_family" dünyanı qız övladı ilə gəzir. O da gözəl rəqs edir, balacalıqdan bədii gimnastika ilə də məşğul olub. Ancaq valideynləri qızlarının peşəkar şəkildə rəqs etməsini istəmirlər, çünki hesab edirlər ki, peşəkar idman heç də həmişə sağlamlıq üçün yaxşı olmur. Hələlik qızcığaz dərsləri ilə məşğul olur, özü üçün rəqs edir və valideynlərinin ifalarını videoya çəkir. Bəli, cütlüyün sosial media səhifələrindəki foto və videoların əksəriyyəti onun işidir.
Videoları milyonlarla baxış toplayan rəqqaslar Oxu.Az-a bildiriblər ki, Azərbaycandan olan abunəçilər onların Azərbaycan rəqsi ifa etmələrini istəyiblər.
"Biz hər gün "TikTok"da canlı yayım edirik və bizə Azərbaycandan çoxlu adam baxır, "Uzundərə" rəqsi ilə tanış olmağımızı tövsiyə etdilər, bizə bu rəqsin konsertdə ifa olunduğu videonun linkini göndərdilər. Çox bəyəndik, iki həftə öyrəndik, əllərə, quruluşa diqqət yetirdik, bu rəqsin qısa bir hissəsini hazırladıq. Əvvəlcə onu öz evimizdə ifa etdik. İkinci nümayiş artıq gözəl bir yerdə baş tutdu. Biz onda Tailandın şimalındakı Çianqmayda səfərdə idik.
Bu rəqs bizim üçün mürəkkəbdir, çünki onun mədəniyyətinə o qədər də bələd deyilik, ona görə də rəqqasların jest və hərəkətlərini vizual təkrarlamağa çalışdıq. Amma bizim üçün maraqlı bir təcrübə oldu, çox xoşumuza gəldi. Düşünürəm ki, biz bununla kifayətlənməyəcəyik və yeni rəqslər hazırlamağa davam edəcəyik", - D.Bulanov bildirib.
@@TVmusavat/92062@@
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ