İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyadakı müxtəlif müsəlman ölkələrinin maraqlı Qurban bayramı ənənələri

 

Bu gün dünyanın müxtəlif müsəlman ölkələrində Qurban bayramı qeyd olunur. Hər bir ölkə Qurban bayramını qeyd etməklə yanaşı, həm də öz mədəniyyətini və adət-ənənələrini əks etdirir. 

Musavat.com xarici mediaya istinadən müxtəlif müsəlman ölkələrinin maraqlı Qurban bayramı ənənələrini təqdim edir.

Qazaxıstan. Qurban bayramını maraqlı adət-ənənələri ilə qeyd edən ölkələrdən biri də Qazaxıstandır. Bu ölkədə Qurban bayramı müxtəlif tədbirlər, bayram namazından sonra məscidlərin həyətində keçirilən ənənəvi idman yarışları ilə qarşılanır.

Malayziya. Məlum olduğu kimi

Malayziyada buddistlər və müsəlmanlar ortaq həyatı paylaşırlar. Bu səbəbdən iki fərqli inancın ritualları bir-biri ilə qarşılıqlı əlaqədə olur. Uzun illərdir ki, Malayziyada Qurban bayramı zamanı küçələr, qurbanlıq heyvanlar bəzədilir, hətta rənglənir.

Əlcəzair. Bu ölkədə bəzi qədim Qurban bayramı ənənələri hələ də davam edir. Belə ki, Əlcəzairdə adətən üçüncü gün qurban kəsilir. Həmin gün ölkənin müxtəlif yerlərində vətəndaşlar bir araya gələrək yaşadıqları rayonlarda izdihamlı süfrələr düzürlər. Bu bayram süfrələrinin vazkeçilməz dadı "melfuf" adlandırdıqları kələm rulonlarının ənənəvi yeməyidir.

Mərakeş. Qurban bayramı Mərakeşdə “Böyük bayram” kimi də tanınır. Bu böyük günə hazırlıq bir neçə gün əvvəldən başlayır. Bayram günlərində onlarla insan yerlərini dəyişir.

Həmçinin əksər hallarda Mərakeşdə iqtisadi inkişaflar da Qurban bayramında formalaşdırılır. Belə ki, hökumət bayramdan əvvəl dövlət qulluqçularının maaşlarını yatırır və Qurban bayramı üçün banklara xüsusi kreditlər verir. Amma Mərakeşdə ən maraqlı Qurban bayramı ənənəsi bayram gününə təsadüf edir. Mərakeşlilər qurbanlıq heyvanların buynuzları arasına xına vurur və bunun xeyir gətirəcəyinə inanırlar.

Filippin. Bu gün də filippinli  müsəlmanlar Qurban bayramında çox maraqlı bir ənənəni qoruyub saxlayırlar. Qurban ibadətini yerinə yetirmək üçün iqtisadi gücə malik olan müsəlmanlar Qurban bayramının ilk günündə açıq ziyafət süfrələri açır. Süfrədə ən vacib yemək qurban ətidir. Arzu edənlər ziyafət süfrəsindəki yeməkləri evlərinə apara bilərlər. Lakin ziyafətin təşkilatçıları stolun arxasındakı stulların hər birinin altında bir qədər pul gizlədirlər, bu pullar stulda oturanlara aid olur.

Türkmənistan. Bu ölkədə də bayram namazından sonra qurbanlar kəsilir. Lakin Türkmənistanda Qurban bayramı bir çox ölkələrdən fərqli olaraq karnaval ab-havasında keçir. Ölkədə Qurban bayramı ilə bağlı xüsusi konsertlər və əyləncələr keçirilir.

Qurban bayramı adətləri arasında bayram zamanı ölkə küçələrini dolduran yelləncəklər də var. Bayramı ənənəvi geyimlərlə qeyd edən türkmənistanlılar yelləncəklərdə yellənməklə günahlarından qurtulacaqlarına inanırlar.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR