İnsanlara hürriyət, millətlərə istiqlal!

DTA sədri Duruca kəndinin sakinləri ilə görüşüb

İyulun 30-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Turistik kənd” layihəsi çərçivəsində Qəbələ rayonunun Duruca kəndinin sakinləri ilə görüşüb. Görüşdə sakinlərə Duruca kəndinin turizm potensialının səmərəli istifadəsi üzrə planlar və görüləcək işlər haqqında məlumat verilib, həmçinin onların fikirləri dinlənilib.

Qeyd olunub ki, Dövlət Turizm Agentliyi tərəfindən “Turistik kənd” layihəsi çərçivəsində Duruca kəndində görüləcək işlər 2 mərhələdə həyata keçiriləcəkdir.

Birinci mərhələ çərçivəsində kənddə əsas turistik infrastrukturun qurulması və abadlıq işlərinin həyata keçirilməsi, o cümlədən məlumatverici və digər turistik lövhələrin quraşdırılması, hasarların abadlaşdırılması, kioskların qurulması, iki bulağın bərpası, dağ-piyada cığırlarının formalaşdırılması və s. nəzərdə tutulub. Növbəti mərhələdə isə kənddə infrastrukturun daha da inkişaf etdirilməsi və turizm fəaliyyətlərinin genişləndirilməsi üzrə tədbirlərin həyata keçiriləcəyi bildirilib.

Görüşdə kəndin təbiət və aktiv turizm üzrə geniş potensiala malik olduğu, Duruca şəlaləsinə yürüş turlarının təşkili və haykinq marşrutunun hazırlanması üzrə işlərin getdiyi, eləcə də qonaq evi kimi fəaliyyət göstərmək istəyən sakinlərə müvafiq qonaqlama təlimlərinin, turistik turlar üçün isə bələdçilik təlimlərinin keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verilib.

“Turistik kənd” layihəsi Dövlət Turizm Agentliyi tərəfindən "Azərbaycan Respublikasının 2022 - 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında qeyd olunan "Turizm potensialı olan kəndlərdə "Turistik kənd" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması" tapşırığı üzrə icra olunmaqdadır.

Layihənin əsas məqsədi turizm potensialı olan kəndlərdə abadlaşdırma işləri vasitəsilə kəndlərin turistik cəlbediciliyini artırmaq, yerli və xarici turistlər üçün alternativ istirahət məkanları təqdim etməklə kənd turizmini inkişaf etdirmək, kəndlərdə yeni iqtisadi fəaliyyət növlərinin yaranmasına və yeni iş yerlərinin formalaşmasına töhfə verməkdir. Qax rayonunun İlisu və Sarıbaş kəndləri, Qusar rayonunun Ləzə kəndi, Qəbələ rayonunun Duruca kəndi, Quba rayonunun Qrız kəndi, Lerik rayonunun Bibiyoni kəndi və İsmayıllı rayonunun İvanovka kəndində bu layihə çərçivəsində işlərin həyata keçirilməsi planlaşdırılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR