Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq media qurumları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında dünənki çıxışının “çox sərt” olduğunu yazıb.
Musavat.com xəbər verir ki, Türkiyə lideri Baş Assambleyada çıxışına : “Bəziləri narahat olsa da və yenidən bizi hədəfə alsa da, bu gün mən insanlığın ortaq kürsüsündən həqiqətləri açıq şəkildə söyləyəcəyəm”, -sözləri ilə başlayıb.
Ərdoğan Fələstini dövlət kimi tanımayan ölkələri tarixin doğru tərəfində olmağa çağırıb.
Qəzzada aylardır davam edən döyüşlərə diqqət çəkən prezident: “Ey BMT Təhlükəsizlik Şurası, Qəzza soyqırımının qarşısını almaq, Fələstin xalqı ilə birlikdə öz vətəndaşlarının həyatını təhlükəyə atan qırğın şəbəkəsini dayandırmaq üçün nəyi gözləyirsiniz?”, -tribunadan bildirib.
Ərdoğanın BMT-dəki çağırışları bu gün bütün dünyada əks-səda verib. AFP xəbər agentliyi “son dəqiqə” xəbərində “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin bütün bölgəni müharibəyə sürüklədiyini söylədi. Ərdoğan sərt çıxışında Qəzzada təkcə uşaqlar deyil, BMT sistemi də ölür”, -deyə bildirib.
AP xəbər agentliyi isə “Türkiyə prezidentinin İsrailin fələstinlilərə qarşı etnik təmizləmə apardığını və Hitler kimi Netanyahunun da dayandırılmasının vacib olduğunu” yazıb.
“Əl-Cəzirə” “Türkiyə prezidenti Ərdoğan Qəzzada BMT və Qərb dəyərlərinin öldüyünü söylədi” başlıqlı xəbərində bunları qeyd edib: “İsrailin Qəzzaya hücumunu açıq şəkildə tənqid edən Ərdoğan Yaxın Şərqi müharibəyə sürükləyən Netanyahu hökumətini və onun qətl şəbəkəsini dayandırmağa çağırıb".
ABŞ-ın “Politico” nəşri Ərdoğanın BMT toplantısında İsrailin baş naziri Netanyahunu Hitlerə bənzətdiyinə diqqət çəkib və “insanlıq ittifaqı”na çağırış etdiyini deyib.
Qəzet prezident Ərdoğanın ABŞ prezidenti Co Baydenin ardınca BMT Baş Assambleyasında kürsüyə çıxdığını və Ərdoğanın ABŞ-n bölgədəki siyasətini tənqid etdiyini yazır: “Atəşkəs üçün çalışdıqlarını iddia edənlər İsrail qırğınlarını davam etdirə bilməsi üçün ona silah və sursat göndərirlər”.
“The Jerusalem Post” qəzeti yazıb ki, Ərdoğan İsrailin müttəfiqlərini dəstəklərinə görə tənqid edib və Qəzzada ədalətə və atəşkəsə çağırıb.
Ərdoğanın Qəzzadakı müharibəyə BMT-nin reaksiyasını sərt şəkildə tənqid etdiyinə diqqət çəkən qəzet prezidentin “Fələstin xalqı ilə yanaşı öz vətəndaşlarının da həyatını təhlükəyə atan, öz siyasi iqbalı üçün bütün bölgəni müharibəyə sürükləyən qətliam şəbəkəsini dayandırmaq üçün daha nəyi gözləyirsiniz? Ey İsrailə dəstək verənlər, nə zamana kimi bu qətliamı seyr edəcəksiniz və bu vəhşiliyə ortaq olmağın utancını yaşayacaqsınız?”, -çıxışına yer verib.
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ