Onlayn ictimai-siyasi qəzet
Azad edilən ərazilərin bərpası, enerji, kanalizasiya, su layihələri...
Azərbaycanda icmal büdcənin qeyri-neft baza kəsirinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi müəyyən edilib.
Prezident İlham Əliyevin bununla bağlı imzaladığı fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2024-cü ilin sonuna isə 24,0 faiz müəyyən edilib. Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi isə 30,0 faiz müəyyən edilib. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, hər iki hədəf göstəricisində dəyişiklik olunacağı ötən həftə Maliyyə Nazirliyinin açıqladığı “2024-2027-ci illər üzrə ortamüddətli büdcə çərçivəsi” sənədindən məlum olmuşdu. Sənəddə qeyd olunurdu ki, Prezidentin 28 mart 2022-ci il tarixli 1637 nömrəli Fərmanı ilə 2022-ci və 2025-ci illər, 30 dekabr 2022-ci il tarixli 1950 nömrəli Fərmanı ilə isə 2023-cü və 2026-cı illəri əhatə edən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin və ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədləri müəyyən edilmişdi. Qeyd olunan normativ-hüquqi aktlar əsasında icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2022-ci ilin sonuna 27,5 faiz, 2023-cü ilin sonuna 25,0 faiz, 2025-ci ilin sonuna 20,0 faiz, 2026-cı ilin sonuna 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi isə 20,0 faiz həddində müəyyənləşdirilib.
Nazirlik bildirir ki, 2022-ci ilin yekununda icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 22,4 faiz və yaxud hədəf göstəricidən 5,1 faiz bənd az olmaqla, büdcə qaydasının hədəflənən yuxarı həddinin qorunması təmin edilib. Buna əsasən qeyri-neft ÜDM-nin nominal həcminin nəzərdə tutulan proqnozlardan yuxarı olması, icmal büdcənin qeyri-neft gəlirlərinin proqnoz göstəricidən artıq icra edilməsi və büdcə xərclərinə qənaət edilməsi sayəsində nail olunub: “Ötən il makrofiskal proqnozlara və onlar əsasında aparılmış təhlillərə uyğun olaraq, 2023-2026-cı illər üzrə təsdiq olunmuş trayektoriya əsasında icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin yuxarı həddinin hər il 2,5 faiz-bənd azaldılması nəzərdə tutulurdu. Lakin 2024-2027-ci illərdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının və sosial-iqtisadi inkişaf Strategiyasının icrası, habelə yenilənmiş borc strategiyasına əsasən dövlət borcuna xidmətlə bağlı xərclərin artımı və digər çağırışlar böyük həcmdə əlavə maliyyə resursları tələb edir.
Qeyd edək ki, yenilənmiş makroiqtisadi göstəricilərə uyğun aparılan hesablamalara əsasən ortamüddətli dövrdə qeyri-neft sektorundan daxilolmalar üzrə əlavə artımlar proqnozlaşdırılsa belə, büdcə qaydasının mövcud hədəfləri (hər il 2,5 faiz-bənd azaldılması hədəfi) yuxarıda qeyd olunan xərc tələbatının tam maliyyələşdirilməsinə imkan vermir. Bu isə növbəti ortamüddətli dövrdə sözügedən nisbət göstəricisi üzrə hədəflənən yuxarı hədlərin trayektoriyasına yenidən baxılmasını və onların daha mülayim templərlə azaldılmasını şərtləndirir. Digər tərəfdən, Dövlət Neft Fondunun aktivlərinin son beş il ərzində əhəmiyyətli artımı, xarici dövlət borcunun isə azalması nəticəsində ölkəmizin makroiqtisadi dayanıqlılığının və maliyyə mövqeyinin güclənməsi yuxarıda sadalanan tədbir və proqramların icrası dövründə qeyd olunan yanaşmanı mümkün edir".
Hökumət sadalanan amilləri nəzərə almaqla, hesab edir ki, büdcə qaydasının qeyd olunan lövbəri üzrə 2024-cü il üçün azalma tempinin bir qədər zəiflədilərək 2,5 faiz-bənddən 1,0 faiz-bəndə endirilməsi, növbəti illərdə isə daha sürətli azalma tempinin (2,0-2,5 faiz-bənd) bərpa olunması əlavə xərc ehtiyacları üçün maliyyə təminatının yaradılmasına imkan verə bilər.
Xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə müəyyən olunmuş prioritet sahələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə xarici borc vəsaitlərinin cəlb olunmasına imkan yarandığı qeyd edilmişdi. Daha sonra Prezidentin sərəncamı ilə strategiya sənədinə dəyişikliklər edilərək 2022-2025-ci illər üzrə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 2025-ci ilin sonunadək 30 faizi və xarici dövlət borcunun 2025-ci ilin sonunadək mütləq ifadədə 10,0 milyard ABŞ dollarını keçməməsi təsbit olunub.
Maliyyə Nazirliyi ortamüddətli dövrdə daxili borclanmanın yüksək tempini saxlamağı planlaşdırır. Bunu həmin dövrdə “dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, təkmilləşdirilmiş büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondu aktivlərinin dayanıqlı səviyyədə saxlanılması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə qeyri-neft sektorundan əldə olunan gəlirlərin dövlət büdcəsi kəsirini tam təmin etməyə kifayət edəcəyi müddətədək daxili bazarda dövlət qiymətli kağızlarından daha aktiv istifadə edilməsi” zərurəti ilə izah edir.
Bununla yanaşı, nazirlik bildirir ki, Prezident tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən enerji və nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsi üçün əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, 1 iyul 2023-cü il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla Azərbaycanın xarici dövlət borcu (birbaşa) 6576,9 milyon ABŞ dolları və ya 2023-cü il tarixi vəziyyətinə proqnozlaşdırılan ÜDM-in 10,0 faizini təşkil edib. Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2023-cü ilin 01 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 116,3 milyon ABŞ dolları və ya 1,7 faiz azalıb.
İmzalanmış kredit sazişləri çərçivəsində 2023-cü ilin ilk 6 ayı ərzində 62,0 milyon ABŞ dolları məbləğində vəsait istifadə olunub. Altı ayda hökumət daxili borclanma hesabına vaxtı çatmış 171,1 milyon ABŞ dolları məbləğində əsas xarici borc ödənişləri həyata keçirib.
2023-cü ilin 1 iyul tarixinə Azərbaycanın daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya ÜDM-in 4,5 faizini təşkil edib. 2022-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 782,1 milyon manat məbləğində və ya 18,7 faiz artıb. Maliyyə Nazirliyi daxili dövlət borcunun belə artımını dövlət büdcəsi üçün tələb olunan vəsaitin təmin olunması, dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənməsi məqsədilə xarici dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili borcla ödənməsi ilə əsaslandırır.
Yeri gəlmişkən, Hesablama Palatası aşağı faizli xarici borcun yüksək faizlə daxildən cəlb edilən borcla ödənməsini yaxın və ortamüddətli dövrdə dövlət büdcəsi üçün əlavə ağır yük formalaşdıran amil kimi qiymətləndirməklə, bu siyasətə qarşı çıxır.
Çərçivə sənədinə görə, 2023-cü ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 119 milyard 650,0 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 22,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 10 milyard 848,2 milyon manat (6 milyard 381,3 milyon ABŞ dolları) və ya ÜDM-in 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3 faizi həcmində olacaq.
2024-cü ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678,0 milyon manat həcmində olacağı gözlənilir. Bu isə həmin dövrə 118 milyard 383,3 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 23,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 milyon ABŞ dolları) və ya ÜDM-in 7,5 faizi həcmində, daxili dövlət borcu isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacaq.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ