Onlayn ictimai-siyasi qəzet
Necə vəd etmişdilərsə, elə də etdilər, fevralın 5-də Rusiyanın hüquq-mühafizə orqanları federasiya ərazisindəki miqrantların üzərinə total hücuma keçiblər.
Zatən ötən ilin martından bu ölkənin silahlı qüvvələri iki cəbhədə, həm Ukraynada, həm də arxa cəbhədə miqrantlarla döyüşürdü. İndi deyəsən, Ukrayna cəbhəsindəki əməliyyatlar arxa plana keçib, indi qarşı cəbhədə miqrantlardır.
Əliyalın miqrantlara qarşı döyüşmək daha asandır. Təpədən-dırnağa qədər yaraq-əsləhə ilə təchiz olunmuş, boyları 2 metrə, çəkiləri 1 sentnerə çatan cantaraq hərbçilərin bəstəboy miqrantlara qarşı əməliyyatlarını videoya çəkmək də çətin deyil.
İnternet resurslarında belə videolar artmaqdadır. Görürsən ki, 5-6, bəzən isə lap çox xüsusi təyinatlı hərbçilər miqrantların çalışdığı iaşə müəssisənə dalır, heç bir səbəb olmadan önlərinə çıxanı təpikləyir, qapazlayır, yerə uzadır, söyüb-alçaldırlar.
Miqrantlar tərəfindən onlara qarşı bir müqavimət yoxdursa, bu, adi sənəd yoxlamasıdırsa, bu qədər aqressiyaya nə gərək var? Sanki xüsusi təyinatlılar aylardan bəri müqavimət gösətərən düşmən bunkerini həmlə ilə ələ keçiriblər və indi acıq çıxırlar.
Başqa bir videoda böyük ticarət mərkəzinin içiylə can hövlüylə qaçışan miqrantlar görünür. Onlar yaxalandıqları təqdirdə divara söykədilib güllələnəcəkmişlər kimi böyük qorxu içindədirlər. Yenə elə çıxır ki, cəbhə xətti yarılıb, düşmən istehkamı aşıb, kimi tutsalar, ya yerindəcə güllələyəcəklər, ya da əsir götürüb işgəncə verəcəklər.
İkinci aqibət daha realdır. Yaxalananların fiziki təzyiqə məruz qoyulması adi haldır. Canını şillə-təpiksiz qurtaran bir kəs belə yoxdur, hamısı öz “nəsib”ini alır.
Belə informasiyalar var ki, indilikdə əsasən hədəfdə olan tacikistanlı miqrantlardır, ancaq onların gözünə qazaxların, türkmənlərin, özbəklərin və qırğızların da qatıldığı bəllidir. Çünki rus hərbçilər üçün Orta Asiyadan olan hər kəs “qıyıqgöz miqrant”dır və onların qanı federal səviyyədə halal buyrulub.
Bu, əlbəttə ki, nasizmdir və ötən əsrin 30-cu illərində Hitler Almaniyasının yəhudilərə və digər “düşmən” elan edilmiş milli azlıqlara qarşı yeritdiyi məqsədyönlü siyasəti xatırladır.
Taciklərin qəzəbə gəlməsinin səbəbləri aydındır. Keçən ilin martında bir qrup tacik terrorçu “Krokus” konsert zalında rus xalqının övladlarına əl qaldırıb, 145 nəfəri qətlə yetiriblər. Amma bunu 4-5 nəfər muzdlu dini fanatik edib. Bu hadisənin Rusiyada yaşayan yüz minlərlə tacikə, gündəlik 3-5 rubl pul qazanaraq balalarını dolandıran binəsib insanlara heç bir dəxli yoxdur.
Həmin teraktı sırf rus millətindən olan şəxslər də törədə bilərdi, hətta terrorçu qrupun tərkibinin beynəlmiləl (hər xalqdan biri) olması da mümkün idi. O halda necə olacaqdı?
4-5 caniyə görə bütöv bir milləti, hətta böyük bir coğrafi zonanın əhalisini düşmən sayıb təqib etməyin yuxarıda deyiləndən başqa adı yoxdur.
Hiss olunur ki, rusiyalı qanunvericilər və məmurlar miqrant siyasətini, həmişə olduğu kimi, “adam yoxdur, problem də yoxdur” devizi ilə yeritmək istəyirlər. Tarixən ən yaxşı bacardıqları iş budur.
Əslində təkcə Orta Asiyadan olanlar deyil, Qafqaz ölkələrindən olan miqrantlar da rus cəmiyyətində mənfi münasibətin hədəfidirlər. 2008-ci ildən etibarən gürcülər Rusiyada “arzuedilməz şəxslər” idisə, son bir neçə ildə ermənilər də yavaş-yavaş o gözdə görülürlər. İkinciləri yalnız əsrlər boyunca əxz etdikləri qılıqları, yuxarı təbəqələrdəki əlaqələri xilas edir. Ancaq bir sıra yüksək mənsəbli siyasi şəxslərin tez-tez Ermənistan rəhbərliyinə “Rusiyada Ermənistandakından daha çox erməni yaşayır” deyə xəbərdarlıqlar etməsi boşuna deyil. Bu, bir az minnət qoymaqdırsa, bir az da şantajdır.
Azərbaycanlılara gəldikdə isə, son 33 ildə bu ölkədə yaşayan-işləyən həmvətənlərimiz zaman-zaman və vaxtaşırı bu cür təqiblərə, təzyiqlərə məruz qalıblar. Bu üzdən ölkəyə qayıdanlar da olub, rus cəmiyyətinə tam inteqrasiya olunan, sənədlərini qaydasına qoyanlar da. Ancaq yenə də Qroznı üzərində vurulan mülki təyyarəmizlə bağlı qalmaqaldan sonra iki ölkə arasında gərginləşən durum RF-də olan miqrant həmvətənlərimizin həyatına mənfi təsir edə bilər.
Gerçəklik budur ki, son 11 ildə Rusiyada şovinizm, militarizm dalğası kükrəyib və başqa müstəviyə keçib. Bunun sonunun necə olacağı bilinmir. Bilinən odur ki, balta Kremlin əlindədir və o, həmin kəsici aləti arada öz ayağına da vurur. Çünki Rusiya dövlətinin müasir dünyada ayaqda qalması həm də miqrantlardan asılıdır. Bu ölkədə bir neçə milyon işçi qüvvəsinə ehtiyac var. Ruslar isə miqrantların çoxunu qovmaq, qalanları isə qul kimi işlətmək əzmindədirlər.
Belə getsə Rusiyada miqrantlar üçün gettolar yaradılacaq, onları orada saxlayacaq, “saf-çürük” edəcəklər.
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ