Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Qazax istiqamətində hərbi-strateji mövqeləri gücləndi, perspektivdə anklavların, həmçinin SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin azad ediləcəyi gözləntisi də var
Mayın 24-də Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olundu, Dövlət Sərhəd Xidməti isə əraziləri nəzarətə götürdü.
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər. Şahin Mustafayevin xidməti bildirir ki, Qazax rayonu ərazisində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib, bununla 6,5 kvadrat kilometr ərazinin Azərbaycana qaytarılması mümkün olub. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi.
Asif Nərimanlı
Siyasi ekspert Asif Nərimanlı düşünür ki, 4 kəndin azad edilməsinin siyasi-hərbi üstünlükləri də var:
Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi: bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır;
Azərbaycanın Qazax-Tavuş istiqamətində hərbi-strateji mövqeləri gücləndi: Ermənistanın “güclü” adlandırdıqları şimal müdafiə xətti faktiki olaraq ləğv olundu;
Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi: alternativ yol inşa etmək məcburiyyətindədirlər;
Və ən mühüm məqam Azərbaycanın Qarabağın azad edilməsindən sonra sərhəd istiqamətində işğalda olan ərazilərin azad edilməsinə nail olmasıdır. Bu, perspektivdə anklavların, həmçinin, SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin ən azı sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözləntisini də önə çıxarır.
“Ali Baş Komandan İlham Əliyev yanvarın 10-da ilk dəfə bəyan etmişdi ki, Qazaxın işğal altında olan və qeyri-anklav dörd kəndi Azərbaycana qaytarılmalıdır. Ermənistan tərəfi ilə davam edən uzunmüddətli danışıqlardan sonra bu kəndlərin qaytarılması üçün fəaliyyətlərə başlanıldı”. Bunu teleqraf.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, delimitasiya prosesindən sonra ərazidə demarkasiya prosesləri həyata keçirilməyə başlayıb: “Aprelin 19-da başlayan demarkasiya prosesi 12,7 km sərhəd xəttini əhatə etdi. Proses mayın 15-də yekunlaşmalı idi. Təxminən bundan 10 gün sonra hər iki tərəfin sərhəd qoşunlarının əraziyə yeridilməsi nəzərdə tutuldu. Verilən son müddət, yəni mayın 25-də başa çatırdı. Görünür, artıq Ermənistanda baş verən etirazlar, erməni kilsəsinin havadarlarının prosesə mane olmaq cəhdləri heç bir nəticə vermədi. Azərbaycan ərazilərini azad etməkdə davam edir. Sevindirici bir haldır ki, Ermənistan tərəfi artıq münaqişə ilə yox, Azərbaycan tərəfinin diplomatik, siyasi tələblərinə adekvat reaksiya verərək işğal altında saxladığı əraziləri bir mərmi atılmadan, bir nəfərin belə burnu qanamadan Azərbaycana qaytarır. Hesab edirəm ki, bu prosesləri müsbət dəyərləndirməliyik. Bu, gələcəkdə iki ölkə arasında etimad mühitinin daha da möhkəmlənməsinə istiqamətlənmiş addım kimi qəbul edilə bilər”.
Ekspert bildirib ki, ən problemli məsələlərdən biri məhz Qazax istiqamətində idi: “Kommunikasiyaların açılması məsələsində Ermənistan müsbət rəy versə də, hələki ərazidə real addımları görmürük. Sülh sazişi istiqamətində isə kifayət qədər yol etmişik. Amma yenə də müəyyən müddəalarda ortaq məxrəcə gəlinməyib. Amma hər bir halda ümid edirik ki, Ermənistan öz gücünə, imkanlarına baxaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən kənara çəkilməyəcək. Çünki bu, yenidən münasibətlərin pozulmasına gətirib çıxara bilər. Paşinyan bunu dəfələrlə son aylarda vurğulayıb. Azərbaycan sülh tərəfdarıdır”.
Rusiyalı politoloq Sergey Markov da kəndlərin qaytarılmasına münasibət bildirib. “Eynilə Qarabağ kimi. Azərbaycan Qarabağı döyüşlə aldı. Ermənistan sülh yolu ilə dörd kəndi verdi. Amma könüllü yox, Azərbaycanın Qarabağ kimi bu kəndləri güclə alacağı təhlükəsi altında verdi. Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına şərait yaradır” deyə, - o bildirib.
Qeyd edək ki, Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Ermənistan ərazisinin bir hissəsi - hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqlar Azərbaycanın əlindədir.
Ermənistanda hakimiyyət 34 il əvvəl işğal olunan Kərki kəndini də Azərbaycana qaytarmağa hazırlaşır. Bu barədə “Fakt” saytı yazıb. Sayt qeyd edir ki, Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komitəsi bu kənddə yaşayan erməniləri “müvəqqəti qeydiyyata” götürüb. Bildirilir ki, bu günlərdə Ədliyyə Nazirliyinin Kadastr Komtəsi Kirants (Tavuşun kəndi) sakinlərinə hüquqi qeydiyyat şəhadətnaməsi verdiyi haqda açıqlama yaydı. Açıqlamada deyilir: “Bildirilməlidir ki, müvafiq hüquqların dövlət qeydiyyatı qeyri-dəqiq məlumatlar əsasında aparılıb. Bu qeydiyyatlar qeyri-dəqiqliyə əsaslandığına görə sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini iddia etmək üçün hüquqi əsas ola bilməz”.
Bu, faktiki olaraq həmin ərazilərin Azərbaycana təhvil verilməsinin əsaslandırılmasıdır. Ekspertlər hesab edir ki, hakimiyyət gələcəkdə digər ərazilərin Azərbaycana verilməsini də bu yolla əsaslandıra bilər. Nəzərə alsaq ki, Nikol Paşinyan “Tiqranaşen (Kərki) və Tavuşun kəndləri”nin (Qazaxın kəndləri: 4-ü qaytarılıb, 3 anklav qalır-red) Ermənistanın 29800 kvadratkilometr (daha sonra 29,743 olduğu qeyd edildi) ərazisinə daxil olmadığını bəyan edib, o zaman, eyni sertifikatlar Kadastr Komitəsi tərəfindən Tiqranaşen (Kərki) sakinlərinə də “dəqiq olmayan məlumatlar əsasında” verilib.
Demarkasiyanın növbəti mərhələsində buradakı sakinlərə deyiləcək ki, sənədləriniz etibarlı deyil, evlərinizi tərk edin", - sayt yazır.
Qeyd edək ki, işğaldan sonra Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.
\
Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov erməni tərəfdə olan hər bir qarış Azərbaycan torpağının geri qaytarılacağını bildirdi: “Ermənistan Sovetlər Birliyi dağıldığı ərəfədə və ondan sonra işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytaracaqlar. Bunun alternativi yoxdur. 44 günlük savaşdan və bir günlük antiterror əməliyyatından sonra ilk dəfə olaraq ermənilər digər torpaqlarımızın da sülh yolu ilə Azərbaycana qaytarılmasına başladılar. Növbəti addım Qazaxın eksklav olan üç kəndinin və Kərki kəndinin geri qaytarılması olacaq.
Bundan sonra isə ermənilər zaman-zaman sərhədlərimiz boyunca, hələ sovetlər dönəmində “səssiz” yağmaladıqları torpaqları geri qaytarmaq zorunda qalacaqlar. Sərhədlərdə aparılan delimitasiya işləri məhz bu məqsədə xidmət edəcəkdir. Sərhədlərin delimitasiya prosesi davam etdikcə, ermənilərin zaman-zaman bizdən nə qədər torpaq oğurladıqları tam üzə çıxacaq.
Bu gün ermənilər Qazaxın dörd kəndini tərk edərkən Ağdamı, Kəlbəcəri və Laçını tərk edərkən oynadıqları oyunları oynadılar. Bütün bunlar bir millətin iç üzünün göstəriciləridir".
Rəşad Bayramov
Əslən Naxçıvandan olan, AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov o torpaqlar uğrunda tökülən şəhid qanlarını xatırlatdı: “Məlumdur ki, Azərbaycanın ən qədim kəndlərindən olan Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir. 1990-cı il yanvar ayının 15-dən başlayaraq ermənilərin Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirdikləri hücumlar nəticəsində Kərki kəndi işğal altına düşüb. Daha dəqiq desək yanvarın 18-də səhər saat 4 radələrindən saat 18-19-a kimi şiddətli döyüşlərin getdiyi Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə işğal olunub.
Kərkinin və daha sonra yanvarın 19-dan etibarən Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi çoxlu sayda igidlər şəhid olub. Ümumiyyətlə isə 1990-1993-cü illər arasında ermənilərin Sədərəyə hücumları nəticəsində Naxçıvan yüzdən artıq şəhid verib. Allah onlara rəhmət eləsin. Konkret Kərkiyə gəldikdə isə, bu kəndin anklav olması sovet hökumətinin vaxtında Azərbaycan ərazilərinin tədricən qoparılıb Ermənistana verilməsi nəticəsində baş verib. Məlum olduğu kimi SSRİ dönəmində Ermənistana əkin, otlaq yerləri adı altında bir sıra ərazilərimiz verildi və Sədərklə Kərki kəndi arasındakı ərazinin də 1938-ci ildə Ermənistana məhz bu adla verilməsindən sonra Kərki anklav vəziyyətə düşmüş oldu.
Kərki yerləşdiyi mövqeyə görə strateji əhəmiyyət daşıyır. Belə ki, bu kəndin yenidən Azərbaycanın nəzarəti altına keçməsi, İrəvan-Sünik yolunun tamamilə bizim nəzarətimizə keçməsinə imkan verəcək. İkinci bir tərəfdən, İrəvan-Qafan-Meqri-İran yolu da Kərkidən keçir. Ona görə də ermənilər ekspertlər, hərbçilər və ayrı-ayrı siyasilər vasitəsilə İkinci Qarabağ savaşından sonra anklavlarla bağlı məsələ gündəmə gəldikdə xüsusilə Kərkinin geri qaytarılmasının mümkünsüzlüyünü qabardırdılar. İndi isə Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komitəsinin bu kənddə yaşayan ermənilərin həmin ərazidə müvəqqəti olaraq qeydə alındığını və onların əlində hər hansı mülkiyyət hüququnu təsdiqləyən sənədin olmadığını deməklə əslində Kərkinin də geri qaytarılacağının anonsunu vermis oldu.
Hər kəs onsuz da digər anklav kəndlərimiz və əvvəl işğal altında olan ərazilərimiz kimi Kərkidə də ermənilərin qeyri-qanuni məskunlaşdığını bilirdi. Amma indi bunun Ermənistanda rəsmi qurum nümayəndəsi tərəfindən dilə gətirilməsi erməni cəmiyyətini hazırlamaq baxımından önəmlidir".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ