İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya 4 günlük iş həftəsinə niyə keçir? - iqtisadi maraq, yoxsa...

Ekspert: “Keçmiş MDB ölkələrinin, o cümlədən Azərbaycanın hələlik 4 günlük iş həftəsinə keçid imkanı yoxdur, çünki...”

Son illərdə dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib. Bu il iyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq ediləcək.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Məcəlləyə edilən dəyişikliklərin əsas hissəsi işçilərin istirahət vaxtının artırılması ilə bağlıdır.

Əmək Məcəlləsində beşgünlük və altıgünlük iş həftələri ilə yanaşı, 4 günlük iş həftəsi də nəzərdə tutulub. Qeyd edilir ki, iş həftəsinin müddəti tərəflər arasında razılaşmaya əsasən müəyyən olunur. Bəzi təşkilatlarda beşgünlük və altıgünlük iş həftələri növbələşdirilə bilər.

İş həftəsinin uzunluğundan asılı olmayaraq bazar günü ümumi istirahət günüdür. Beşgünlük və altıgünlük iş həftəsində ikinci və üçüncü istirahət günləri kollektiv müqaviləyə və ya əmək intizamı qaydalarına əsasən müəyyən olunur.

Dördgünlük, beşgünlük və altıgünlük iş həftələrində iş günündən əlavə iş müddəti ayda 12 saatdan çox, iş vaxtının məcmu uçotu müəyyən edilən hallarda isə ildə 120 saatdan çox olmamalıdır. Amma bu, Qazaxıstanda 4 günlük iş həftəsinə keçid demək deyil, bu ölkədə indiyədək olduğu kimi, 5 günlük və 6 günlük iş həftəsi də olacaq. Sadəcə, razılaşma əldə edilsə, işçilər 4 gün də işləyə biləcəklər.

Ölkələrin 4 günlük iş həftəsinə keçməsi ilə bağlı qərar vermiş ölkələrdə bu qayda heç də hamıya şamil olunmur. Bu, əsasən müqavilə əsasında müəyyən edilir. Müxtəlif hesablamalara görə, bu hüquqdan maksimum 1 faiz işləyən vətəndaş istifadə edir.

Ekspertlər iş saatı və gününün azaldılmasını müxtəlif cür izah edirlər. Bu tendensiya - həftənin azı 3 gününü işləməmək yalnız istirahət hüququ ilə izah edilmir.  

Bəzi iddialara görə, burada məqsəd heç də işçilərin istirahət zamanını artırmaq deyil, iqtisadi maraqlar, qənaət siyasətidir. Bəzi ölkələr isə bir çox işləri robotlara gördürməyi hədələyir.

21a0e3f6-99f1-45dc-9a2d-3523c1be.jpg (172 KB)

Akif Nəsirli 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, 4 günlük iş həftəsinə keçmək üçün ölkə iqtisadiyyatı yüksək səviyyədə inkişaf etməlidir: “4 günlük iş həftəsinə keçid adi bir bəyanatdan ibarət deyil. Bunu təsdiq etmək üçün həm də imkanlar olmalıdır. Yəni ölkənin iqtisadiyyatında mexanikləşmə, avtomatlaşdırma prosesi getsin və maddi nemətlər istehsalında insan əməyi kifayət qədər aşağı salınsın ki, insan əməyi çatışmadıqda maddi nemətlər istehsalı ara verməsin, dayanmasın, istehsal zənciri qırılmasın”.

Ekspertin sözlərinə görə, MDB ölkələri arasında bu kriteriyalara cavab verən ölkə yoxdur: “Yalnız Pribaltika ölkələrində bu məsələ mümkün ola bilər. Amma həmin ölkələrin avtomatlaşdırılma prosesi haqqında da dəqiq məlumatım yoxdur.

4 günlük iş həftəsinə keçid heç də o demək deyil ki, insan əməyi artıq aradan qaldırılır, insanlar işsiz qalacaq və yaxud işsizlik artacaq. Bununla bağlı artıq bir sıra Avropa ölkələrində təcrübə var. Həmin ölkələrdə həm iş saatı aşağıdır, yəni insanlar Azərbaycanda olduğu kimi həftədə 30-40 saat deyil, 20 saat işləyir. Hətta 13 saat işləyənlər də var. Amma onların maaşı MDB ölkələrində işləyənlərin maaşlarından xeyli yüksəkdir.

4 günlük iş həftəsinə keçid digər tərəfdən vətəndaşların sosial təminatlarının dövlət təsirinin altına alınması deməkdir. Yəni az vəsait sərf etməklə çox miqdarda maddi nemətlər istehsal edən sahibkar daha çox vergi ödəyir və dövlət həmin vergi əsasında formalaşan vəsait hesabına həm ölkədə olan işsizlərin, pensiyaçıların, eləcə də işləyən fəhlələri öz çətiri altına ala bilir.

Beləliklə, 4 günlük iş həftəsinə keçidin iqtisadiyyata təsirləri bunlardır - işçi qüvvəsinə ehtiyac azalır, sahibkarların manevr imkanları artır, daha çox məhsul istehsal etməyə meyillənir. Bu, yüksək rifah hədəfidir. Bütün ölkələrin məqsədi budur ki, bu sistemə keçə bilsin, bunun üçün şərait yaradılsın".

“Azərbaycanın da 4 günlük iş həftəsinə keçmə imkanı varmı” sualımıza ekspert bu cür cavab verdi:

“Qeyd etdiyim kimi, keçmiş MDB ölkələrinin, o cümlədən Azərbaycanın buna imkanı yoxdur. Çünki bu ölkələrdə iqtisadi zəncir hələ ki qurulmayıb”.

Böyük Britaniya alimlərinin qənaətinə görə, dörd günlük iş həftəsi işçiləri daha xoşbəxt, biznesləri isə daha mənfəətli edir. Belə ki, Kembric Universitetinin tədqiqatçıları sınaqdan əvvəl, sınaq zamanı və sınaqdan sonra işçi və rəhbərlərlə geniş müsahibələr aparıblar. Həftədə iş saatlarının 20% azaldılması işçilərin 65% daha az xəstəlik bülleteni götürməsi və işçilərin 57%-dən azının işindən ayrılması ilə nəticələnib. Orta hesabla, həftədə dörd gün işləyən insanlar altı aylıq tədqiqatın əvvəlində hiss etdikləri ilə müqayisədə 71% daha az tükənmişlik hiss edib və 39% daha az stress keçiriblər.

Şirkətin gəlirləri də orta hesabla cəmi 1,4% olsa da, artır. Pilot proqramda iştirak edən 61 Böyük Britaniya şirkətinin 92%-i dörd günlük iş həftəsini saxlamağı planlaşdırdıqlarını bildirib. Və 18 şirkət cədvələ əbədi olaraq dəyişiklik etdiyini açıqlayıb.

İşçilərin çoxu iş günlərində boş vaxtlarını alış-veriş və təmizlik kimi “inzibati məişət” işlərinə sərf edib. Bu, onlara şənbə və bazar günləri yaxşı dincəlməyə imkan verib. Bəziləri idmana, mətbəxə və volontyorluğa daha çox vaxt ayıra biliblər.

Digərləri isə boş vaxtlarından daha yüksək peşəkarlıq əldə etmək üçün istifadə ediblər. Valideynlər həftənin ortasında istirahət günü sayəsində dayə əməyinə və uşaq bağçası məsrəfinə qənaət edə biliblər.

Xalidə Gəray,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR