Onlayn ictimai-siyasi qəzet
V ixtisas qrupu və 11 illik bazadan keçid ballarında kifayət qədər artım olacaq, çünki...
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat artıq başa çatıb. Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 29 164 nəfər bu qrup üzrə müraciət edib. II ixtisas qrupu üzrə 23 101 nəfər, III qrup üzrə 24 438 nəfər, IV qrup üzrə isə 5 794 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin böyük hissəsini - 74 297 nəfərini Azərbaycan bölməsi, 8 200 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.
Məlumdur ki, bu il 11-ci sinif buraxılış imtahanlarında yüksək nəticələr əldə olundu. Rekord sayda abituriyent maksimum - 300 bal toplayıb. Ekspertlər rəqabətin yüksək olacağını bildirir. Maraqlıdır ki, builki imtahan əvvəlki illərdən nə ilə fərqlənəcək? Nəticələr və keçid balları ilə bağlı gözləntilər nələrdir?
Rizvan Fikrətoğlu
Təhsil eksperti Rizvan Fikrətoğlu Modern.az-a deyib ki, təkcə 11-ci siniflər üzrə cari ilin məzunlarından 53 nəfər maksimum 300 balı toplaya bilib. “Hələ əvvəlki illərin məzunlarının buraxılış imtahanının nəticələri açıqlanmayıb. Bu, Azərbaycanın təhsil tarixində ilkdir. Əvvəlki illərlə müqayisədə bu il sualların asan olması doğru faktdır. Ümumilikdə, bu il nəticələr yüksəkdir. Buna səbəb cari ilin abituriyentlərinin daha çox hazırlığı olduğunu da göstərmək olar. Başqa bir səbəb isə sualların daha dəqiq, konkret, kurikulum metoduna uyğun tərtibidir. Nəticələrin keçən illə müqayisədə yaxşı olması, sözsüz ki, ümumi nəticələrə təsirsiz ötüşməyəcək. Xüsusən də 5-ci qrup və 11 illik bazadan kolleclərə qəbulda balların artmasını müşahidə edəcəyik. Biz balların yüksək olmasını İT, hüquq, müəllimlik, tibb yönümlü ixtisaslarda daha çox müşahidə edəcəyik. Lakin yeni iki ali təhsil müəssisəsinin, eləcə də yeni kolleclərin fəaliyyətə başlaması, plan yerlərinin keçən illə müqayisədə artırılması fonunda müəyyən qədər stabilliyi qoruyacaq”.
Təhsil eksperti düşünür ki, blok imtahanında da keçən illə müqayisədə nəticələr daha yaxşı olacaq: “Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, nəticələrin yüksək olması "keçən il 300 bal toplayan şagirdlər olmayıb və əvvəlki illərdə niyə 300 bal toplayanlar 5 nəfəri belə keçməyib?" sualını yaradıb. Nəzərə alaq ki, müsabiqə şərti bərabər əsaslarla keçirilir, burada abituriyentin nəticələri önəmlidir. Fərz edək ki, məsələn, keçən il suallar çətin salınıb və nəticələr bu ilə nisbətən aşağı idi. İxtisas seçimi də o nəticələrə uyğun aparıldı və yerləşdirilmə o nəticələr əsasında həyata keçirildi. Bu il yüksəkdirsə, faktiki nəticələr əsasında müsabiqə keçiriləcək. Bunu nəzərə aldıqda, haqsızlıqdan söhbət gedə bilməz. Abituriyentləri ixtisas seçimi zamanı maksimum diqqətli olmağa çağırıram. Çünki bu il müsabiqə daha da məsuliyyətli olmağı, düzgün ixtisas seçimi aparmağı tələb edir".
Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, ümumilikdə 200 bal nəticə göstərən abituriyentlərin sayı çoxluq təşkil edir. Bu isə müsabiqəyə öz təsirini göstərmiş olacaq: "Builki qəbul ilində iştirakçı sayı çoxluq təşkil edir. Dünən (6 may) elektron ərizə qəbulu yekunlaşdı. Oradakı statistikaya biz baxsaq, 85 mindən çox abituriyent elektron ərizə qəbulunda iştirak edib, ali təhsil müəssisələrinin birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupu üzrə, eləcə də beşinci ixtisas qrupu üzrə müsabiqədə 10 mindən yuxarı abituriyent iştirak edəcək. Ümumi abituriyentləri gözləyən mərhələ blok imtahanlarıdır. Mayın 26-sı II və III ixtisas qrupları üzrə, 2 iyul tarixində isə I və IV qrupları üçün blok imtahanın ilk cəhdi keçiriləcək. 9 iyunda isə III ixtisas qrupu üzrə alt qrup TC seçənlərə coğrafiya, riyaziyyat və informatika seçənlər üçün isə informatikadan imtahan keçiriləcək. Həmin imtahanlarda da sualların qoyuluşu və digər mövzular abituriyentlər üçün buraxılış imtahanındakı qədər əlçatan olacaqsa, o zaman bu il də 700 bal toplayan abituriyentlərin sayı çox olacaq. O cümlədən ixtisaslar üzrə bu il formalaşacaq keçid ballarının da, xüsusilə prestijli ixtisaslarda artım görəcəyik".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 14 aprel tarixli qəbul imtahanlarının nəticələri barədə açıqlama verib. DİM-dən bildirilib ki, 14 aprel tarixində keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinin bu həftə - mayın 10-dək elan olunması nəzərdə tutulur. Xatırladaq ki, aprelin 14-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunmuş imtahanlarda 34 mindən çox şagird iştirak edib.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ