Onlayn ictimai-siyasi qəzet
“Hazırda Dohada ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İran və İsrail arasında danışıqlar aparılır. Görüşün məqsədi İranı Qəzzada atəşkəs müqabilində İsrailə qarşı vəd edilmiş cavab zərbəsini həyata keçirməməyə inandırmaqdır”. Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” online nəşri yazır.
Öncə bildirilir ki, müasir tarixdə İran və İsrailin qarşılıqlı düşmənçiliyi Tehranın Fələstinin bölünmə planına qarşı çıxdığı və ardıcıl olaraq əleyhinə səs verdiyi 1940-cı illərə gedib çıxır. Sonra İran İsrailin BMT-yə qəbul edilməsinə qarşı çıxıb və Ərəb-İsrail müharibəsi zamanı Tehran ərəblərə maddi yardım edib. Bu gün hər iki ölkə bir-birinə tarixi düşmən kimi baxırlar.
İyulun 31-də prezident Məsud Pezeşkianın andiçmə mərasiminə gələn HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Tehran İsraildən qisas alacağına vəd verib.
İki həftə ərzində dünya Tehrandan “cavab zərbəsi” gözləyirdi. Üstəlik, onun müxtəlif formalarda - raket atəşi, hədəfli zərbə, yüksək rütbəli israilli siyasətçinin həyatına qəsd ola biləcəyi ehtimal edilirdi. Nəticədə bu vəziyyət bölgədə genişmiqyaslı münaqişəyə səbəb ola bilərdi.
“Hadisələrin bu cür inkişafı, politoloqların fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu üçün faydalıdır və Qətərdəki danışıqların nəticəsi indi böyük ölçüdə onlardan asılıdır. Qərb mənbələri də qeyd edir ki, razılığa gəlmək mümkün olmaya da bilər. Çünki Qəzza sərhədinə kimin nəzarət etməli olduğu aydın deyil. HƏMAS bu nəzarətin Fələstin Muxtariyyətində olmasını tələb edir, lakin Təl-Əviv bununla razılaşmır. İsrail özü də ən real nəticəni İranın cavab zərbəsi hesab edir və xəbərdarlıq edir ki, artıq buna hazırdır. Bununla belə, İsrailin qarşıdurmada iştirak etməyə qərar verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir” deyə, “İzvestiya” yazır.
O da bildirilir ki, Yaxın Şərqdə baş verənlərə təsir edən bir neçə siyasi qüvvə və paramilitar qruplar mövcuddur və onların maraqları çox vaxt diametral şəkildə ziddiyyət təşkil edir. “Deməli, istər Tehranda, istərsə də Təl-Əvivdə eskalasiyanı istəyən qüvvələr var. Məsələn, indi İranın yeni prezidenti üçün müharibəyə başlamaqdansa, öz hakimiyyətini gücləndirmək daha vacibdir, lakin İslam İnqilabı Keşikçiləri Korpusu ( SEPAH) tamamilə başqa rəydədir. Münaqişə İsrail elitasının bir hissəsi üçün faydalıdır, çünki bu, onlar üçün xoşagəlməz olan güzəştlərlə razılaşmamağa və hakimiyyəti saxlamağa imkan verəcək. İranı zamanla dayandıran digər amil Haniyənin iqamətgahına hücuma görə Təl-Əvivin məsuliyyət daşıdığına tam inamın olmamasıdır. HƏMAS liderinin Tehrana səfərinin məqsədi inaqurasiya mərasimində iştirakla məhdudlaşmayıb, ekspertlər etiraf edirlər ki, o zaman onunla İran hakimiyyəti arasında Suriyada davam edən qarşıdurmalarla bağlı danışıqlar da gedirdi. Bir çox ekspertlər Yaxın Şərq diplomatiyasının düzgün proqnoz vermək üçün həddən artıq mürəkkəb olduğunu qeyd edir, lakin bu gün irimiqyaslı münaqişənin İran üçün sərfəli olmadığını vurğulayırlar”-nəşr yazır.
Beləliklə, vəziyyətə müdaxilə edə biləcək bir çox qüvvələr olsa da, İran çox güman ki, münaqişəni qızışdırmayacaq. İsrailin gərginləşəcəyinə də şübhələr var. Yeri və vaxtı ilə bağlı xəbərdarlıqla “zərbə ssenarisi” də mümkündür ki, bu da Tehranın “sifətini saxlamağa” kömək edəcək.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ