Onlayn ictimai-siyasi qəzet
Azərbaycan hava məkanını ən yaxşı qoruyan ölkələrdən biridir
“World Population Review” jurnalı 2024-cü il üçün ən güclü hava hücumundan müdafiə sisteminə malik ölkələrin siyahısını açıqlayıb. Siyahıda ilk onluq belədir:
Rusiya - S-400 Triumf, S-300VM (Antey-2500);
ABŞ - THAAD, Patriot PAC-3;
Çin - HQ-9, HQ-19;
İsrail - Davudun Sapandı, Dəmir Qübbə;
Hindistan - S-400, “Akaş”;
Türkiyə - S-400, Hisar-A/O+;
Fransa - Aster 30 SAMP/T;
İtaliya - Aster 30 SAMP/T;
Yaponiya - Patriot PAC-3, Aegis Ashore;
Almaniya - MEADS, Patriot.
Bu sıralamada iki məqam xüsusi diqqət çəkir: Rusiyanın ABŞ-dan, Hindistanın isə Türkiyədən daha güclü hava hücumundan müdafiə sisteminə malik olması.
Xatırladaq ki, Hindistan hazırda Ermənistanın əsas silah tədarükçülərindən biridir.
Hərbi jurnalist Səxavət Məmməd “Yeni Müsavat”a şərhində dövlətlərin hava hücumundan müdafiə sistemlərinə çox ciddi ehtiyacı olduğuna diqqət çəkdi: “Rusiya, ABŞ, İsrail kimi ölkələr hər zaman hava hücumundan müdafiə sistemlərinə xüsusi diqqət ayırıblar. Xüsusilə İsrail HƏMAS və "Hizbullah"ın raket hücumlarının qarşısını almaq üçün hava hücumlarından müdafiə sistemlərini daima təkmilləşdirməyə məcburdur. Rusiyanın bir çox hava hücumundan müdafiə sistemi var: S-125, S-200, S-300 və son texnologiya olan S-400. Hava hücumundan müdafiə sistemlərini həm texniki göstəricilərinə, həm də döyüşlərdə özünü göstərməsinə görə çeşidləmək mümkündür. Rusiya istehsalı olan S-400-lər texniki göstəricilərinə görə son dərəcə güclüdür, effektiv müdafiə sistemidir. Rusiya-Ukrayna müharibəsi zamanı bu aydın göründü. Türkiyənin stasionar olan hava hücumlarından müdafiə sistemləri zəif idi, bunun fərqində olduğu üçün ABŞ-dan "Patriot PAC-3"ları istədi. Qarşı tərəf bundan imtina etdikdə S-400-ləri almağa məcbur oldu. Türkiyə hava məkanını daha çox "F-16"larla qoruyurdu. "F-16"lar demək olar ki, hər gün hazır vəziyyətdə olurdu. "F-16"lar Ukraynada da istifadə olundu. ABŞ istehsalı olan güclü hava hücumundan müdafiə sistemləri var, xüsusilə THAAD-ları qeyd etmək olar. ABŞ Ukraynaya THAAD-ları vermirdi. Rusiya istehsalı həm S-300-lər, həm də S-400-lər müharibə və münaqişə ərazilərində ən güclü, ən dayanıqlı sistemlərdir. Bəzən sual olunur ki, nəyə görə güclü hesab olunan hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirə bilmir? Nəzərə almaq lazımdır ki, hava hücumundan müdafiə sistemləri çox bahadır. Məsələn, 50 min dollar dəyərində raket atılır və o raket 100 min dollar dəyərində ziyan vura bilər. S-400-ün raketləri isə bundan qat-qat bahadır. 50 minlik ziyanı ödəmək daha asandır, ya S-400-ün raketini buraxmaq? Hesablama bu qayda ilə aparıldığı üçün hava hücumundan müdafiə sistemlərinə nəzarət edənlər bəzi məsələlərə göz yumurlar".
Ekspert vurğuladı ki, Azərbaycanda Rusiya istehsalı arsenala şübhə ilə yanaşılır, NATO ölkələrinin istehsal etdiyi silahların isə daha yaxşı olduğu barədə fikir formalaşıb: “Türkiyəli zabitlər qeyd edirlər ki, Azərbaycan istehsalı stasionar hava hücumundan müdafiə sistemləri Türkiyəninkindən daha yaxşıdır. Ən güclü hava hücumundan müdafiə sistemlərinin siyahısında Rusiyanın ilk sırada yer alması təəccüblü deyil. Rusiya-Ukrayna müharibəsində istifadə olunan "Oreşnik" raketinin atılması da bunu sübut etdi. Qərb ölkələri də açıq şəkildə bildirdilər ki, hipersonik və orta mənzilli ballistik raketlər baxımından Rusiya ən azı 4 il öndədir. Ümumiyyətlə, Rusiya hər zaman hərbi sahəyə xüsusi diqqət ayırıb. Buna görə də proseslərə real yanaşmanın tərəfdarıyam. Artıq İran da S-400-lər əldə etmək istəyir. Hindistan və Türkiyə də S-400-lər əldə edib. Türkiyənin ilk 10-luğa düşməsinin əsas səbəbi budur. Yeri gəlmişkən, Türkiyə yerli istehsal olan hava hücumundan müdafiə sistemlərini yaratmaq istəyir. Amma bu o qədər də asan proses deyil, zaman lazımdır, üstəlik, çox xərc tələb edir. Məsələn, “Akaş”lar Hindistanın yerli istehsalıdır, güclü sistemdir. Sözügedən siyahıda da Hindistanın Türkiyədən öndə olmasının səbəbi budur. Azərbaycanda da bir çox hava hücumundan müdafiə sistemi var. Hətta iddia edirəm ki, Azərbaycanda S-400-lər olsa idi, ölkəmiz ən güclü hava hücumundan müdafiə sisteminə malik ölkələrin siyahısında ilk onluğa düşə bilərdi. Müharibə apara biləcəyi ölkələri nəzərə alsaq, Azərbaycanın kifayət qədər güclü hava hücumundan müdafiə sistemləri var və hava məkanını ən yaxşı qoruyan ölkələrdən biridir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ