İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət də, peşəkarlar da belə qiymət artımına qarşı çıxmalıdır – İqtisadçıdan sərt tənqid

Bir çox əsas mal və xidmətlərdə qiymətlər qalxırsa, qısa müddətdə o bütün sahələri əhatə etməlidir. Buna görə də bərbərə “sən ki xammal işlətmirsən, bir qayçı bir daraqdır, niyə qiyməti qaldırırsan?” demək doğru deyil.

Musavat.com xəbər verir ki, bu mövqeni iqtisadçı Eldəniz Əmirov paylaşıb.

Onun fikrincə, balıq tutub satana “sən balıq yemi almamısan axı niyə qiyməti qaldırırsan” demək doğru deyil: “Çünki onlar da bu iqtisadi çoxluğun elementləridir. Onların ailəsinin, uşağının xərcləri artmışdır və bu xərcləri ödəmək üçün öz xidmətlərinin qiymətini qaldırmağa məcburdurlar. Eləcə də digər sahələrdə...

Buna görə də peşəkarlar bu qəbildən olan qiymət artımlarına qarşı çıxmazlar. Amma elə qiymət artımları var ki buna qarşı çıxmaq həm peşəkarın, həm də dövlətin borcudur. Məsələn, internet qiymətləri, mobil xidmətlər və s. Məsələn, yenicə mobil opreatorlardan biri dəqiqəsi 7 qəpik müəyyən edilən bir qiymətin 10 qəpiyə qaldırdığını bildirirlər. Bu 50 faizlik bir artım deməkdir. Bunun adı nədir? Bu bir adi misaldır.
Demək istədiyim odur ki, insanlar daha çox qiymət artırmaqda əlində tilov olanı, qayçı-daraq tutanı, avtobus sürəni, piştaxta arxasında pomidor-xiyar və ya yumurta satanı görür və onları işbaz adlandıraraq, qiymət artımında günahlandırır. Amma onlar istəsələr də bunu edə bilməzlər.

Ümumiyyətlə, bir sadə reallığı bilmək lazımdır. Əgər bir malın satıcısının və ya bir xidməti göstərənin sayı onlarladırsa, yüzlərlədirsə orda süni qiymət artımından söz gedə bilməz. Amma hansı sahədə ki onların sayı barmaqla sayılacaq qədər bir neçə olur, onda vəziyyət dəyişir”.
İqtisadçıya görə, dövlətin işi rəqabət yaratmaq üçün bütün malların, xidmətlərin satıcılarının sayını artırmaqdır: “Yenisi yaratmaq mümkün olmadıqda isə mövcudları parçalamaq hesabına bunu etmək olur. Dünyada yetəri qədər belə təcrübələr var. Məsələn, ən məşhur hadisələrdən biri 1911-ci ildə Standard Oil inhisarının parçalanmasıdır.

Standard Oil şirkəti John Rockefeller tərəfindən qurulmuşdu və XIX əsrin sonlarında ABŞ-ın neft bazarının böyük hissəsini ələ keçirərək rəqabəti demək olar ki, məhv etmişdi. 1911-ci ildə ABŞ Ali Məhkəməsi şirkətin bazarı zəbt etməsi səbəbilə onu bir neçə daha kiçik şirkətə bölməyə qərar verdi. Nəticədə, Standard Oil bir neçə hissəyə ayrıldı, məsələn, Exxon, Mobil, Chevron və Amoco kimi böyük neft şirkətləri yaranmış oldu. Və rəqabət başladı”...

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR