İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada insan alverinin qurbanları artır - Azərbaycanda isə...

Mahirə Əmirhüseynova: “Gənc qızlar xaricdə təhsil” adı ilə də insan alverinin qurbanına çevrilirlər”

Dünyada insan alveri qurbanlarının sayı yenidən artır. Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin 156 ölkəni əhatə edən hesabatında deyilir.

Qeyd olunur ki, COVİD pandemiyası dövründə bu göstərici azalsa da, 2022-ci ildə 25 faiz artıb. Əsas səbəblər kimi yoxsulluq, silahlı münaqişələr və iqlim böhranı göstərilir. Hesabatda xüsusilə uşaqların istismarı və məcburi əmək cinayətlərinin artması vurğulanır. BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin icraçı direktoru Qada Valinin sözlərinə görə, cinayətkarlar getdikcə daha çox adamı məcburi əməyə, o cümlədən mürəkkəb onlayn fırıldaqçılıq və kibercinayətlərə cəlb edir. Qadınlar və qızlar cinsi istismar və gender əsaslı zorakılıq təhlükəsi ilə üzləşirlər. Araşdırmalar göstərir ki, insan alveri qurbanlarının 61 faizi qadınlar və qızlardır.

Bəs Azərbaycanda bu sahədə, o cümlədən insan alveri və qadına qarşı zorakılıqlarla bağlı vəziyyət necədir? Başa çatmaqda olan ildə ötən illə müqayisədə konkret olaraq qadına, anaya, qıza qarşı zorakılıq halları artıb, yoxsa azalıb? Belə hallara rəvac verən əsas səbəblər, amillər nədir? Qanunlarımızda boşluqlar varmı? Milli mentalitet və yazılmamış qanunlar məsələdə nə dərəcədə rol oynayır?

Ekspertlərə görə, insan alveri qurbanlarının böyük hissəsi öz hüquqlarını bilmədiyinə və qorxu, utanc hissi keçirdiyinə görə kömək istəməyə çəkinir. Qeyd edilir ki, bu problemin geniş ictimaiyyət tərəfindən anlaşılması və qurbanların müdafiəsi sahəsində boşluqlar qalmaqdadır.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9389 müraciət qeydə alınıb. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb. Qeyd edilib ki, 2022-ci ildə bu rəqəm 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir. Ailə münaqişəsi zəminində Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 9389 hüquqazidd əməlin qarşısı alınıb.  Məişət zorakılığı ilə bağlı 1482 cinayət törətmiş 1386 (88 qadın, 1298 kişi) şəxs məsuliyyətə cəlb olunub. Bu hüquqazidd əməllər nəticəsində 1513 zərərçəkmiş şəxs (qadın 1224; kişi 289) müəyyən edilib. Statistik rəqəmlər göstərir ki, məişət zorakılığı ilə bağlı cinayət törətmiş şəxslərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə çoxu qadınlar olub.

Ümumiyyətlə, Azərbaycanda qadınlara və qızlara qarşı zorakılıq halları ciddi sosial məsələlərdən biri olaraq qalır. Ekspertlər qeyd edir ki, zorakılığın əsas səbəblərindən biri sosial və iqtisadi problemlər, gender stereotipləri, milli mentalitet, hüquq-müdafiə sistemindəki boşluqlar və bu məsələlərə laqeyd yanaşmadır. Milli mentalitet bəzən qadınlara qarşı zorakılığın bəraəti kimi istifadə edilir və bu da zorakılıq hallarının aradan qaldırılmasını çətinləşdirir.

Azərbaycan qanunvericiliyi məişət zorakılığının qarşısının alınması üçün tədbirləri nəzərdə tutur. Amma beynəlxalq standartlarla müqayisədə bir sıra boşluqlar var, xüsusilə də qurbanların təcili müdafiəsi və kompensasiya hüquqları sahəsində. Qeyd edilir ki, Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb, lakin bu, zorakılıq hallarının effektiv qarşısının alınması üçün vacib addım sayılardı.

2020-2023-cü illər üçün qəbul olunan Milli Fəaliyyət Planına baxmayaraq, bu sahədə bəzi təkmilləşmələrə ehtiyacın olduğu bildirilir. Maarifləndirmə tədbirlərinə, hüquq-müdafiə mexanizmlərinə və zorakılığın qarşısının alınması üçün təcili qadağanedici əmrlər kimi addımların genişləndirilməsinə ehtiyac duyulur. Problemlərin həlli üçün həm qanunların effektiv tətbiqi, həm də sosial yanaşmaların dəyişdirilməsi tələb olunur. Xüsusilə maarifləndirmənin artırılması, iqtisadi müstəqillik təmin edən layihələr və psixoloji dəstək xidmətlərinin yaradılması mühüm əhəmiyyət daşıyır.

MAHİR.jpg (62 KB)

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mahirə Əmirhüseynova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

“İnsan alveri problemi qlobal miqyasda ciddi sosial məsələdir. İnsan alveri ilə bağlı əsasən cinsi istismar, məcburi əməyin istismarı, eləcə də məcburi nikahlar və uşaq əməyindən sui-istifadə halları müşahidə olunur. Əsasən qadınlar və qızlar insan alveri qurbanlarının böyük hissəsini təşkil edir. Onlar aldadılaraq və ya məcbur edilərək xarici ölkələrə göndərilir və cinsi istismar hədəfinə çevrilirlər.

Cinsi istismar, xüsusən aztəminatlı və ya zorakılıq hallarından qaçmağa çalışan qadınlar daha həssasdır. Kişilər, qadınlar və uşaqlar məcburi işçi qüvvəsi kimi istifadə oluna bilər. Bu, əsasən kənd təsərrüfatı, tikinti və ya ev xidmətlərində baş verir. Qurbanların bir çoxu savadsızlıq və ya iqtisadi çətinliklər səbəbindən belə şərtlərə məcbur qalır. Məcburi nikahlar insan alverinin xüsusi formalarından biridir. Qadınlar əsasən iş yerlərində  yüksək maaş, gözəl yaşayış vədləri ilə aldadılırlar. Gənc qızlar bəzi hallarda ailələri tərəfindən zorla evləndirilməyə məcbur edilir, bu da onların hüquqlarını ciddi şəkildə pozur. Gənc qızlar xaricdə təhsil adı ilə insan alverinin qurbanına çevrilirlər". 

Koalisiya sədri əlavə edib ki, qadınlara qarşı zorakılıq bu gün narahatlıq doğuran məsələdir: “İnternetin ailələrin dağılmasında mənfi təsirini də xüsusi vurğulamaq lazımdır. Azyaşlı uşaqlar isə bəzən dilənçilik, ağır əmək və ya digər qanunsuz fəaliyyətlərdə istismar edilir. Uşaqların insan alveri riski yüksəkdir, xüsusən valideyn qayğısından məhrum olan uşaqlar daha çox təsirə məruz qalır. Azərbaycan insan alverinə qarşı müxtəlif milli və beynəlxalq proqramlarda iştirak edir. Qanunvericiliyə görə, insan alveri cinayət sayılır və ağır cəza tədbirləri nəzərdə tutulur. Milli fəaliyyət planında da insan alveri ilə mübarizəyə dair dövlət proqramı qurbanların hüquqlarını qorumağı, təhsil və ictimai maarifləndirmə vasitəsilə belə halların qarşısını almağı nəzərdə tutur. Ölkəmizdə insan alveri qurbanlarına sığınacaq, tibbi və psixoloji dəstək göstərən mərkəzlər fəaliyyət göstərir. İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası da əhali arasında maarifləndirmə işi apararaq insanları ehtiyatlı olmağa çağırır”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR