İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən məşhur lüks avtomobili "Bugatti"nin Bakıda satış mərkəzinin açılışı oldu

Yanvarın 25-də lüks avtomobil həvəskarlarının uzun müddətdir gözlədiyi Fransanın məşhur lüks avtomobil istehsalçısı Bugatti-nin Bakıda böyük şourumunun açılışı keçirilib.

Tədbirdə Bugatti brendinin Azərbaycandakı rəsmi dileri “Nazar Holdings” şirkətinin rəhbəri Əli Nəzər, Bugatti şirkətinin Satış Rəhbəri Guy Caquelin, Yaxın Şərq və Asiya Regional Direktoru Konstantinos Psarris, Marketinq və Kommunikasiya Rəhbəri Nicole Auger, Regional Satışdan Sonra Xidmətlər Meneceri Pierre Fresse, Berlin Dizayn Studiyasının Rəhbəri Jan Schmid, Tədbir Marketinqi və Layihələr üzrə Mütəxəssis Axel Seemann və KİV nümayəndələri iştirak ediblər.

“Nazar Holdings” şirkətinin rəhbəri Əli Nəzər çıxışında bu mühüm layihəni həyata keçirməkdən qürur duyduğunu bildirib. O qeyd edib ki, Bakıdakı yeni Bugatti şourumu yalnız dünyanın ən böyüyü deyil, həm də markanın lüks və innovasiya irsinin təcəssümüdür.

Bugatti-nin Yaxın Şərq və Asiya Regional Direktoru Konstantinos Psarris isə çıxışında “Nazar Holdings” şirkətinin Bugatti ailəsinə qoşulmasını təbrik edib. O əlavə edib ki, Bugatti brendi geniş bazara hədəfləndiyindən tərəfdaş seçimi həmişə xüsusi diqqətlə həyata keçirilir.

Tədbirdə Bugatti avtomobilinin yaradılma tarixi də diqqət mərkəzində olub. Qeyd edilib ki, 1909-cu ildə Ettore Bugatti tərəfindən əsası qoyulan brend incəsənət və mühəndisliyi birləşdirən avtomobil şedevrləri yaratmaqla zəngin tarixə sahibdir. Təqdimatda Bugatti-nin tarixi haqqında video çarx nümayiş etdirilib.

Tədbir zamanı Bugatti-nin ən son modeli olan Tourbillon təqdim olunub. Berlin Dizayn Studiyasının rəhbəri Jan Schmid modelin dizayn xüsusiyyətlərini açıqlayaraq bildirib ki, Tourbillon tamamilə yeni bir dizayndır və əvvəlki Chiron modelinin heç bir komponentini paylaşmır. O, həmçinin avtomobilin mexaniki saatlardan ilhamlanaraq hazırlanmış analoq konsolu və “skeletləşdirilmiş” mexaniki dizaynını xüsusi vurğulayıb.
Tourbillon-un interyerində mərkəzi hissəsi sabit qalan sükan çarxı, yalnız istifadə zamanı görünən multimedia ekranı və İsveçrə saat istehsalçısı Concepto tərəfindən titan materialından hazırlanmış cihaz paneli diqqət çəkir. Bugatti, avtomobilin ekran texnologiyası köhnəlsə belə, dizaynın "zamansız" qalmasını təmin etməyi qarşısına məqsəd qoyub.

“Nazar Holdings” rəhbəri Əli Nəzər Musavat.com-a açıqlamasında bildirib ki, bu modelin müştərilərə çatdırılması 2026-cı ildən etibarən həyata keçiriləcək.

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR