Onlayn ictimai-siyasi qəzet
ABŞ-da dövlət rəhbərliyində gedən proseslərə baxanda təxminən belə paralel aparmaq olar: sanki bizim keçmiş iş adamı, karikatur “Xəzər adaları” projesinin müəllifi Hacı İbrahimi, ya da həmişə cəmi dörd sinif orta məktəb oxuduğu ilə fəxr eləyən Şərurlu İsfəndiyarı aparıb Ağ evdə oturtmusan, “Mızdonalds”da su çubuqlarından tutmuş, nüvə silahının qırmızı düyməsinə qədər hər bir şeyi onlara tapşırmısan. Hər gün dünyanı təəccübləndirməklə məşğuldurlar.
Ən son kuryozlardan biri isə, şübhəsiz, dünya tarixinə yazılacaqdır. Pentaqon – ABŞ hərbi idarəsi Yəməni bombalamağa hazırlaşırmış. Bu məqsədlə, prosesi hazırlamaq, idarə etmək üçün... “Signal” sosial şəbəkəsində qrup yaradıblar. Qrupun üzvləri kim olsa yaxşıdır? Faktiki, prezident Trampın özündən başqa bütün ABŞ “qoluzorluları”: vitse-prezident, hərbi nazir, milli kəşfiyyat xidmətinin rəhbəri, milli təhlükəsizlik üzrə prezidentin müşaviri və sairə. Bəlkə rəhmətlik Barış Manco sağ olsaydı onu da qrupa daxil edərdilər ki, “Tomahavk” raketləri Yəmənə tərəf uçduqca məşhur mahnısını bir növ müşaiyət üçün, saundtrek kimi oxusun: “Şu Yemen elleri ne de yamandır, Ah o Yemendir, Gülü çemendir, Giden gelmiyor, Acep nedendir”. (“Yəmən türküsü” adlanan o kədərli nəğmə əslində elə keçmişlərdə Yəmən yollarında həlak olmuş Osmanlı türk əsgərlərinin – mehmetciyin xatirəsinə yazılmışdır).
Və ABŞ ordu başçıları bu “vatsap qrupuna” (bizdə bütün internet qruplarının ümumi adı belə təsbit edilib) yerli jurnalisti də daxil ediblər! Nəticədə həmkarımız bütün yazışmaları, hərbi əməliyyatın gedişini canlı izləyib.
Əslində bir jurnalist üçün də tarixi hadisədir. Belə xoşbəxt təsadüf hər adama qismət olmur. “Atlantik” adlı jurnalın baş redaktoru Qoldberq-dən söhbət gedir. Qoldberq, sözgəlişi, uğurlu jurnalistdir. Məsələn, onun baş redaktorluğu altında jurnalın tirajı 1 milyona qalxıb, 3-4 dəfə “Pulitser” mükafatı (Amerikada ən yüksək jurnalist ödülüdür) qazanıblar.
Lakin Tramp və ətrafı hadisəni açıqlayan jurnalisti hədəfə alıblar. Öz ayıblarına utanmaq yerinə. Hətta istefa verən də yox idi. Qızıl-qırmızıca dirəşiblər ki, burda nə var, dövlət sirri çölə tökülüb, nə olsun. Az qalır desinlər söz azadlığına əməl etmişik, xalqa məlumat isti-isti çatdırılıb.
Tragikomik başqa detal da var. Hillari Klinton vaxtilə, 2016-cı ildə Trampın prezidentliyə rəqibi olanda trampistlər onun əleyhinə qara propaqandada bir faktdan gen-bol yararlanmışdılar: haçansa Hillari şəxsi, ev elektron poçtundan dövləti yazışmalar üçün istifadə edib.
Təsəvvür edin. Yəni, informasiya sızması, dövlət və hərbi sirrin ələ keçməsi filan olmamışdı. Sadəcə, şəxsi poçtundan məktub yazıb. Amma xüsusi rejimdə qorunan elektron poçtdan istifadə etməliymiş.
Yalnız o idiot faktı istifadə edərək trampistlər bəlkə beş il qışqırışdılar. Və həmin qara propaqanda aparanların bəziləri indiki başıbəlalı “vatsap qrupunda” ortaya çıxıbdır. Necə deyərlər, gülmə qonşuna, gələr başına. Quyu qazan, dərin qaz... Ancaq indiki dünya liderləri, o cümlədən ABŞ lideri üçün bu məsəllərin nə mənası var ki? Heç bir mənası yoxdur. Onlar daha çox “filankəsə filan şey elədilər, dedi yaz yağışıdır” məsəli üzrə hərəkət edirlər.
Yeri gəlmişkən, Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles bu yazışma qalmaqalı ortaya çıxandan sonra Trampın həmin silahdaşlarını “Deyli Teleqraf” qəzetində “düşüncəsiz kəntoşlar” adlandırıb (Orijinalda “reckless rednecks”).
Gözəl ad qoyub, hərçənd, kənd adamlarına təhqirdir. Amerikada indi kəndlini də yaman günə salıblar. Gör vəziyyət hara gəlib ki, SSRİ dağılanda bizim hamımıza “Buşun ayaqları” adı qoyduğumuz broyler toyuq budları göndərən ABŞ təzəlikcə Azərbaycandan yumurta almağa məcbur olmuşdu.
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ