İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünən hökm verən, təhdid edən bu gün ifadə verir, etiraf edir– Ələ keçməsə, “qəhrəman” olacaqdı

Cəmi 5 il əvvəl qaya kölgəsində oturub böyük-böyük danışan, qondarma “artsax”ın müstəqilliyindən ağız dolusu dəm vuran, arada qızışıb bir-iki ağız da Azərbaycan tərəfə səslənən, hədə biçən Araik Harutunyanın indiki halı, açıqlama və ifadələri 180 dərəcə fərqlidir.

O zamanlar o, “artsax” ordusunun regionun ən güclü ordusu olduğunu bildirir, İrəvandan asılılıqlarının olmadığını deyirdisə, bu gün 2020-ci ilin yayında “Qarabağ ordusu”nun təlimlərini kənardan müşahidə etdiyindın danışır, təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistan tərəfindən verildiyini etiraf edir.

2020-ci ilin oktyabrında Gəncə şəhərinə raket hücumları (5 dəfə) nəticəsində 27 dinc sakinin (çoxu körpə uşaqlar və qadınlar) həlak olmasından sonra “Gəncə mənim əmrimlə vurulub” deyə döşünə döymək hara, indiki ifadələr hara? Bəlkə də Araik indi həmin ifadəni işlətdiyi üçün saxlanıldığı təcridxanada başına döyür.
İndi o deyir ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır və “Qarabağ müdafiə ordusu” Ermənistanın silahlı qüvvələrinə daxil olub.

Əlbəttə, o bunu düz deyir. “Qarabağ müdafiə ordusu”nun əti-budu nəydi ki, özündən yüz dəfə böyük ordunun qarşısında dura bilsin. 100 min civarında əhalisi olan “artsax” 10 milyon əhalisi olan Azərbaycanla dirəşməsi fantastika janrından olan hekayət ola bilər. Hamı bilirdi ki, Qarabağın dağlıq hissəsindəki separatçıların sərəncamında olan hərbi qüvvələrin şəxsi heyətinin 85-90 faizi Ermənistan vətəndaşlarından təşkil olunur.

Başqa sözlə, Ermənistan Qarabağı işğal və ilhaq etmişdi, sadəcə, sonuncu aktı elan etməyə tələsmirdi, elə qələmə verirdi ki, guya “artsax” müstəqil dövlət qurumudur və öz-özünü idarə edir. Çeynənmiş ifadə ilə desək, dünya birliyi də buna göz yumurdu. O zamanlar ermənilər arxalı idilər, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin üçü də bu və ya digər şəkildə ermənilərin tərəfində idilər, təslimçi sülhə imza atmaq üçün Azərbaycana təzyiq edirdilər.

Hazırda isə A.Harutyunyan məhkəmədə belə deyir: “Onik Qasparyan mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirilir”.

Bu ifadə Araikin günahını azaldırmı? Əsla. Çünki o, hərbi cinayət törədənlərlə əlbir olub, məsləhətli işləyiblər və Harutyunyan məsuliyyəti öz boynuna götürüb. Bununla belə, bu ifadə Qasparyanın da cinayətdə ittiham olunmasına əsas yaradır. Araik etiraf edib ki, “Qarabağ ordusu”nun “komandanı” Ermənistan ordusunun baş qərargah rəisinə tabe olub.

“Qarabağ ordusu”nun “komandan”ına qarşı Ermənistanda cinayət işi başlanıldığından danıışan, “əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı” deyən Araikin bu sözlərində həqiqət var. Ermənistan rəhbərliyi bu səhvi vaxtaşırı edirdi, ”müstəqil dövlət”in siyasi və hərbi rəhbərliyini rəsmi qaydada ittihama məruz qoyur, onlara məhkəmə qururdu. Hətta Paşinyan iqtidarı bu səhvi 44 günlük müharibədən sonra da davam etdirdi, Qarabağdan qaçan minlərlə fərari zabit və əsgər Ermənistanın qanunları ilə mühakimə olundu. Hansı qanunla, ixtiyarla başqa “dövlət”in zabit və əsgərini mühakimə etmək olardı? Hamı həqiqətin nədən ibarət olduğunu yaxşı bilirdi.

A.Harutunyanın bu ifadələri həmin həqiqətlərin birinci ağız tərəfindən etiraf olunması, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının rəsmi şəkildə təsdiqlənməsi deməkdir. Qarabağın dağlıq hissəsində qurulmuş qondarma rejimin məhz Ermənistan tərəfindən yaradılması və idarə edilməsi, hərbi əməliyyatlara Ermənistan ordusunun qərargahın rəhbərlik etməsi və s. kimi bəlli gerçəklər bununla da tam sübuta yetirilmiş olur. Təsdiqlənir ki, Qarabağda baş verən hadisələr, qırğınlar, faciələr heç də bir etnik qrupun “öz milli müqəddəratını təyin etmək” hadisəsi olmayıb, 29 min kvadrat kilometrlik əraziyə malik olan Ermənistanın öz ərazisini genişləndirmək hadisəsi olub. Ermənistan bu işğal və ilhaqla öz ərazisini ən azı 35 min kv/km-ə çatdırmaq, Laçını və Kəlbəcəri qaytarmayaraq, 40 min kv/km-dən çox etmək istəyib.
Axırı da belə oldu. 5 il öncə Xankəndidə oturub hökm verən adam indi Bakıda yazıq-yazıq ifadə verir.
Bir də Arayik Harutyunyan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistanın baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini bildirib.

Hələ də gec deyil, o, istədiyi ünvana məktub göndərə bilər, ancaq o məktuba cavab veriləcəkmi, verilməyəcəkmi, bu, dəqiq deyil. Onu da yada salaq ki, 44 günlük müharibə zamanı Araik RF prezidenti Putinə məktub göndərmiş, Gəncəbasarda, Tiflisdə, Həştərxanda doğulmuş erməni marşalları “qarabağlı” elan edərək, onların 1941-45 müharibəsində SSRİ üçün böyük xidmətlər göstərdiyini vurğulamış, əvəzində “artsax”a kömək istəmişdi.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR