İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya iqtisadiyyatına Çindən gələn böyük təhdid - proqnozlar ürəkaçan deyil

Elman Sadıqov: “Neft qiymətlərində çox yüksək volatillik olacaq: 100-120 dollar da ola bilər, 40-50 dollar da”

İsrail-HƏMAS qarşıdurması, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dünya gündəmini zəbt etsə də, analitik mərkəzlərin qlobal iqtisadiyyatda mənfi tendensiyaların getdikcə dərinləşməsindən narahatlıqları diqqəti cəlb edir. Bir çox analitik mərkəzlər inflyasiyaya qarşı mübarizə məqsədli sərt monetar siyasətin, eyni zamanda Çin iqtisadiyyatında gedən proseslərin dünya iqtisadiyyatına təhdidləri artırdığını bildirirlər. Beynəlxalq maliyyə qurumlarının ekspertləri sərt monetar siyasətdən yumşalmaya keçidin ləngidilməsinin ciddi problemlərə yol açacağına dair xəbərdarlıq edirlər. 

Qeyd edək ki, Çində regional hökumətlərin nəhəng borcları, eyni zamanda iqtisadiyyatdakı bərpa prosesinin getdikcə yavaşıması bütövlükdə dünya iqtisadiyyatı üçün ciddi təhdid hesab olunur. Dünyanın bir nömrəli istehsalçı və istehlakçısında iqtisadi artımın yavaşıması bütün dünyada tələb və təklifin həcminə böyük təsir göstərir. Artıq Çində yaranan borc probleminə görə “Moody’s Investors Service” Beynəlxalq Reytinq Agentliyi bu ölkənin reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə dəyişib. Ardınca isə agentlik səkkiz Çin bankının reytinqi üzrə proqnozu “stabil”dən “neqativ”ə endirib. Bunlar Çin Kənd Təsərrüfatının İnkişafı Bankı, Çin İnkişaf Bankı, Çin İxrac-İdxal Bankı, Çin Kənd Təsərrüfatı Bankı, Çin Bankı, Çin İnşaat Bankı, Çin Sənaye və Ticarət Bankı və Çin Poçt Əmanət Bankıdır. 

“Moody’s” bundan əlavə, Honq-Konq, Makao, 10 Çin sığorta şirkəti və 18 qeyri-maliyyə şirkəti, o cümlədən Alibaba və Tencent üçün reytinq proqnozlarını da sabitdən mənfiyə dəyişdirib: “Mənfi proqnoza dəyişiklik hökumətin və dövlət sektorunun borc sıxıntısı olan regional və yerli hökumətlərə və dövlət müəssisələrinə maliyyə dəstəyi göstərəcəyinə dair artan işarələri əks etdirir ki, bu da Çinin maliyyə, iqtisadi və institusional gücünün geniş şəkildə pisləşməsi riskləri yaradır”. 

Elman Sadıqov: “Gələn il devalvasiya qərarı verilsə...” -

Elman Sadıqov

Göründüyü kimi, dünya iqtisadiyyatının lokomotivlərindən biri olan Çin iqtisadiyyatında proseslər mənfiyə doğru sürətlənir. Bu isə qlobal iqtisadiyyatdakı mövcud problemlərin daha da dərinləşməsi təhlükəsini artırır. İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, pandemiya dövründə qırılan tədarük zənciri bütün dünyada inflyasiyanı tətikləyib: “İnflyasiya, demək olar ki, bütün ölkələrdə bu və ya digər şəkildə özünü büruzə verdi. Əlbəttə, inkişaf etmiş ölkələrdə inflyasiya səviyyəsi bir, inkişaf etməkdə olan ölkələrdə digər səviyyədə oldu. Lakin hər bir ölkədə onun üçün xarakterik olmayan həddə çatdı, hədəf inflyasiya dərəcəsindən yüksək oldu: ABŞ-da da, Avropada da, digərlərində də.  Məsələn, ABŞ-da hədəf inflyasiya dərəcəsi 2 faiz olduğu halda 9 faizdən yuxarı qalxdı. Amma artıq ABŞ-da inflyasiya 3,2 faizə, Avropada 3,6 faizə, Böyük Britaniyada 4,6 faizə qədər azalıb. Bu 3 böyük iqtisadiyyata malik dövlət inflyasiyanl hədəf göstəricisinə tam yaxınlaşdırıb. Yaponiya, HonqKonq, Cənubi Koreya, Tayvanda isə inflyasiya keçən ildən nəzarət altına alınıb. Yəni iqtisadi güc mərkəzlərinin hamısında inflyasiya prosesi nəzarətə götürülüb, idarə olunan səviyyəyə endirilib. Lakin inkişaf etməkdə olan ölkələrin əksəriyyətində inflyasiya hələ də iqtisadiyyat üçün təhdidlər formalaşdırmağa davam edir. Bura Türkiyə, Latın Amerikası, Cənub Şərqi Asiyanın bir sıra ölkələri aiddir. 

ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digər iqtsadi güc mərkəzi olan ölkələrdə mərkəz banklar inflyasiyanı həm faiz dərəcələrini artırmaq, həm də iqtisadiyyatdan pulu çəkməklə cilovladılar. Bu mərkəzlərin valyutaları - ABŞ dolları, avro, Britaniya funtu dünyanın ən dönər valyutalarıdır. Xüsusilə də ABŞ dolları dünya ticarətində ən böyük paya malik valyutadır. Nəticə etibarilə ABŞ-ın dollarla bağlı qəbul etdiyi bütün qərarlar ikibaşlıdır - yəni ikili təsirə malikdir. Bir təsir istiqaməti ABŞ-ın özünədir - istər əmək bazarına, istər inflyasiyaya, istər biznesə... İkinci təsir istiqaməti dünya ölkələrinə, xüsusilə də inkişaf etməkdə olan ölkələrdir. İnkişaf etmiş ölkələrə dolların təsiri daha azdır, nəinki inkişaf etməkdə olan ölkələrə. Məsələn, Çinin borc bataqlığına düşən Pakistana, Şri-Lankaya dolların bahalaşması çox böyük zərər vurdu. Şri-Lanka iflas etdi. Afrikanın bir sıra ölkələri xarici borclarını ödəməklə bağlı böyük problemlər yaşadılar. Təsəvvür edin ki, Misir kimi böyük bir dövlət idxalının dəyərini ödəmək üçün dollar tapa bilmir. Bəzi ölkələrin tədiyə balansı mənfiyə düşdü, bəzilərində valyuta ehtiyatları kəskin azaldı. Yəni dolların bahalaşması inkişaf etməkdə olan ölkələr üçün çox böyük problemlər yaratdı, onlara investisiya axınını zəiflətdi, xarici borc cəlb etmək imkanlarını minimuma endirdi. Nəticədə istehsal azaldı, işsizlik çoxaldı. Bütün bunlar o deməkdir ki, ABŞ-ın dollarla bağlı qərarları özünə nə qədər sərf etsə də, inkişaf etməkdə olan ölkələrə bir o qədər zərər vurdu".

Ekspert bildirir ki, FED uçot dərəcəsini qlobal iqtisadiyyatı böyük təlatümlərə gətirəcək səviyyəyə qədər qaldırmadan problemi həll edə bilib: “Biz dəfələrlə qeyd etmişik ki, dünya iqtisadiyyatı ABŞ-ın 5,5, maksimum 5,75 faizlik uçot dərəcəsinə davam gətirmək imkanındadır. Özü də bu səviyyədə çox uzun müddət qalmamaq şərtilə. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 6-6,25 faizə qədər qaldırsaydı, dünya iqtisadiyyatında böyük kataklizmlər baş verərdi. FED uçot dərəcəsini təhlükəli həddə qədər qaldırmadan məqsədinə nail ola bildi. ABŞ hökuməti uçot dərəcəsini artırmaqla yanaşı miqrasiya çərçivəsini daraltmaqla işsizlik səviyyəsinin artmasına imkan vermədi. Eyni zamanda sərt monetar siyasət şəraitində biznesin boğulmasının qarşısı alındı, biznesə müxtəlif təşfiq mexanizmləri tətbiq olundu”.

E.Sadıqova görə, növbəti ildə dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malik neft bazarında proseslər biristiqamətli getməyəcək: “Yəni davamlı kəskin qiymət artımı, eyni zamanda davamlı kəskin ucuzlaşma gözlənilmir. Lakin kəskin bahalaşma və ucuzlaşma dövrləri ola bilər, bunlar gözlənilir də. Yəni neft qiymətlərində çox yüksək volatillik olacaq: 100-120 dollar da ola bilər, 40-50 dollar da. Burada qısamüddətli dalğalar deyil, əsas məsələ orta illik qiymətdədir. Yəni neft bazarında yüksək qiymətlər dövrü daha çox olacaq, yoxsa aşağı qiymətlər dövrü - əsas məsələ budur. Neft bazarında çox böyük dövlətlərin mənafeləri, maraqları toqquşur və 2024-cü ildə qiymətlərə təsir edən əsas amil onlar arasındakı mübarizə olacaq. Digər tərəfdən, alternativ enerjiyə yatırımların sürətli artımı var. Daha bir amil Avropa Birliyinin qaz bazarındakı vəziyyətdir. Bu amil də neft bazarında proseslərə ciddi təsir edir. Gələn il neft bazarında qiymətlər 3 fazada fərqli ola bilər: yanvar-mart, aprel-sentyabr, oktyabr-dekabr. Bu fazalarda qiymətlər arasında çox kəskin fərqlər olacaq. 2023-cü ildə ümumilikdə neft qiymətlərində kəskin düşüş olmadı, amma 2024-cü ildə bu, nəinki istisna edilmir, hətta gözləniləndir. Azərbaycanda bu qiymət dəyişkənliyinə hazırlıq olmalıdır. Ümumiyyətlə, qlobal səviyyədə enerji sektorundakı dəyişikliklərə hazır olmalıyıq”.

Qeyd etdiyimiz kimi, qlobal əmtəə bazarlarında tələbatı artıran əsas amil Çindir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu il qlobal neft tələbatının artımının təxminən 75 faizi Çinin payına düşür. Çində Covid-dən sonrakı bərpanın yavaşlaması siqnalları və qlobal iqtisadi artımın zəif perspektivləri neft bazarında qiymətlərin azalmasına səbəb olur. Neft qiymətləri artıq yeddinci həftədir ki, qırmızı zolaqdadır.

Analitik mərkəzlərə görə, Çində neftə tələbat artımı gələn il yavaşlayacaq. Ekspertlər pandemiyadan sonra azalmış tələbin təsirlərinin azalmağa başladığını qeyd edirlər. Çin Baş Gömrük İdarəsinin məlumatlarından aydın olur ki, noyabrda Çin tərəfindən neft idxalının orta gündəlik həcmi oktyabr ayı ilə müqayisədə 10 faizdən çox azalıb - 11,531 milyon bareldən sutkada 10,328 milyon barelə düşüb.

Noyabrda Pekinin neft idxalı mütləq ifadədə 42,45 milyon ton neft təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 13,3 faiz, keçən ilin eyni ayına nisbətən isə 9,2 faiz azdır. Alınan xammalın dəyəri 27,56 milyard dollar təşkil edib. 

Orta gündəlik ifadədə, keçən ay Çinə neft tədarükünün həcmi oktyabrda 1,58 milyon tona qarşı sutkada 1,42 milyon ton təşkil edib. Sənaye analitikləri bildirirlər ki, Çində neft tələbi noyabr ayında marjaların daralması səbəbindən neft emalı zavodlarının fəaliyyətinin zəifləməsi fonunda azalmağa başlayıb.

Yanvar-noyabr aylarında Çinin neft idxalı 515,65 milyon ton təşkil edib ki, bu da illik göstəricidən 12,1 faiz çoxdur. İdxalın maliyyə dəyəri 8,1 faiz azalaraq 334,9 milyard dollar təşkil edib.

Öz növbəsində, ötən ay Çinə neft məhsullarının tədarükü oktyabr ayı səviyyəsində qalıb və cəmi 0,6 faiz artaraq 4,16 milyon tona çatıb. Ümumilikdə, 2023-cü ilin on bir ayı ərzində Çin 43,23 milyon ton (25,4 milyard dollar dəyərində) neft məhsulları idxal edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 1,9 dəfə çoxdur.

Pandemiyaya görə məhdudlaşdırıcı tədbirlərin ləğvindən sonra Çin iqtisadiyyatının böyüməsi 2023-cü ildə qlobal enerji bazarının əsas hərəkətverici amillərindən biridir. Beynəlxalq reytinq agentliklərinə görə, bu il neftə tələbat artımının böyük hissəsi Çinin payına düşəcək və hazırda bu artım sutkada 2,5 milyon barel səviyyəsində proqnozlaşdırılır.

Bloombergin rəyini aldığı sənaye ekspertləri və analitiklərinin konsensus proqnozu Çində karbohidrogen tələbinin 2024-cü ildə gündə 500 min barel artacağını göstərir ki, bu da 2023-cü ildəki artımın üçdə birindən azdır: “Gələn il tələbin artım tempi normal trayektoriyasına qayıdacaq, çünki pandemiya ilə əlaqəli amillər aradan qalxacaq. Bazar üçün proqnozu ürəkaçan adlandırmaq olmaz. Benzin və dizel yanacağı kimi tələbatın əsas komponentləri artım sürətini itirir”.

Dünya SAKİT,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR