İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət borcuna dair detallı məlumat açıqlandı

Xarici borcun qaytarılması əsasən daxili borclanma hesabına həyata keçirilib

Azərbaycan Maliyyə Nazirliyi 2024-cü ilin birinci yarısı üzrə dövlət borcuna dair bülleten yayıb. Bülletendə açıqlanan məlumata görə, 2024-cü il 1 iyul tarixinə Azərbaycanın ümumi dövlət borcu (daxili və xarici)  25 milyard 686,1 milyon manat təşkil edib. Bu, 2024-cü il üzrə 121 milyard 342,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 21,2 faizi deməkdir. Ümumi dövlət borcunun 9 milyard114,2 milyon manatı (5 milyard 361,3 milyon ABŞ dolları) və ya 35,5 faizi xarici dövlət borcunun, 16 milyard 571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşür.

2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 099,9 milyon ABŞ dolları və ya 17 faiz azalıb. Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk altı ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900,0 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsdir. Bunun nəticəsində 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.

Xarici borcun qaytarılması əsasən daxili borclanma hesabına həyata keçirilib. Belə ki, 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu üzrə ümumilikdə 1.141,4 milyon ABŞ dolları məbləğində əsas borc (o cümlədən 900,0 milyon ABŞ dolları məbləğində avrobondlar), 147,2 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib. Əsas borc ödənişlərinin 641,4 milyon ABŞ dolları məbləğində hissəsi (1 milyard 90,3 milyon manat ekvivalentində) daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına yenidənmaliyyələşdirilmədir.

1 iyul tarixinə xarici dövlət borc portfelinin 35,0 faizi Asiya İnkişaf Bankından, 25,9 faizi avrobondların, 16,7 faizi Dünya Bankından, 22,4 faizi isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşüb. Xarici borcun 1 milyard 387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edir.

Məlumatdan o da aydın olur ki, ümumi xarici dövlət borcunun 40,6 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 59,4 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Xarici borcun 9 milyard 599,2 milyon manatı (5.646,6 milyon ABŞ dolları) və ya 84,2 faizi dövlət zəmanəti ilə alınan xarici kreditlərdir. Xarici dövlət zəmanətli borcun 4 milyard 329,7 milyon ABŞ dollarını və ya 76,7 faizini (7 milyard 360,5 milyon manatı) “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanəti təşkil edir.

Qeyd edək ki, daxili borclanmanın sürətli artımı Azərbaycan Hesablama Palatası tərəfindən dövlətin maliyyə yükünü artıran əsas amil kimi qiymətləndirilir. Palata bu sahədə daha mühafizəkar yanaşmanın olmasını zəruri hesab edir. Maliyyə Nazirliyinin məlumatına əsasən daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 705,5 milyon manat artıb. Bülletendə yerləşdirilən məlumata görə, daxili dövlət borcunun artmasının əsas səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsidir. 1 iyul 2024-cü il tarixinə daxili dövlət borcunun 7.280,7 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.291,2 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşüb.

Məlumata əsasən 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 6,9 dəfə artaraq 7.280,7 milyon manata çatıb. Bunların 19,5 faizi 1 illik, 67,0 faizi 2 və 3 illik, 13,5 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlardan ibarət olub. Dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,51 təşkil edib. Nazirlik bunu daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması ilə əsaslandırır.

Dövlət borclanması artdıqca, onlar üzrə illik ödənişlər də artır. Belə ki, Azərbaycanın dövlət istiqrazlarına yatırım etmiş şəxslər 2024-cü ilin ilk yarısında 170 milyon manat və ya 100 milyon dollar həcmində gəlir əldə edib. Nazirliyin məlumatına görə, dövlət istiqrazlarına yatırım edən şəxslərə 2024-cü ilin 1-ci yarısında -ümumilikdə 995 milyon manat ödəniş edilib. Bunun 825,5 milyon manatı vaxtilə alınmaş istiqrazlar üzrə əsas ödənişlər, 170,1 milyon manat isə həmin istiqrazlar üzrə ödənilən faizlər və diskont ödənişləridir.

Bu ödənişlər yeni istiqraz buraxılışı hesabına həyata keçirilib. Belə ki, nazirliyin məlumatına əsasən 2024-cü ilin ilk yarısında daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

Hazırladı: Dünya SAKİT

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR