İnsanlara hürriyət, millətlərə istiqlal!

Dönərxanalarla bağlı SOS! - Görün nələr edirlər

Eyyub Hüseynov: “AQTA-ya istənilən vaxt yoxlama səlahiyyəti verilməlidir”

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı müəyyənləşib.

Bununla yanaşı, mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub.

“Yoxlama zamanı "AL-ASR" əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.

Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib", - məlumatda bildirilib.

Məlum olduğu kimi, AQTA  tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi  hazırlanıb. Sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.

Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır.

Eyyub Hüseynov koronavirusa yoluxdu - Oxu.az

Eyyub Hüseynov

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hökumətin biznesin inkişafı siyasəti ilə istehlakçı siyasəti uyğun gəlmir: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra qanunda olan dəyişikliklərin hamısı istehlakçının zərərinə oldu. Təsadüfi deyil ki,  ombudsmanın 101 səhifəlik illik hesabatında bir kəlmə də olsun istehlakçı sözü yox idi. Mən Milli Məclisdə müzakirələrdə bildirdim ki, istehlakçı hüquqları insan hüquqlarının tərkib hissəsidir. Qeyd etdim ki, 10 gün ərzində 18 istehlakçı zəhərlənib ölüb. Nə üçün bu, insan hüquqlarının pozulması kimi təqdim olunmur? Biznesə toxunulmazlıq şəraiti yaradılıb. Biznesi heç kim yoxlaya və müşahidə apara bilməz. Bu isə istehlakçı siyasəti ilə uyğun gəlmir. Həmçinin AQTA-nın yoxlama funksiyaları çox məhduddur. Qida sektoru çox vacib məsələ olduğu üçün mütləq hökumətin siyasəti dəyişməli və AQTA-ya istənilən vaxtı yoxlama səlahiyyəti verilməlidir. Onun belə bir imkanı olmadığı üçün vəziyyət bu yerə gəlib çatıb.  Ölkənin ən bahalı və prestijli "Sərin" restoranında bu halları biz görürük. Təsadüfi deyil ki, danışdığımız mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 5 il bundan öncə əməliyyatlar apardı və həbslər oldu. Lakin yenə də ölmüş və ənənəvi olmayan heyvan ətləri Bakıya daşınır".

E.Hüseynov deyir ki, qida sektoru ilə bağlı ciddi ictimai nəzarət olmalıdır: “Hazırda bu, yox səviyyəsindədir. AQTA elə bir iş aparmalıdır ki, hər birimiz onun könüllüsünə çevrilək. Yararsız ət məhsullarının Bakıya gətirilməsi, satılması insanların gözünün qarşısında baş verir. Problem ondadır ki, ölkədə hər bir ətin satışına icazə var. Nazirlər Kabineti qərar verməlidir ki, Azərbaycanda ənənəvi olmayan heyvan ətlərinin satışı qadağan olunsun”.

Asim Vəliyev: "Hansı halda turşudan zəhərlənə bilərik?" - DİQQƏT! - Sağlam  Qida

Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev bildirib ki, at və eşşək ətinin istehlakı bir çox ölkədə ənənəvi qida kimi qəbul edilir. Elmi baxımdan at əti yüksək protein və dəmir baxımından zəngindir, yağ tərkibi isə mal ətinə nisbətən aşağıdır: “Eşşək əti də bənzər qida dəyərlərinə malikdir, lakin bu istiqamətdə araşdırma yetərli deyil. Bu ətlərin zərərliliyi emal şərtlərindən asılıdır. Əgər heyvanlarda xəstəlik varsa və baytar nəzarətindən keçməyibsə, ətlərində salmonella, E. coli kimi bakterialinfeksiyalar və parazitlər (məsələn, Trichinella) risk vardır. Təbii ki, ölkəmizdə at və eşşək ətinin istehlakı ənənəvi qida kimi geniş yayılmayıb. Milli mətbəx qoyun, mal, toyuq və balıq ətini əsas götürür. Bu mədəni və psixoloji səbəblərdən irəli gəlir, çünki at və eşşək ətinin yeməsi cəmiyyətdə qəbul edilmir. Lakin bəzi regionlarda at ətinin qeyri-qanuni satışı aşkarlanıb. Bu qida təhlükəsizliyi problemini artırır”.

Ekspertin sözlərinə görə, dönərlərdə at və eşşək ətinin istifadəsi bir neçə risk yarada bilər: “At və eşşək ətindən hazırlanmış dönərlər əgər heyvanların xəstəliklərinin olub-olmaması yoxlanmayıbsa, infeksiya riskini artırır. Məsələn, at ətində "Trichinella" parazitinin olması bişirilməmiş və ya az bişirilmiş dönərlərdən insanlara keçə bilər. Əgər eşşək əti qeyri-qanuni kəsimxanalarda emal olunarsa, bakterial çirklənmə riski yüksəkdir. Azərbaycanda at və eşşək ətinin yeyilməsi mədəni olaraq qəbul edilmir və bəzi dini məzhəblərdə qadağandır. Alıcılar üçün at və eşşək ətini dönərlərdən ayırd etmək çətindir, çünki dönər əsasən qovrulmuş və ədviyyatlarla qarışdırılmış formada təqdim olunur. Elmi baxımdan at əti mal ətinə nisbətən daha tünd qırmızı rəngdədir, yağ tərkibi azdır və bişirildikdə xarakterik qoxu yayır. Eşşək əti isə daha sərt və qəhvəyi tonlu ola bilər, lakin bu fərqlər adi istehlakçı üçün vizual olaraq aşkarlamaq çətindir. İstehlakçılar üçün ən effektiv üsul etiketləməyə baxmaqdır. Azərbaycan Respublikasının “Qida Təhlükəsizliyi Haqqında” Qanununa müvafiq olaraq qida məhsullarının tərkibi açıq şəkildə bəyan edilməlidir. Sertifikat və baytarlıq sənədləri də mənşəyi təsdiq edə bilər. Lakin qeyri-qanuni satıcılar bu sənədləri saxta təqdim edə bilər".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

08 Mart 2025

BÜTÜN XƏBƏRLƏR