Onlayn ictimai-siyasi qəzet
Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib. Bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz artırılıb: doktorantura səviyyəsi üzrə bu artım 60 faizdir. Bununla da ölkənin bakalavr pilləsi üzrə ən bahalı ixtisasları da müəyyənləşib. Bunlar bəstəkarlıq, dirijorluq (sahələr üzrə), İnstrumental ifaçılıq (sahələr üzrə) və vokal sənətidir. Bu ixtisasların illik təhsil xərci 9000 AZN-dir.
Magistratura pilləsi üzrə ən bahalı ixtisaslar isə bəstəkarlıq, dirijorluq və instrumental ifaçılıqdır. Bunların hər birinin illik təhsil xərci 10 min manat təşkil edir.
Maraqıdır, təhsil haqlarının bu qədər baha olmasına səbəb nədir?
Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, Azərbaycanda təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir. Nəinki ölkə əhalisinin gəliri, qonşu dövlətlərin ali təhsil müəssisələrində qüvvədə olan təhsil haqqı ilə müqayisədə də Azərbaycan universitetləri daha bahalıdır. Ona görə də ali məktəblərdə oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir neçə balı çatmayan xeyli gənc maddi çətinlik ucbatından bu imkandan yararlana bilmir: “Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu, adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və s. kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu əlbəttə ki, təklif olunan qiymətlərdir. Ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də ali təhsil müəssisələri də təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar”.
Ekspertin sözlərinə görə, təhsil haqlarının bu qədər baha olmasının bir neçə səbəbi var və bu amillər həm təhsil müəssisələrinin maliyyə ehtiyacları, həm də xüsusi ixtisasların tədris xərcləri ilə bağlıdır: “Bəstəkarlıq, dirijorluq və instrumental ifaçılıq kimi incəsənət sahələri xüsusi texnika, avadanlıq və müəllim heyətinin yüksək səviyyədə ixtisaslaşmasını tələb edir. Musiqi və incəsənət sahələrində təhsil almaq üçün xüsusi musiqi alətləri, tədris texnologiyaları, vəsaitlər və ustad dərslərinə ehtiyac var. Bu cür sahələrdə tədris edən müəllimlər çox vaxt öz sahələrində tanınmış və peşəkar şəxslər olduğundan, onların əməkhaqqı da nisbətən yüksək olur. Bu da təhsil xərclərinin artmasına səbəb olur.
Təhsil müəssisələrinin müasir avadanlıq və tədris texnologiyaları ilə təchiz edilməsi tədris prosesinin keyfiyyətini artırır, lakin bu eyni zamanda təhsil haqlarının yüksəlməsinə gətirib çıxarır. Xüsusilə texnoloji və yaradıcı sahələrdə tədris üçün lazım olan avadanlıqların maliyyəti yüksək olur və bu xərclər təhsil haqlarına əks olunur.
İnstrumental ifaçılıq və dirijorluq kimi ixtisaslar çox zaman fərdi təlimlərə, birbaşa ustad dərslərinə və kiçik qruplarla işə əsaslanır. Fərdi dərslər və tədris sessiyaları isə daha yüksək maliyyə tələbləri doğurur. Bu cür fərdi təhsil yanaşması daha çox insan resursları tələb edir və buna uyğun olaraq da təhsil xərcləri artır.
Dünyanın aparıcı ali təhsil müəssisələrində də incəsənət, musiqi və digər xüsusi ixtisaslar üzrə təhsil xərcləri yüksək olur. Azərbaycan təhsil sistemində bu artım beynəlxalq səviyyədə rəqabətliliyi təmin etmək üçün edilə bilər. Yüksək keyfiyyətli təhsil vermək və beynəlxalq standartlara uyğun gəlmək üçün yerli universitetlər müvafiq səviyyədə resurslara malik olmalıdırlar”.
Kamran Əsədov bildirib ki, bir çox hallarda təhsil müəssisələri dövlət dəstəyindən kənarda öz fəaliyyətlərini davam etdirmək üçün əlavə gəlir mənbələrinə ehtiyac duyurlar:” Dövlətin subvensiyalar və büdcə vəsaiti ilə dəstəkləmədiyi sahələrdə təhsil müəssisələri tələbələrdən daha yüksək təhsil haqları tələb etməyə məcbur olurlar. Dövlət dəstəyinin azaldığı və ya yenidən təşkil edildiyi hallarda təhsil müəssisələri təhsil haqlarını artırmağa məcbur olur.
Ali təhsil müəssisələri tədris keyfiyyətini artırmaq, beynəlxalq layihələrdə iştirak etmək, yeni elmi araşdırmalar aparmaq və müasir tədris modelləri tətbiq etmək üçün maliyyə ehtiyaclarına malikdirlər. Bu maliyyə ehtiyacları akademik heyətə investisiya qoymaqla yanaşı, yeni infrastrukturların yaradılmasına da yönəldilir. Tədrisin keyfiyyəti artdıqca, təhsil haqları da buna uyğun olaraq yüksəlir.
Beləliklə, təhsil haqlarının bu qədər yüksək olması, xüsusilə bəstəkarlıq, dirijorluq və instrumental ifaçılıq kimi sahələrdə, əsasən maliyyə resurslarının tələb olunması ilə izah olunur. Bu ixtisaslar yüksək keyfiyyətli təhsil vermək üçün həm maddi, həm də insan resursları tələb edir. Beynəlxalq təcrübədə də bu cür sahələr üzrə təhsil haqları adətən daha yüksək olur. Azərbaycanda təhsil xərclərinin artması, təhsilin keyfiyyətini yüksəltmək və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır”.
Qeyd edək ki, ölkənin bakalavr pilləsi üzrə ən bahalı ixtisasları bunardır:
1. Bəstəkarlıq (illik təhsil xərci 9000 AZN);
2. Dirijorluq (illik təhsil xərci 9000 AZN);
3. İnstrumental ifaçılıq (illik təhsil xərci 9000 AZN);
4. Vokal sənəti (illik təhsil xərci 9000 AZN).
Magistratura pilləsi üzrə ən bahalı ixtisaslar:
1. Bəstəkarlıq (illik təhsil xərci 10 000 AZN);
2. Dirijorluq (illik təhsil xərci 10 000 AZN);
3. İnstrumental ifaçılıq (illik təhsil xərci 10 000 AZN).
Digər ixtisaslara dövlət büdcəsindən ayrılan illik təhsil xərcləri:
1. Dekorativ tətbiqi sənət 7000 AZN
2. Qrafika 7000 AZN Rəngkarlıq 7000 AZN
3. Heykəltaraşlıq 7000 AZN
4. Stomatologiya 7000 AZN Tibb 8000 AZN
5. Musiqişünaslıq 8200 AZN
6. Bəstəkarlıq 9000 AZN Dirijorluq 9000 AZN
7. İnstrumental ifaçılıq 9000 AZN
8. Vokal sənəti 9000 AZN
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ