İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət xidməti Azərbaycan dövləti adından çıxarılan qərarı icra etməkdən yayınır – MƏHKƏMƏ İŞİ  

 

Vətəndaş Nicat Tapdıq oğlu Muradovun əlində Binəqədi Rayon Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsinin qərarları var. Hər iki məhkəmə instansiyası qərarları ilə vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə verilən qərarın əsassız olduğunu göstəriblər. Dövlət Sərhəd Xidmətinin üzərinə vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşırılması barədə verilən qərarın götürülməsi öhdəliyini qoyublar. Binəqədi Rayon Məhkəməsi qərarı 16 iyun 2023-cü ildə verib və dərhal təmin edilməsi öhdəliyini DSX-nin üzərinə qoyub. Bakı Apelyasiya Məhkəməsi iyulun 23-də qərarı qüvvədə saxlayıb. Bununla belə DSX rəsmiləri Azərbaycan Respublikası adından çıxarılan qərarı icra etməkdən yayınırlar.

Ölkə prezidentinin məhkəmə-hüquq islahlarının dərinləşməsi istiqamətində atdığı ardıcıl addımlar fonunda DSX rəsmilərinin məhkəmə qərarlarına münasibəti anlaşılmazdır.

Ümumiyyətlə isə Azərbaycanda məhkəmə qərarlarının icra vəziyyəti illərdir ki, müzakirə mövzusudur. Bu gün vətəndaşların bir çoxu məhkəmə qərarlarının icra vəziyyətindən şikayətçidirlər. Çünki əllərində məhkəmənin qərarları var - icrası isə yoxdur. Təəssüf ki, Azərbaycan Respublikası adından çıxarılan qərarları icra etməyənlər sırasında dövləti təmsil edən qurumların olması isə xüsusi mövzudur.

Şikayətçi Nicat Muradova gəldikdə isə o, cinayət işi üzrə şahid qismində cəlb olunub və barəsində “Giriş-Çıxış və Qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına “Qadağandır” statusu daxil edilib. Göründüyü kimi, Nicat Muradovun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulduğu vaxt və hazırda o, cinayət işi üzrə nə şübhəli, nə təqsirləndirilən şəxs qismində tanınmayıb. Buna baxmayaraq ibtidai istintaq orqanı tərəfindən Nicat Muradov şahid qismində dindirilməzdən əvvəl onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” siyahısına “Qadağandır” statusu verilib. Bu da ona dəlalət edir ki, həmin tədbirin Nicat Muradov barəsində tətbiq edilməsi yolverilməzdir. Digər tərəfdən məhkəmə şikayət vermiş şəxsin qanun pozuntusuna yol vermiş şəxslər haqqında xüsusi qərar qəbul edilməsi ilə əlaqədar ərizəsində göstərdiyi xüsusatı da araşdırıb. Məhkəmə xüsusi qərar qəbul edilməsi üçün əsas müəyyən etməyib və şikayət qismən təmin edilib.

Cinayət Prosessual Məcəllənin 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. CPM-nin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsinə əsasən cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 4 saylı Protokolunun (Strasburq, 16.IX.1963) 2-ci maddəsinin 2-ci bəndinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.  Maraqlıdır ki, vətəndaş Nicat Muradovun ölkədən çıxışına qoyulan məhdudiyyət heç bir qanuni əsas olmadan DSX tərəfindən aradan götürülmür. DSX-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Məhkəmə qərarının icra edilməsi ilə bağlı sorğumuza cavab verilmədi. Belə bir cavab veriləcəyi təqdirdə təqdim edəcəyik.

 

 E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR