Onlayn ictimai-siyasi qəzet
İsrail 32 dövləti Tehrana qarşı qaldırmaq istəyir; politoloq: “Bununla Qərbin planlarına uyğun hərəkət etməyə razılaşacaqları ehtimalı yoxdur”
İran dünyada terroru gizli şəkildə dəstəkləyən ölkələr sırasında olan ölkə kimi təqdim edilir. Bu onunla əsaslandırılır ki, Tehran açıq şəkildə terror törədilməsini zaman-zaman təşkil edir, terror təhdidlərini rəsmi şəxslər, deputatlar dilə gətirirlər.
Azərbaycanın Tehrandakı səfirliyində 2023-cü ildə həyata keçirilən terror İranın bu kontekstdə ciddi “uğurlarından” biri hesab oluna bilər.
Hazırda İranla İsrail arasında müharibə vəziyyəti yaranıb, Tehranın dron hücumuna hansı cavabın nə zaman veriləcəyi üzərində müxtəlif fikirlər var.
Belə bir dönəmdə İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkəyə məktub yazıb, onları İranın raket proqramına sanksiya qoymağa çağırıb.
O, Tehranın həftəsonu İsrailə hücumundan sonra həmin ölkələri İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.
Nazir “İrana qarşı siyasi hücuma rəhbərlik etdiyini” də diqqətə çatdırıb.
Əgər 32 ölkə - dünyanın aparıcı dövlətləri SEPAH-ı terror təşkilatı kimi tanıyarsa, bu, İranın vurulmasını legitimləşdirməyə əsas yaratmış olacaq. Həmçinin uranın zənginləşdirilməsi prosesindən çəkilməyən Tehranın vurulması üçün illərdir fürsət gözlənilir. SEPAH terrorçu təşkilat elan olunarsa, təbii ki, bunun ardınca İranın legitim hədəf kimi bombalanması məsələsi aktuallaşacaq.
Düzdür, İranın geniş miqyasda bombalanması bütövlükdə region üçün ağır fəsadlar verə bilər, ancaq təbii ki, İranla bağlı bu planların gerçəkləşdirilməsi gec-tez baş verəcək. Terrorçu dövlət elan edildikdən sonra isə İran olduqca ağır bir duruma düşmüş olacaq. Beləliklə, İran hazırda fəlakətin kandarındadır, seçim qarşısındadır. Ya iddialarından geri çəkilməli, Qərbin planlarına uyğun davranmalıdır, ya da bu ölkəni viran qoya bilən hərbi proseslər başlayacaq. İran hansı yolu seçəcək?
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, İsrail xarici işlər nazirinin müraciət etdiyi dövlətlər arasında SEPAH-ı terror təşkilatı kimi tanımaqla bağlı ciddi fikir ayrılığı var. İndiki şəraitdə heç bir dövlət İrana qarşı bu qədər sərt mövqe sərgiləmək istəmir. İrana qarşı bu qədər sərt addım atmaq həm də İsrailin maraqlarına xidmət etmək olar ki, dövlətlər bu gün İsrailə dəstək vermək naminə buna getmək istəyində deyil: “Bunu biz hətta İsrailin anti-İran siyasətinə dəstək nümayiş etdirən ABŞ-ın mövqeyində də gördük. Düzdür, ABŞ İrana qarşı əlavə sanksiyaların qəbul ediləcəyini, xüsusilə raket və nüvə proqramları ilə bağlı məsələlərin sanksiyaların təsiri altına düşəcəyini bəyan edib. Amma ABŞ-ın daha irəli gedərək SEPAH-ı terror təşkilatı kimi tanımaq kimi sərt addım atacağını indiki halda düşünmək mümkün deyil. Nəzərə alsaq ki, Amerika seçkilərə hazırlaşır və Orta Şərqdə vəziyyətin gərginləşməsi İsrail-İran açıq müharibəsinin baş verəcəyi təhlükəsi demokratlar üçün ciddi səs itkiləri ilə yekunlaşa bilər. ABŞ anlayır ki, İranı qısa müddətdə işğal etmək mümkün olmayacaq və bu müharibə uzunmüddətli müharibəyə çevriləcək. Ki, bu da ABŞ üçün ciddi başağrısıdır. Ona görə də hesab etmirəm ki, ABŞ İsrailə belə bir vəziyyəti yaratmağa imkan versin. Amerikanın və müttəfiqlərinin İrana qarşı sanksiyalar çərçivəsindən irəli gedəcək addımlar atacağını proqnazlaşdırmaq mümkün deyil. Hesab edirəm ki, İran da bu proseslərdən ciddi nəticələr çıxarmalıdır. Çünki İran ötən həftə həyata keçirdiyi dron şousunun ictimaiyyət üçün qələbə kimi təqdim edilməsinə baxmayaraq rəqibləri İranın əslində nəyə qadir olmadığını çox yaxşı gördü. Ona görə də İran bundan sonra daha praqmatik siyasət yürütmək məcburiyyətindədir. İranda artıq rejim anlayır ki, proksi qruplara, bölgə dövlətlərinə əvvəlki kimi daha rahat təsir etmək imkanları tükənməkdədir. İran rəhbərliyi artıq anlayır ki, İsrailin, xüsusilə koalisiya gücləri qarşısında imkanları məhdudur. Bundan sonra İsraillə İran arasında bəyanatlar səviyyəsində hədə-qorxular davam edəcək. İsrail İranın proksi qruplarına qarşı kiçik həcmli əməliyyatları olacaq”.
Politoloq Yusif Bağırzadə bildirdi ki, SEPAH-ın terror təşkilatı kimi tanınması ilə bağlı çağırışlar yeni çağırışlar deyil. İndiyə qədər də belə çağırışlar olub və nəticə etibarilə İsraillə yanaşı ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Kanada kimi ölkələr SEPAH-ı terror təşkilatı kimi tanıdığını bəyan edib və öz siyahılarında İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil ediblər. Daha əvvəllər isə SEPAH-ın yalnız Əl-Qüds adlanan xüsusi bölməsi terror təşkilatı kimi tanınırdı.
Yusif Bağırzadə
İndi İsrailin müraciətindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu kimi tanıyan ölkələrin sayı yenə də arta bilər: “Belə ki, SEPAH-ın Almaniya və ümumilikdə Avropa İttifaqının terror təşkilatları siyahısına salınması mümkündür. Elə bu yaxınlarda Almaniyanın xarici işlər naziri Analena Berbok da bildirmişdi ki, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir.
Təbii ki, daha çox ölkənin SEPAH-ı terror təşkilatı kimi tanıması İsrailin əlini möhkəmləndirə bilər. Amma bu, İranın vurulmasını legitimləşdirmək üçün əsas deyil. Ümumiyyətlə, İsrailin İranı vurmaq üçün nəyi isə legitimləşdirməyə ehtiyacı yoxdur. Ortada HƏMAS-ın İran tərəfindən maliyyələşdirildiyi və silahlandırıldığı, eləcə də İran ərazisindən İsrailə dron və raketlərlə hücum etməsi faktı var. Bunlar İsrailin cavab zərbələri endirməsi üçün kifayət edir.
Sadəcə, İsrail ayrı-ayrı dövlətlər tərəfindən bu cür qərarların qəbulu ilə İrana qarşı cəbhəni genişləndirməyə və öz imkanlarını artırmağa cəhdlər edir. Ayrı-ayrı sahələrdə tətbiq ediləcək sanksiyalarla yanaşı İranda əsas söz sahibi olan bir strukturu da terror təşkilatı kim tanıtmaq informasiya müharibəsi və beynəlxalq ictimai dəstək baxımından önəmli ola bilər".
İranın sanksiyalara və ya SEPAH-la bağlı olacaq qərara münasibətinə gəldikdə isə politoloq hesab edir ki, rəsmi Tehranın bununla Qərbin planlarına uyğun hərəkət etməyə razılaşacağı ehtimalı yoxdur: “Birincisi ona görə ki, İran onsuz da uzun müddətdir ki, sanksiyalar altında yaşamağa öyrənib. Elə keçən il Rusiyaya pilotsuz uçuş aparatları, kamikadze dronları, raket sistemləri tədarük etdiyi üçün ABŞ və Avropa İttifaqı tərəfindən sayca beşinci sanksiyalar paketi ilə üzləşib və həmin sanksiyalar da əslində elə İran müdafiə sənayesi məhsullarının və neft ixracını hədəfə almışdı. Amma dəyişən bir şey olmadı.
İkinci bir tərəfdən isə SEPAH İranın bütün ərazilərinə nəzarəti həyata keçirən bir strukturdur. Təşkilatın İran ərazisində 16 qərargahı və şurası fəaliyyət göstərir. Onlar da öz növbəsində inzibati bölgələrə, baza və postlara bölünür. Bu isə SEPAH-ın bütün prosesləri ələ almasına kömək edir. Bundan başqa, SEPAH-ın milyonlarla üzvü olan casus şəbəkəsi də ona bu işdə yardımçı olur. SEPAH həmçinin İran qoşunlarını da tam nəzarəti altında saxlayır. Yəni başqa sözlə, SEPAH-ın terror təşkilatı elan olunması İran hakimiyyətində əksinə, Qərbə qarşı daha böyük nifrət yaradacaq ki, bu da Qərbin planlarına uyğun davranmağı imkansız edir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ