Onlayn ictimai-siyasi qəzet
Avqustun 8-də Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında imzalanan anlaşma - Birgə Bəyannamə sözsüz ki, tarixi önəm daşıyır. Daha bir səbəbə - ilk dəfə olaraq, bu üç dövlətin rəhbərləri səviyyəsində belə bir mühüm sənəd imzalanıb.
Məlumdur ki, İlham Əliyev və Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə də bir neçə üçtərəfli sənədə imza atıb - 10 noyabr 2020, 11 yanvar 2021, 26 noyabr Soçi. Bundan əlavə, Azərbaycan və Rusiya prezidentlərinin imzası duran Moskva bəyannaməsi (22 02.2022) var. Lakin sadalananların heç biri faktiki işləmir. Bu mənada Trampın imzası olan üçtərəfli sənəd daha uzunömürlü ola biləcəkmi? Trampla Putinin imzalarının fərqi nədir?
Bu arada sənədə beynəlxalq reaksiya gəlməkdə davam edir. Bir sıra dövlətlər - qardaş Türkiyə və Pakistan, qonşu Gürcüstan, İtaliya, Almaniya, İsrail, Polşa, Macarıstan, Estoniya, BMT, ATƏT baş katibi, AŞ PA sədri, hətta Fransa anlaşmanı alqışlayıb. İran isə hadisəni ümumən müsbət qiymətləndirsə də, Zəngəzur dəhlizinə ABŞ-ın nəzarətindən dolayı narahatlığını gizləməyib. Xamneyinin müşaviri Əli Əkbər Vilayəti isə hədələyici tonda çıxışı edərək, Rusiya ilə birgə Zəngəzur dəhlizinə imkan verməyəcəklərini bildirib. Ancaq bunu necə edəcəklər, bəlli deyil.
Öz növbəsində İranın Azərbaycandakı keçmiş səfiri, hazırda İran Prezidentinin Protokol İdarəsinin rəisinin müavini Seyid Abbas Musəvi Trampın Azərbaycan-Ermənistan danışıqlarında iştirakını “maraqlı, müəmmalı və təhlükəli” adlandırıb.
Rusiyanın özündən isə qismən ehtiyatlı və ikibaşlı açıqlama gəlib. XİN sözçüsü Mariya Zaxarova ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərliyinin Vaşinqtonda keçirilən görüşünü müsbət qiymətləndirsə də əlavə edib ki, “Azərbaycan və Ermənistanın barışığı maraqlar balansına əsaslanmalı və regional kontekstə uyğunlaşdırılmalıdır”.
Göründüyü kimi, Moskva Tehrandan daha təmkinli reaksiya verib - baş verənlərdən ciddi şəkildə narazı olsa da.
Belə çıxır, 8 avqust anlaşmasından ən rahatsız olan və qəzəblənən ölkə İrandır. Görəsən, niyə? Hər necə olmasa, Ermənistan müstəqil dövlət sayılır. Onun öz ərazisində dəhlizə razılıq verib-verməməsinin Tehrana nə dəxli? Bu, ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdi deyilmi? İranın mühafizəkar dairələri ağılsız addım ata bilərmi? Bəs azərbaycanlı prezident Pezeşkianın buna əngəl olması mümkündürmü?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhə, əməkdaşlığa yönələn çox mühüm bir sənəd imzalandı: “Dərhal Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan etdi ki, sülh danışıqları və sülh prosesi Rusiyanın vasitəsilə başlayıb. Ancaq belə deyil. Rusiyanın vasitəçiliyi ilə 44 günlük müharibədən sonra 2021-ci ilin yanvarında və noyabrında iki görüş keçirildi. Birində kommunikasiyaların açılması, digərində delimitasiya- demarkasiya məsələləri müzakirə olundu. Yəni sülh məsələsi Rusiyanın heç gündəliyində də deyildi, bu məsələyə yaxınlaşmaq belə istəmirdi. Halbuki Azərbaycan dəfələrlə sülh sazişi məsələsinin həllinə təşəbbüs göstərdi və Azərbaycanın təşəbbüsü ilə də 2022-ci ildə sülh prosesi başladı. Prosesdə əvvəlcə Avropa İttifaqı, sonra ABŞ rol oynadı. Həqiqət budur. İndi Rusiya sülh prosesində öz rolunu böyütməyə çalışır. Ancaq Rusiyanın bu prosesi ləngitməkdən başqa rolu olmadı. Vaşinqtonda imzalanmış sənədlərlə Rusiyada imzalanmış sənədlər arasında bir fərq olacaqmı? Biz təbiidir çox arzulayırıq ki, olsun. Bu ABŞ administrasiyasının bu məsələdə tutacağı mövqedən göstərəcəyi fəallıqdan asılı olacaq. Təkcə sənədləri imzalamaqla iş bitsəydi indiyə qədər çox uzağa getmək olardı. Çox arzulayardıq ki, vaxt itirmədən bu sənədlərin həyata keçirilməsi prosesi başlasın. İlk növbədə Zəngəzur dəhlizində kommunikasiyaların tikilməsinə başlanılmalıdır və buraya investisiyalar qoyulmalıdır”.
A.Səmədov qeyd etdi ki, bu məsələdə İran aqressivlik ortaya qoydu: “Bu, gözlənilən idi. Dini liderin müşaviri Əli Əkbər Vilayəti son dərəcə diplomata yaraşmayan bəyanatlar verdi. Adama deyərlər sən Azərbaycanla bağlı qərar verəcək adamsan?! Yaxud Ermənistan müstəqil dövlətdir, ərazisində hansısa tranzit yolun tikilməsi, bu işi başqa bir şirkətə həvalə eləmək onun səlahiyyəti daxilindədir, sən bura nə cür müdaxilə edə bilərsən?! Hətta Vilayəti hədə-qorxu gəlir. Müharibəmi başlamaq barədə düşünürsən, o qədərmi gücün var?! Gücün olsaydı, 12 günlük müharibədə ortaya qoyardın. Hamı gördü ki, reallıqda İranın hərbi potensialı nədən ibarətdir. Qəribə olan budur ki, İranın prezidenti ilə xarici işlər nazirinin məsələ ilə bağlı bəyanatları Vilayətinin və onun kimi mühafizəkarların bəyanatlarından kəskin şəkildə fərqlənir. İran Azərbaycanla münasibətləri qorumaq üçün Vilayəti kimilərinin mövqeyində olmamalıdır. İrandan ağılsız hərəkətlər təbiidir ki, ola bilər. Pezeşkian isə təəssüf ki, bu cür hərəkətlərin qarşısını ala bilməz. Çünki İranda prezidentin səlahiyyətləri məhduddur. Səlahiyyətlər SEPAH-ın addımlarının qarşısını almağa imkan vermir. İrandan yanlış addımlara cavab həm Azərbaycan, həm Türkiyə, həm ABŞ, həm də digər dövlətlər tərəfindən verilə bilər.
Bu bəyannamə son illərin ən mühüm sənədlərindən, ən böyük diplomatik uğurlarımızdan biridir. Çünki burada Azərbaycanın demək olar bütün tələbləri nəzərə alınıb. O sənədin necə icra olunması ilk növbədə ABŞ-dan asılı olacaq. İkinci amil də Ermənistanın nə qədər dayana biləcəyindən asılıdır. Ermənistan İranın, Rusiyanın təzyiqlərinə davam gətirə bilsə, son illərin ən böyük geopolitik dəyişikliklərinə gətirib çıxara biləcək addımlar atıla bilər. Ümid edirik ki, yaxın zamanda bu istiqamətdə qızğın fəaliyyət başlayacaq".
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev isə dedi ki, 7 maddəlik “Tramp bəyannaməsi” 9 bəndlik “Putin bəyannaməsini” tam üstələdi: “Avqustun 8-də Vaşinqtonda Tramp, Əliyev və Paşinyan tərəfindən imzalanmış "Sülh zirvəsi bəyannaməsi" təkcə ona görə əlamətdar deyil ki , ABŞ-Azərbaycan, Azərbaycan-Ermənistan münasibətlərini yeni real mərhələyə çıxardı. Həm də Rusiya ilə geosiyasi çarpışmada ABŞ-ın daha bir bölgədə üstünlüyünü təmin etdi. 2020-ci il 10 noyabrda Putinin iştirakı ilə virtual şəkildə imzalanmış bəyannamə real olaraq tam işlək ola bilmədi. Putin həmin sənədin nəinki imzalanmasında, hətta ondan sonrakı dövrlərdə də Əliyevlə Paşinyanı məzmunlu bir müzakirə üçün üz-üzə danışığa da gətirə bilmədi. Bu da nəticə. Tramp Rusiyanı Bakı-İrəvan normallaşma prosesindən faktiki olaraq çıxardı. Tramp Qafqazda sülh təşəbbüslərini Putinin əlindən aldı. Əslində Putini aldatdı. Ukrayna ətrafında apardığı “ləng müharibə və qırılmayan sülh ümidləri” siyasəti ilə aldatdı".
A.Quliyev hesab edir ki, Vaşinqtonda imzalanmış 8 avqust Tramp-Əliyev-Paşinyan bəyannaməsi 10 noyabr 2020-ci il bəyannaməsinin ömrünü bitirdi: “Putinin 5 il əvvəl həmin Bəyannaməyə ”Zəngəzur dəhlizi" ifadəsini salmağa belə gücü çatmadı. Böyük ehtimalla bunu istəmədi. Çünki Zəngəzurun faciəli şəkildə tikə-parça edilməsində öz əlləri var idi axı. Ancaq 8 avqust Vaşinqton Bəyannaməsinə “Sülh və Rifah naminə Tramp yolu” adlı marşrutu salmağa Trampın qüdrəti çatdı. Putin dövlətlərarası sənədlərə Zəngəzur dəhlizi adının rəsmən salınmasına nə özü çalışdı, nə də buna imkan verdi. Ancaq Tramp artıq həmin marşrutu dövlətlərarası mötəbər sənədə daxil etdirdi. Putin istəsə də, istəməsə də “Tramp yolu” artıq beynəlxalq rəsmi leksikona daxil edildi. Ancaq biz “Tramp yolu” ilə yanaşı “Zəngəzur dəhlizi” ifadəsinin də beynəlxalq diplomatik siyasi leksikonda işlədilməsinə çalışmalıyıq. Ən azı tarixi ərazilərimizə qarşı edilmiş ədalətsizliyə etirazın ifadəsi və simvolu kimi".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ