İnsanlara hürriyət, millətlərə istiqlal!

Diktaturaya hərbi dəstək verənlərin “Marqara” kələyi – dövlətdə sifət yaxşı şeydir!

2020-ci ilin martında Ermənistan Baş Qərargah rəisi Artak Davtyanın etiraf etmişdi ki, İrəvan Suriyaya təkcə humanitar yox, həm də hərbi yardım göndərir. Məqsəd Bəşər Əsəd rejiminə dəstək vermək, müxaliflərə qarşı savaşda hakimiyyəti dəstəkləmək idi.

Əslində bu, yenilik deyildi. Hətta 2014-cü ildə Ermənistan Suriyaya silah-sursat və ərzaq yardımı daşıyan təyyarə göndərmişdi. Ərzurum şəhərində qəza enişi edən təyyarədə axtarış aparılarkən aşkarlanan silahlar Türkiyə dövləti tərəfindən müsadirə olunmuşdu.

2016-cı ildə isə Ermənistan müxalifətinin təmsilçiləri Serj Sərkisyan hakimiyyətini Suriyaya hərbiçi göndərdiyi üçün tənqid edərək “bizi niyə yeni bəlaya sürükləyirsiniz?”, sualı ilə etirazını bildirirdi. 

Screenshot_1.png (410 KB)

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə Rusiyanın tərkibində xidmət keçmək üçün Suriyaya hərbi birləşmələrini göndərdi. Həmin birləşmələr Hələb və digər ərazilərdə yerləşdirildi, bu hakimiyyətdə olan Suriya rəhbərliyinin qüvvələrinə qarşı Əsəd ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak etdi, hətta itkilər də verdilər. Üstəlik, Suriyada 150 min erməninin Əsəd tərəfindən müxaliflərə qarşı divan tutulması, müsəlmanların qətlə yetirilməsi əməliyyatlarında iştirak barədə çoxsaylı faktlar var. 

Beləliklə, üstündən illər keçir və martın 21-də xəbər oxuyuruq: Ermənistan Türkiyə ərazisi vasitəsilə Suriyaya humanitar yardım göndərib. “Sputnik Ermənistan” yazıb ki, bunun üçün Ermənistan-Türkiyə sərhədində “Marqara” nəzarət-buraxılış məntəqəsi müvəqqəti olaraq açılıb. Məlumata görə, dərman vasitələri və ərzaqdan ibarət humanitar yardımı daşıyan yük avtomobilləri artıq sözügedən məntəqədən keçib. Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Suriyaya yardımın göndərilməsində əməkdaşlıq etdiyinə görə Türkiyəyə təşəkkür edib. 

df8ce545f750868c54c8457bf344e888.jpg (72 KB)

Qeyd edək ki, Ermənistan hökuməti “Marqara” sərhəd-buraxılış məntəqəsini uzun müddət idi təmir edib, Ankaradan “yaşıl işıq” gözləyirdi. Amma qardaş ölkə 1993-cü ilin aprelində Kəlbəcərin işğalına cavab olaraq qapatdığı Ermənistan qapılarını açmağa tələsmirdi. Uzun-uzadı iki ölkə rəsmilərinin apardığı danışıqların yekununda izah olunurdu ki, əgər rəsmi İrəvan Ankara ilə normal əməkdaşlığa başlamaq istəyirsə, o halda Azərbaycanla sülhün əldə olunması istiqamətində real addımlar atsın. Azərbaycan da bəyan edirdi ki, sülhün əldə olunmasından ötrü Ermənistan konstitusiyası dəyişdirilməlidir. Söhbət Azərbaycanın Qarabağ bölgəsinə, həmçinin Türkiyənin 6 vilayətinə iddianın əks olunduğu əsas qanundan gedir. Üstəlik, Ermənistanın gerbindən hələ də Ağrı dağı “Ararat” adı altında “boylanırsa”, bu ölkəyə qapı açmağın yeri yoxdur. Bu barədə Azərbaycavn tərəfdən dəfələrlə qardaş ölkəyə də diplomatik eyhamlar verilib. 

turkiye-serhed.jpg (55 KB)

İki qardaş ölkə arasında nifaq toxumu səpməyə çalışanların hələ 2009-cu ildə Sürix protokollarını imzalatmağa nail olduqlarını unutmamışıq. O zaman Avropa İttifaqı “futbol diplomatiyası”, “sərhəd qapısı”, oyunları ilə Qarabağın ilhaqını da əbədiləşdirməyi qarşılarına məqsəd qoymuşdular. Amma “ipi başqasının əlində olan” Ermənistanın parlamenti o zaman hətta ermənilər üçün göydəndüşmə olan razılaşmanı ratifikasiya etmədi. Sonrakı gedişat da hər kəsə bəllidir.

Azərbaycanla Türkiyə arasında münasibətlər yüksək səviyyədədir. Bir müddət öncə prezidentlərin görüşü, birgə mesajları da buna şübhə yeri qoymur. Həm də Şuşa Bəyannaməsi var! Azərbaycan və Türkiyə Zəngəzur – Turan qapısını açmağa hazırlaşır, hər iki istiqamətdə sürətlə işlər görülür. Bu mənada hansısa qəfil, məsləhətləşmələrsiz addımın atıla biləcəyi təəccüb doğurur. Bəlkə də bilmədiyimiz hansısa müzakirələr, anlaşmalar var. O mənada əsrlərin sınaqlarından çıxmış qardaşlığımıza kiminsə xələl gətirə biləcəyini zənn etmirik. 

susa.jpg (72 KB)

Bundan əvvəl sərhədlərin üçüncü ölkələrin vətəndaşları və diplimatik pasportlu şəxslər üçün açılması ilə bağlı müzakirələr də nəticə verməmişdi. Çünki Ermənistanın istəklərinə baxmayaraq, qardaş Türkiyə Azərbaycan məsələsini, şərtini kənara qoymamışdı.

Diqqət edin, Suriyaya yardım göndərilməsi üçün martın 21-dən 31-nə qədər açılan “Marqara” qapısından Türkiyə ərazisi ilə Suriyaya humanitar yardım daşınması erməni oyunbazlığının növbəti hissəsidir. Dünənə qədər Əsəd diktaturasına hərbi dəstək verən Ermənistan bu gün Suriya əhalisi üçün “humanitar yardım” göndərən olub. Uzun illər ərzində Türkiyə suriyalıları öz bağrına basıb, onları savaşın fəlakətlərindən xilas etdi. O dönəmlərdə Ermənistan hərbçiləri rejimin qaniçənlərinə dəstək verirdi. ABŞ-dəki son seçkilərdəki kimi, Suriyada da “yumurtaları bir səbətə yığan” Ermənistan növbəti dəfə biabırçılıqla üzləşdi. Müxalifət Əsədi qovandan sonra Ermənistan Suriyadakı hərbçilərini gecə ilə İrəvana qaçırtdı. Türkiyənin müdafiə etdiyi keçmiş müxalifət liderini, bugünki keçid dövrü prezidenti Əhməd al-Şaraa ilə savaş aparan Paşinyan hakimiyyəti “sülhpərvər” olub, Suriyaya yardım yollayır. Üzə bax, sifətə bax! 

1733521472.1733510466_20241206_213929 (1).jpg (37 KB)

Vaxtilə Moskvada erməni həmkarı David Tonoyanla görüşən Rusiya müdafiə naziri Sergey Şoyqu “Suriyaya göstərilən humanitar yardım üçün minnətdarlığını” bildirirdi. Bu gün Suriyada erməni-rus hərbçilərinin “paradfason” şousunu da izləmişdik.

Paşinyan hakimiyyəti ABŞ ilə münasibətlərdə olduğu kimi, Suriya məsələsində də “U dönüşü” etdi. Bununla həm də Azərbaycan dövlətinin Suriyaya humanitar yardım göstərməsini yamsılamağa çalışırlar. Qarabağdan öz xoşları iləəə,,, gedən ermənilər küçələrdə qalıb, Paşinyan Suriyaya “yardım” göndərir. “Onun böyük ürəyi”, yox, kələyi...Azərbaycanın Naxçıvana, Türkiyəyə, lap elə humanitar yüklə dolu avtomobillərinin Suriyaya yolunu kəsən, Zəngəzur qapısını açmaq istəməyən Ermənistan Türkiyədən yol alıb, yardım aparır...Təkcə adamda yox, dövlətdə də sifət yaxşı şeydir. Amma bunlar dövlət olmayıblar axı...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR