Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində şairə İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktı elan edib. İlhamə Elşadqızı ittiham üzrə özünü təqsirli bilməyib.
Ona Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb. Prosesdə
İlhamə Elşadqızının vəkili vəsatətlə çıxış edib, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəsatət təmin olunmayıb.
İlhamə Elşadqızı sərbəst ifadəsində bildirib ki, o, narkoman deyil: “Anam mənə necə tərbiyə verib, elə də böyümüşəm. Mən narkoman deyiləm, mənə böhtan atıblar. Haqqımda təhqiredici sözlər işlədiblər. Qanımı yoxladılar, təmiz çıxdı. Mən kasıb bir insanam, bu yaşa kimi təmiz yaşamışam. Mənim bəstələdiyim nəğmələri oxuyanlar var. Minlərlə tələbələrin içindən seçilmişəm. Atam böyük riyaziyyatçı olub. Mən evimə qayıtmaq istəyirəm. Televiziyada çıxış etmişəm, amma adım bir kişi ilə hallanmayıb. Sıradan bir insan deyiləm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, "Tik-tok"da "drel" sözü işlətməsi onun günahı kimi dəyərləndirilib: "Məni məhz bu ifadəyə görə tutublar. Ağlı başında olan qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O, qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Mənə dəstək olmaq lazım idi…"
Xatırladaq ki, İlhamə Elşadqızı ötən ilin dekabrında keçirilən və mətbuatda "Drel" əməliyyatı adını almış tədbirlər çərçivəsində tutulan
“TikTok”çulardandır. Həmin əməliyyat zamanı sosial şəbəkədə müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər saxlanılıb.
Proses iyunun 11-də davam edəcək.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ