İnsanlara hürriyət, millətlərə istiqlal!

Din Rid – Soljenitsını SSRİ-yə böhtan atmaqda ittiham edən amerikalı müğənni

O, Amerikada dünyaya göz açsa da, ölkəsinin əzəli rəqibi SSRİ-də daha çox məşhur olub. Vaşinqtonun siyasətini bəyənməyib, Moskvada “xruşovka”larda yaşayan insanları xoşbəxt adlandırıb. Söhbət müğənni, aktyor, rejissor və ictimai xadim Din Siril Riddən gedir.

1938-ci il sentyabrın 22-də anadan olan gələcək sənətçi orta məktəbdə yüngül atletika, basketbol və atsürmə ilə məşğul olub. 12 yaşında ilk dəfə gitaranı əlinə götürüb və bir daha onda ifa etməyi dayandırmayıb. Kolorado universitetində oxuyarkən barlarda “rok-n-roll” və “kantri” musiqisi ifa edib. Ali təhsilini yarımçıq qoyaraq xəyallarını gerçəkləşdirmək üçün Hollivuda gedib.

“Warner Brosers” şirkətində ekran sınaqları zamanı Din Rid diqqəti cəlb edib və ona studiyanın məktəbində təlim keçməsi təklif edilib. O, aktrisa Cin Siberq və müğənni Fil Everli ilə birgə təhsil alıb. Din Peyton Prays ilə dərslər zamanı solçu fikirlərlə tanış olub. Bioqraf Fyodor Razzakov “Din Rid: Qırmızı kovboyun faciəsi” kitabında müğənninin müəllimilə iki il birgə yaşadığını bildirib.

78e995cd-06fb-474d-abe5-b44ad30b386e.jpeg (198 KB)

Onun “Once again” (“Bir daha”) mahnısı menecerlərin xoşuna gəlib və onlar sənətçini yeniyetmələrin kumirinə çevirməyə çalışıblar. Bununla belə, “Our Summer Romance” (“Yay romantikamız”) kompozisiyası Cənubi Amerikada çox məşhur olub. 1962-ci ilin mart ayında Rid Braziliya, Çili və Peruya qırx günlük turneyə getdikdən sonra Cənubi Amerikada yaşamaq qərarına gəlib.

Eyni zamanda, müğənni vətəndaş mövqeyini fəal şəkildə nümayiş etdirib. Çilidə olarkən o, nüvə silahlarına, Vyetnam müharibəsinə, zülmə və yoxsulluğa qarşı çıxış edərək solçu siyasi baxışları təbliğ edib və kasıb məhəllələrdə, həbsxanalarda pulsuz konsertlər verib. Cənubi Amerikaya səfəri zamanı Rid Çili və Peru mətbuatına məktublar göndərərək vətəndaşları prezident Con Kennediyə nüvə silahı sınaqlarını dayandırmasını xahiş edən məlumatlar göndərməyə çağırıb.

Ridin solçu fəaliyyəti hakimiyyət orqanlarının xoşuna gəlməyib. Üstəlik, 1962-ci ildə Çilidə keçirilən dünya çempionatı zamanı o, sovet futbolçusu Lev Yaşinlə dostluq edib. Onların birgə fotosunu qəzetlərdən birində görən Amerikanın Çilidəki səfiri Çarlz Koul qəzəblənib.

SSRİ-yə ilk səfər

24b16b44-689e-44e4-bbaf-1e4fa338d353.jpeg (317 KB)

 

1965-ci ilin iyulunda ilk dəfə Avropaya səfər edən Din Siril Helsinkidə keçirilən ümumdünya sülh konqresində çıxış edib. Orada sovet funksioneri ilə tanışlıqdan sonra o, SSRİ-yə qastrol səfərinə dəvət olunub. Tur 1966-cı ildə baş tutub. Daha sonra müğənni Argentinaya qayıdıb, lakin ölkədə baş verən hərbi çevrilişdən sonra tezliklə oradan deportasiya edilib. Müğənni həyat yoldaşı və qızı ilə birlikdə İtaliyaya köçüb və burada “Vəhşi Qərb” haqqında italyan istehsalı olan filmlərdə rol alıb. Ümumilikdə Rid İtaliyada 12 filmdə çəkilib.

1970-ci ildə, Çilidə prezident seçkilərinə bir həftə qalmış, o, Santyaqodakı Amerika konsulluğu qarşısında ABŞ bayrağını ictimaiyyət qarşısında yuduğuna görə həbs edilib. Onun həbsdən çıxmasına siyasətçi və şair Pablo Neruda kömək edib. 1971-ci ildə Çiliyə qayıdan kimi sənətçi yenidən 21 gün müddətinə həbsxanaya salınıb. Sonra arvadı boşanmaq üçün ərizə verib və qızı ilə ABŞ-yə gedib. Ümumilikdə müğənni üç dəfə evlənib, iki qızı olub.

1971-ci ildə Rid Aleksandr Soljenitsına açıq məktub yazaraq onu SSRİ-yə böhtan atmaqda ittiham edib. İki il sonra o, Şərqi Almaniyada daimi məskunlaşmaq qərarına gəlib və burada ssenarilər yazmağa və filmlərdə rol almağa davam edib. 1978-ci ildə dostu, məşhur çilili musiqiçi Viktor Jara haqqında “El Cantor” (“Müğənni”) bioqrafik filmində rol alıb.

b0cc2eab-b7b0-4bce-910a-3949d593f245.jpeg (188 KB)


1974-cü ildə hazırda Şərqi Sibiri Uzaq Şərqlə birləşdirən, Trans-Sibir dəmir yoluna alternativ paralel marşrut kimi çəkilən BAM-ın (Baykal-Amur magistral xətti) tikintisini aparılacağı elan edilib. BAM qəsəbələrinə qastrol səfərinə bir çox sənətçilər, o cümlədən Lev Leşenko, İosif Kobzon, Valentina Tolkunova, Edita Pyexa və başqaları gəlib. 1979-cu ildə Rid Belarusun “Verası” qrupu ilə birlikdə əsrin tikinti sahəsini gəzib. O, BAM-a bir neçə mahnı həsr edib, həmçinin tikinti haqqında “Sənə xoşbəxtlik arzulayıram” filmini təqdim edib. Hətta hərəkət edən qatarın damında gitara ilə yeriyərək “This train” (“Bu qatar”) mahnısına klip çəkdirib. Ridin İrkutsk vilayətinin Ust-İlimsk şəhərində keçirilən konsertini 12 min nəfər izləyib.

Müəmmalı ölüm

Almaniya Demokratik Respublikasında yaşayarkən Rid hakim Almaniya Sosialist Birlik Partiyasına (SED) qoşulmayıb. Versiyalardan birinə görə, o, ABŞ hökumətini və iqtisadi siyasətini tənqid edərkən, mahnılarında əks etdirdiyi Amerika sevgisini saxlayıb. Müğənni həmçinin ABŞ vətəndaşlığından heç vaxt imtina etməyib və ABŞ Daxili Gəlir Xidmətinə vergi bəyannaməsi təqdim etməyə davam edib.

ded73c71-0d77-4efc-87d4-fa267af05339.jpeg (313 KB)

1986-cı ildə CBS telekanalının "60 dəqiqə" proqramına verdiyi müsahibədə o, Sovet İttifaqının Əfqanıstan münaqişəsində iştirakını və Berlin divarının tikintisini dəstəkləyib. Müğənni həmçinin ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanı İosif Stalinə bənzədib və bu, Ridin ailəsi və dostları da daxil olmaqla bir çox amerikalıları qəzəbləndirib. O, dövlətə xəyanətdə ittiham olunub.

Bu müsahibədən altı həftə sonra onun cansız bədəni tapılıb. İstintaq məlumatları ziddiyyətlidir və rəsmi nəticə sadədir – “özünü gölə ataraq intihar edib”. Müğənninin ölümünün müxtəlif versiyaları var. Onun ölüm xəbərindən dərhal sonra “sağçı” qəzetlər yazıblar ki, Din Ridin ölümü “ADR kommunist rejiminin xüsusi xidmət orqanlarının terror fəaliyyəti” ilə bağlıdır.

Müğənninin Amerikadan gələn anasına əvvəlcə cəsədi göstərməyiblər və bu, Dinin üzünün balıq tərəfindən yeyilməsi ilə izah edilib. Ana üç gün oğlunun meyitini görməyi tələb edib və onu görəndə mat qalıb: “O, şişməmişdi və boğulmuş adama oxşamırdı”.

Digər məlumatlara görə, müğənninin cəsədi heç kimə göstərilməyib və rəsmi versiya açıqlandıqdan dərhal sonra kremasiya edilib. 1990-cı ildə sosializmdən məyus olan Ridin yuxu dərmanı içərək intihar etdiyi bildirilib. Eva Kivi isə əmindir ki, sevgilisi əvvəlcə zəhərlənib, sonra gölə atılıb.

Bir müddət əvvəl başqa bir versiya da ortaya çıxıb. Din Rid şəxsən rezident Putin tərəfindən ADR-də işləmək üçün əməkdaşlığa cəlb edilib. O, Latın Amerikası ölkələrindən birində üsyana böyük dəstək verəcəkmiş. Bundan xəbər tutan MKİ təhlükəli agenti “yox edib”.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR