İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünya Türkiyəni NATO-nun ən vacib üzvlərindən biri olaraq tanımalı və...” - Arzu Nağıyev

Tural İsmayılov: “İsveç PKK simpatizanlarını ölkədən qovmalıdır”

 “Məlumdur ki, Alyansa yeni üzvlərin qəbulu bütün NATO-ya üzv dövlətlər tərəfindən yekdilliklə təsdiqlənməlidir. Türkiyə NATO üzvü kimi tək İsveçin deyil, eyni zamanda Finlandiyanın da qəbulu məsələsinə birmənalı yanaşmır. Burada təbii ki, bir sıra arqumentlər gətirilir”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında söylədi.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olması imkanını müsbət hesab etmədiyini deyib. Onun sözlərinə görə, Skandinaviya ölkələri terror təşkilatları, o cümlədən Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) üçün “qonaq evidir”. Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə vətəndaşlarının əksəriyyətinin bu ölkələrin NATO-ya daxil olmasını istəmədiyini və Ankaradan prosesin qarşısını almağı xahiş etdiyini bildirib. O, bu məsələni alyansdakı müttəfiqləri, eləcə də Helsinki və Stokholmla müzakirə etmək niyyətində olduğunu vurğulayıb. Rəsmi Ankaranın bu mövqeyi NATO-nun digər ölkələrində narahatlıq yaradıb.

A.Nağıyev bu mövzudan bəhs edərkən öncə xatırlatdı ki, NATO üzvü olmaq üçün müdafiə naziri vəzifəsini yalnız mülki şəxslər tutmalıdır: “Namizəd ölkənin qonşuları ilə ərazi mübahisələri və ölkədə xarici hərbi bazalar olmamalıdır və eyni zamanda silahlı qüvvələrin strukturu və təchizatı Alyansın standartlarına uyğun olmalıdır. Ən mühüm məsələlərdən biri də etnik, ərazi və siyasi münaqişələri ATƏT-in prinsiplərinə uyğun və iştirak etdiyi beynəlxalq mübahisələri dinc vasitələrlə həll edilməlidir. NATO-nun baş katibi Yens Stoltenberq öz çıxışlarını birində qeyd etdi ki, NATO Rusiyanı cilovlamaq və onun təcavüzkar hərəkətlərinə cavab vermək üçün şərqə doğru genişlənməlidir. Rusiya - Ukrayna müharibəsindən sonra artıq Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin NATO-ya dərhal üzv olmağa çağıran birgə bəyanatla çıxış etdilər. Həmçinin NATO da öz tərəfindən bu müraciətə tez baxılacağını bəyan edib”.



 A.Nağıyev bildirdi ki, təbii olaraq Rusiya ilk növbədə bunun əleyhinədir və NATO -nu ittiham edir: “Rusiya artıq Finlandiyaya elektrik enerjisinin verilməsini də dayandırıb. Bu məsələdə Türkiyənin də mövqeyi birmənalı deyil və NATO üzvü olan bir dövlət kimi ilk olaraq özünün mənfi fikrini açıqladı. Türkiyə prezidenti cənab Ərdoğan bildirdi ki, “Skandinaviya ölkələri terror təşkilatları üçün qonaq evi kimidir” məhz buna görə də rəy mənfidir. Bundan sonra Stokholm və Helsinki Türkiyə təmsilçiləri ilə danışıqlara başlanacağını elan ediblər. Cənab Ərdoğanın fikrincə, o istəmir ki, vaxtilə Yunanıstanın NATO-ya daxil olduğu zamankı kimi ciddi “səhvlər” edilsin. Türkiyənin bu ölkə ilə münasibətləri daimi mürəkkəbləşib, hətta NATO üzvü olmaq da münasibətləri müsbətə doğru dəyişməyib. Türkiyə uzun müddətdir ki, Skandinaviya ölkələrini, xüsusən də çoxlu İsveçi ekstremist kürd qruplarına, eləcə də ABŞ-da yaşayan Fətullah Gülənin ardıcıllarına sığınacaq verməkdə ittiham edir. Təbii ki, ABŞ da “Türkiyənin mövqeyini aydınlaşdırmaq” üzərində işləyir. Artıq məlumdur ki, İsveç xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da Berlində həm İsveç, həm də Finlandiyanın dəvət olunduğu NATO xarici işlər nazirlərinin toplantısında cənab Mövlud Çavuşoğlu ilə danışacağını bildirib. Qeyd etmək lazımdır ki, Türkiyənin bir marağı da NATO üzvü kimi tək Yaxın Şərq və Aralıq dənizi hövzəsində deyil, bütövlükdə dünyanın ən nüfuzlu və döyüşkən orduya malik üzv kimi qəbul olunması istəyidir. Eyni zamanda regional bir oyunçu kimi Rusiyanı da nəzərə almaqla bağlı dolayı da olsa, yol göstərir”.

Deputat qeyd etdi ki, Türkiyə razılıq versə də, NATO üzvü kimi, istər Rusiya, istər Çinlə bağlı öz mövqeyini də ortaya qoyur: “Təbii ki, ortaq bir məxrəc tapılacaq və razılıq əldə ediləcək. Amma bütün dünya Türkiyəni NATO-nun ən vacib üzvlərindən biri olaraq tanımalı və onun mövqeyinə hörmətlə yanaşmalıdır”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə xatırlatdı ki, Türkiyə uzun müddətdir NATO tərəfindən müxtəlif haqsızlıqlara məruz qalır: “NATO üzvü olaraq Türkiyə Qərbi bir çox problemlərdən qoruyub. Lakin bunun qarşılığında NATO Türkiyəyə qarşı heç vaxt ədalətli mövqe nümayiş etdirməyib. Suriyadan qaçqın bumu ilə üzləşən Avropanı Türkiyə miqrant axınlarından qoruyur. Lakin təəssüf ki, ABŞ uzun müddət qırıcı təyyarələrlə bağlı Türkiyəyə haqsız təzyiqlər edirdi. Bu gün NATO-nun nüfuzu sarsılmış durumdadır. Real olaraq Ukraynanın və Gürcüstanın NATO-ya üzvlüyü uzun illərdir manipulyasiya edilir. Bu baxımdan düşünürəm ki, Türkiyənin siyasi nüfuzunun artmağı elə NATO daxilində də bəzi imperialistlərin narahatlığına səbəb olur”.

T.İsmayılov bildirdi ki, hazırda Türkiyənin Rusiya-Ukrayna danışıqlarında digər üzvlərdən fərqli olaraq, barışdırıcı mövqe nümayiş etdirməyi NATO-nu qane edir: “Türkiyəyə həm Ukrayna, həm də Rusiya hörmət edir. Bu baxımdan NATO rəhbərliyi Türkiyə ilə təmaslara indi daha çox diqqət ayırır. NATO rəhbərliyi ilə Ərdoğanın danışıqları da bu kontekstdə dəyərləndirilməlidir. Yəqin ki, İsveç və Finlandiyanın NATO üzvlüyü fonunda müzakirələr hələ bir müddət davam edəcək. İsveçin hazırda NATO-ya üzvlüyü mümkün deyil. Çünki NATO nizamnaməsi Türkiyənin bu mövzuda pozitiv rəyini mütləq edir. Lakin İsveçin uzun illərdir PKK təbliğatçılarının mərkəzinə çevrilməyi narahatedici məqamdır və Türkiyə haqlı olaraq öz etirazlarını nümayiş etdirir. İsveç PKK simpatizanlarını ölkədən qovmalıdır. Bunu etsə, yəqin ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünün əleyhinə olmayacaq”.

Qeyd edək ki, artıq İsveç hökuməti krallığın NATO-ya qəbul edilməsi ilə bağlı mövcud anlaşmazlıqların həlli üçün Türkiyəyə nümayəndə heyəti göndərməyə qərar verib. Bu gün, mayın 16-da İsveç parlamentində NATO-ya üzvlük məsələsi barədə debatlar keçiriləcək. Həmçinin İsveç hökuməti alyansa daxil olmaq barədə ərizəni təsdiqləmək üçün bir araya gələcək.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR