İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd NATO ölkəsinin prezidenti Kiyevdə... - Consondan sonra

Baltikyanı dövlətlərin və Polşanın liderləri Ukraynaya dəstək üçün müharibə gedən ölkənin başkəndinə gəliblər; Qabil Hüseynli: “Bu səfərlərin məqsədi xalqı ruhlandırmaq, yaşayış yerinə dönüşünü təmin etməkdir”

NATO dövlətləri olan Litvanın prezidenti Qitanas Nauseda, Latviyanın prezidenti Eqils Levits, Estoniyanın prezidenti Alar Karis və Polşanın prezidenti Andjey Duda Kiyevə yola düşüblər. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Litva prezidenti twitterdə bildirib.

“Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda apardığı mübarizəsini dəstəkləməyə davam edəcək”, - Qitanas Nauseda bildirib. Britaniya baş naziri Boris Consonun  Kiyev səfərindən sonra 4 qonşu ölkənin prezidentlərinin Ukrayna paytaxtına getmələrinin ciddi siyasi anlamı var. Onlar müharibənin davam etdiyi ölkənin başkəndinə təşrif buyurublar və Consondan cəsarət alaraq bu addımı atıblar.

Bundan əvvəl isə Polşa, Çexiya və Sloveniya baş nazirləri Kiyevdə səfərdə olublar. Amma Britaniya baş nazirinin səfəri digər ölkələri xüsusi həvəsləndirib. Bəs bu səfərlərin əhəmiyyəti nədən ibarətdir? Qərb ölkələrinin rəhbərlərinin Ukraynaya gəlişi müharibənin gedişinə təsir edə bilərmi? Onlar Rusiyaya bununla hansı ismarışları vermiş olurlar və “Z” ordusunun yenidən Kiyevə hücumları mümkündürmü?

Çünki ABŞ və Böyük Britaniya müdafiə nazirlikləri xəbərdarlıq etmişdilər ki, rus ordusu manevr edir və təzədən Kiyevə hücum planlaşdırır. Bundan əlavə, Çeçenistan prezidenti Ramzan Kadırov da açıq şəkildə bəyan edib ki, Ukraynanın bütün şəhərlərini, o cümlədən Kiyevi tutacaqlar. Hərçənd İstanbul razılaşması var və Rusiya Kiyevlə Çerniqovdan geri çəkilmək qərarı verib. Bu qərarın ardınca Conson, indi isə 4 NATO ölkəsinin liderləri Kiyevə səfər ediblər və belə görünür ki, Ukraynanın şimal və qərb hissəsini qoruduqlarını deməyə çalışırlar.

Sabiq dövlət müşaviri Qabil Hüseynli: "Türkiyə Qarabağ bölgəsində məsələnin  bitmədiyi qənaətindədir" - MÜSAHİBƏ

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu səfərlərin məqsədi Ukrayna xalqını ruhlandırmaq, yaşayış yerinə dönüşünü təmin etməkdir: “Bundan başqa, Rusiyaya mesajdır ki, Ukraynanın yanındayıq, dərdinə şərikik və lazımi dəstəyi verəcəyik. Ukraynaya yardım üçün silah körpüsü qurulub və ağır, güclü silahlar göndərilməkdədir. Britaniya artıq raket sistemləri belə verməkdədir. Mənə elə gəlir ki, Qərb axıra qədər getməyi hədəfləyib. Rusiyanı tarixin dalanına sürükləmək üçün əllərindən gələni edirlər”. 

Q.Hüseynlinin fikrincə, Rusiya təkcə Ukrayna deyil, dünya üçün  də təhlükə mənbəyinə çevrilməkdədir: “Ona görə bu cür həmrəylik fonunda Donbasda, hətta Krımda Rusiyanın məğlubiyyətinə şahidlik edəcəyik. Biz çox uzaq olmayan zamanda Ukraynanın Avropanın mərkəzində nümunəvi ölkəyə çevrilməsini görəcəyik. Rusiyanın isə aldığı yaralardan və sanksiyaların təsirindən daxili çəkişmələrə yuvarlanacağını proqnozlaşdırırıq”. Professorun fikrincə, Rusiya izolyasiya edilməkdədir və dünya birliyi Ukraynanı birmənaı şəkildə dəstəkləyir: “Kreml 24 fevralda başladığı müharibənin nəticəsizliyini anlamaqdadır, amma tamamilə geri çəkilməsi onun üzüqara vəziyyətə düşməsi olardı. Ona görə rus ordusu hər gün itkilər verməsinə rəğmən döyüşləri davam etdirir”.

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop

Şahin Cəfərli 

Siyasi şərhçi Şahin Cəfərli qeyd edir ki, ABŞ Ukraynaya daha 750 milyon dollarlıq silah-sursat verəcək: “Nəhəng silah istehsalçıları - ”Lockheed Martin", “Raytheon”, “Northrop Grumman”, “General Dynamics”, “L3 Harris” və digər şirkətlərin təmsilçiləri sabah Pentaqona dəvət olunub. Görüşdə Ukraynanın modern silah sistemləri ilə təchizatı müzakirə ediləcək. Ukraynaya uzaq məsafədəki hədəflərə zərbə endirəcək raketlərin veriləcəyi gözlənilir. Bir tərəfdə ağır sanksiyalar nəticəsində getdikcə resursları azalan Rusiya, o biri tərəfdə isə nə qədər itkilərə, dağıntılara məruz qalsa da, öz mövcudluğunu qorumaq üçün sona qədər döyüşməkdən başqa yolu olmayan, bunun üçün kifayət qədər insan ehtiyatına sahib və Qərbdən fasiləsiz rejimdə maddi, hərbi yardımlar alan Ukrayna var".

Ş.Cəfərli hesab edir ki, Ukrayna bu yardımlar nəticəsində uzun müddət döyüşməyə qadirdir, savaşın uzanması isə Rusiyaya sərf eləmir: “Çünki bu cür gedişat sanksiyaların daha da ağırlaşması, beynəlxalq siyasi və iqtisadi təcridin daha da güclənməsi deməkdir. Müasir texnologiyalardan məhrum olan Rusiya sənayesinin, o cümlədən neft-qaz və hərbi sənaye kimi strateji sahələrin tədrici deqradasiyası qaçılmazdır. Rusiya savaşı tezliklə dayandırıb, Ukrayna ilə sülhə getməsə, elə bir vəziyyətə düşəcək ki, nəinki inkişaf yoluna çıxmaq, hətta 24 fevral 2022-ci il səviyyəsinə qayıtmaq üçün ona uzun illər lazım olacaq.

Lakin görünən odur ki, müharibənin dayanması da Rusiyaya kömək etməyəcək. Cəmi ay yarım əvvələ qədər Moskvanın Qərbdəki 1 saylı strateji tərəfdaşı, hətta Merkel dövründə qeyri-rəsmi müttəfiqi olan Almaniyanın bugünkü mövqeyi geosiyasi vəziyyətin nə qədər kardinal dəyişikliyə məruz qaldığını göstərir. Prezident Ştaynmayer açıq şəkildə bildirdi ki, Putin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə əlaqələr heç vaxt əvvəlki kimi olmayacaq. Bu, o deməkdir ki, Rusiya-Ukrayna sülhü olsa belə, sanksiyaların tez müddətdə ləğvini və Moskva ilə istiləşməni gözləməyə dəyməz. Yəni Putin artıq Qərb üçün arzuolunmaz şəxs, toksik fiqurdur".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR