İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya azərbaycanlılarının Şuşa mesajı - ermənilər “partlamağa” başladı

Tarixə düşəcək “Zəfər Qurultayı” diaspora təşkilatlarımıza əlavə güc verəcək

Bu həftəsonu Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçiriləcək. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşada bir araya gələrək, diaspor tarixində möhtəşəm ilkə imza atacaqlar. Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.

Tədbirdə Ukrayna, Rusiya, Belarus, Fransa, Niderland, İsveç, Danimarka, Avstriya, Almaniya, İsveçrə, Monteneqro, Polşa, Rumıniya, Çex Respublikası, Yunanıstan, İtaliya, ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Meksika, Çili, Kosta Rika, Yeni Zelandiya, Yaponiya, Çin Xalq Respublikası, Cənubi Koreya, Nigeriya, Misir, Oman, Türkiyə Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdə fəaliyyət göstərən diaspor fəalları iştirak edəcəklər.

Ermənilərin isə artıq canlarına vəlvələ düşüb. Erməni saytları utanmadan yazır ki, Azərbaycan “işğal olunmuş Şuşa şəhərində qələbə qurultayı” keçirir. Şübhə yoxdur ki, bugünlərdə erməni antitəbliğatı daha da genişlənəcək.

Tənzilə Rüstəmxanlıya AĞIR İTKİ | KONKRET

Tənzilə Rüstəmxanlı 

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi çox böyük tarixi hadisədir: “2022 ”Şuşa ili"dir. Şuşa 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu cür tədbirlər Şuşanı beynəlxalq mədəniyyət mərkəzinə çevirmək üçün atılan addımlardan biridir. Dünya azərbaycanlılarının qurultayı Azərbaycanda 4 dəfə keçirilib. Beşinci qurultayın azad Şuşada keçirilməsinin bir başqa dəyəri, simvolik, ictimai, siyasi, mədəni anlamı var. İllərdir dünya azərbaycanlıları, diaspor təşkilatları ilə birgə çalışırıq. Onların da ən böyük arzusu Qarabağın, Şuşanın işğaldan azad olunması idi. Arzularına qovuşdular. İndi də Şuşada qurultaylarını keçirəcəklər. Bundan böyük xoşbəxtlik ola bilməz. Şuşa səfəri qurultay iştirakçıları üçün ən qiymətli, ən qürurverici günlər olacaq. Hər kəs həyəcanla bunu gözləyir. Bu qurultayın azərbaycanlılar üçün tamam başqa mənəvi dəyəri var. Şuşa azad edildikdən indiyə qədər orada bir neçə beynəlxalq mədəni tədbirə ev sahibliyi edib. Bu həftənin sonunda orada keçiriləcək dünya azərbaycanlılarının qurultayı tarixə düşəcək növbəti böyük tədbir olacaq. Dünyanın hər yerində yaşayan azərbaycanlılar Şuşada olmağa can atır, bunu arzulayır. Qurultayda onların bir qismi iştirak edəcək. Şuşanın dəyəri hər gün artmaqdadır. Biz Şuşada hər gün daha da möhkəmlənirik". 

Ramiz Əmirli — Vikipediya

Ramiz Əmirli

“Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri, Macarıstanda “Azərbaycan Evi”nin üzvü Ramiz Əmirli isə bildirdi ki, Şuşada keçiriləcək “Zəfər Qurultayı”nın Azərbaycan və dünyadakı azərbaycanlılar üçün çox böyük tarixi əhəmiyyəti olacaq: “Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyətimizin paytaxtı Şuşa şəhərində keçirilməsi, həmçinin ”Zəfər Qurultayı" adlandırılması, təkcə Azərbaycan vətəndaşları üçün deyil, öz tarixi vətənlərində, yaxud dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Dünyanın demək olar əksər ölkələrindən azərbaycanlılar doğma şəhərlərində - Şuşada bir araya gələcəklər. Bu hadisə bütün azərbaycanlıların milli həmrəyliyinə töhfə vermək, diaspor təşkilatları arasında əlaqələrin güclənməsinə təsir etməklə yanaşı, ermənilərə verilən mesaj olacaq. Ermənilər indidən bu mesajı alıblar. Ona görə erməni mediasında artıq bir hay-küy başlayıb. Narahatdırlar ki, dünya azərbaycanlıları Şuşaya toplanır".

Türkiyə Prezidentinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri, Azərbaycan diasporunun fəalı Aygün Attar isə “Report”a açıqlamasında bildirib ki, “Şuşa ili”ndə dünya azərbaycanlılarının bu şəhərdə toplanması olduqca əlamətdar hadisədir: “Şuşaya Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmuşam. “Şuşa İli”ndə orada toplanmağımız olduqca əlamətdardır və bu fürsəti də bizə verən, zəfərə imzasını atan Azərbaycan Prezidentinə vətəndən uzaqda, ancaq ürəyi vətənlə döyünən dünya azərbaycanlıları adından təşəkkürlərimi bildirirəm. Cənab Prezidentə dünya azərbaycanlılarına göstərmiş olduğu qayğıdan ötrü minnətdarlığımı bildirirəm.

Çox böyük bir qürurdur ki, yaxamda Vətənim tərəfindən mənə verilən 2016-cı ildə “Vətənə xidmət” ordeni, 2022-ci ildə doğum günüm ərəfəsində cənab Prezidentin sərəncamı ilə mənə verilən “Dostluq” ordeni ilə birlikdə vətən torpaqlarına gedəcəyəm.

Tanrı Azərbaycanı, qəhrəman Azərbaycan Ordusunu, bütün gözəl xüsusiyyətlərə malik olan millətimizi qorusun".

aydin huseynov | Banker.az

Aydın Hüseynov

Milli Məclisin üzvü Aydın Hüseynov isə bildirdi ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi böyük tarixi, siyasi və mənəvi əhəmiyyətə malik olacaq: “Şuşada keçirilən hər bir böyük miqyaslı tədbir kimi, ”Zəfər Qurultayı" da qələbəmizi daha da möhkəmləndirəcək. Bu qurultayın Şuşada keçirilməsinin həm də simvolik mənası var. Eyni zamanda “Zəfər Qurultayı” diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələnin başlanğıcı olacaq. Soydaşlarımız Şuşadan çox böyük əhval-ruhiyyə ilə geri dönəcəklər və bu da onların fəaliyyətlərinə müsbət təsirini göstərəcək. Bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi öz vətənləri ilə qürur duyur. “Zəfər Qurultayı”ndan sonra diaspor təşkilatlarımızın sıraları daha da genişlənəcək və azərbaycanlılar dünyanın hər yerində öz vətənlərini böyük qürur və fəxarət hissi ilə təmsil edəcək, Azərbaycanın adını hər yerdə öz əməlləri ilə yüksəklərə qaldıracaqlar. Şuşa əsl sahiblərinə qayıdandan sonra beynəlxalq tədbirlərin, iclasların keçirildiyi məkana çevrilib. Şuşada tədbirə qatılan hər bir şəxs böyük qürur hissləri yaşayır.

Dünya azərbaycanlılarının indiyədək dörd qurultayı keçirilib. Qurultaylarda dünya azərbaycanlıları qarşısında yeni vəzifələr qoyulub. “Zəfər Qurultayı”nda da dünya azərbaycanlılarının, diaspora təşkilatlarımızın qarşısında yeni çağırışlar, yeni hədəflər qoyulacaq. Əvvəlki qurultaylarda diaspor fəaliyyətimiz əsasən torpaqlarımızda erməni işğalına son qoydurmaq istiqamətində olmuşdusa, V qurultayda dünya azərbaycanlılarının qarşısında müasir çağırışlara, yeni reallığa uyğun vəzifələr qoyulacaq. Bu vəzifələr informasiya müharibəsində mübarizəmizi daha da genişləndirmək, ermənilərin bizə qarşı törətdikləri soyqırımları və vəhşilikləri dünyaya daha geniş şəkildə çatdırmaq istiqamətində olacaq.

“Zəfər Qurultayı” bizim hazırda apardığımız, həyata keçirdiyimiz siyasətə öz ciddi töhfəsini verəcək. Ermənilərin təşvişə düşmələri həm də bununla bağlıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR