Onlayn ictimai-siyasi qəzet
Yaxud küləkləyən idarələr
Deyir ölkəmizin filan internet provayderi Azərbaycan üzrə ən sürətli provayder seçilibdir. Sanki ondan başqası da varmış. Görəsən, ikinci, üçüncü yerləri kim tutub? Yenə həmin şirkət. Bu saat ölkədə özünü parçalasan da başqa rəqib şirkət, alternativ tapmaq mümkün deyil.
Bütün sahələrdə belə inhisarlar, monopoliyalar var, zəhmətkeşin seçim imkanı sıfıra yaxındır. Bəzən “azad bazar”, “rəqabət” görüntüsü yaratmaq üçün eyni şirkətin məhsulu bazara bir neçə fərqli adla çıxarılır. Ərzaq rəflərində, məsələn, eyni şirkətin eyni bitkidən alınan yağlarını azı 4-5 çeşiddə görərsən.
Əlbəttə, elnən gələn bəladır, dözərik, əlacımız nədir ki? (Nəinki el, planetdə vəziyyət xarabdır). Ancaq adama minnət qoymaqları olmaya. Bu, bir az pis təsir eləyir. Çox yox, bir az.
Örnək üçün, bugünlərdə Su çərşənbəsi münasibətilə su idarəsi bir sürü ziyanlı və zurnalisti yığıb apardı Ceyranbatan anbarına, boyunlarından daş asıb batırdı. Zarafat edirəm, hələlik bu mərhələyə çatmamışıq, anbara əsrarəngiz səyahətin mənası isə guya xalqa suyun təmizlənməsi prosesləri-filan haqda olduqca tapılmayan, nadir məlumatlar vermək idi (şəxsən mən həmin reportajlardan suyun həyat mənbəyi olaraq qaldığını öyrəndim). Ancaq çox insafsız olmayaq, suyun maya dəyərini bizə dedilər.
Sən demə, bizə bu saat suyu azı 2 dəfə ucuz satırmışlar. Tualet pulu ilə birgə kubuna 1 manat gedir, ancaq təxminən 2 manata başa gəlirmiş. İdarə hökumətə, Tarif Şurasına müraciət edib, yəqin qiymət qaldırılacaq və sairə.
Burada bizim əlacımız nədir? Onsuz suyu əhaliyə çatdırmaq üçün alternativ heç bir şirkət, idarə-zad yoxdur. Nə qopartsalar, verməliyik. Lakin niyə idarə həmin bu 2 manatın haradan ortaya çıxdığını açıqlamır? Suyun maya dəyəri bu qədərdirsə, o zaman su idarəsinə başçılıq etmiş müdirlərin bahalı villaları, Misir müəllim demişkən, “restoran və dükanları” haradan ortaya çıxıb?
Təbii ki, suyun 1 kubmetrinin dəyəri 2 manat olacaq. Bu qədər oğru, dələduz, rüşvətxor su xəttinin üzərinə çökübsə, başqa nə qiymət alınmalıdır? Nağıllardakı suyun başına yatan əjdahalar bizim məmurların yanında uşaq oyuncağıdır - Tahir Kərimlinin bir vaxt oynatdığı fiqurdan. Tək biz belə fikirləşmirik, hətta Hesablama Palatası kimi fağır orqan da vaxtaşırı su xidmətlərində çoxlu qüsurlar tapır. Ən son 2024-ün dekabrında belə hesabat yaymışdılar. O hesabatda suyun regionlarda bərbad idarə edilməsi üzündən şoranlaşmanın artdığı qeyd edilmişdi.
Nəticəsi olurmu? Əlbəttə. Misal üçün, meliorasiyaya baxan korrupsioneri sonra baş nazirə müşavir və köməkçi təyin edirlər.
Elə bu son anbar səyahətində su idarəsinin rəsmisi özü də etiraf etdi ki, respublika üzrə suyun hardasa 18 faizi itkiyə gedir, Abşeron yarımadasının bəzi yerlərində isə bu itki hətta 40 faizdən çox olur. İtkinin qarşısını almaq yerinə, onun dəyərini əhaliyə şəlləmək istəyirlər.
Ümumiyyətlə, Bakıda və Abşeron yarımadasında yaşayan hər kəs ömrü boyu ən azı 1-2 dəfə hansısa su xəttinin çəkilişində iştirak edib. Bu, absolyutdur, mütləqdir. Mən özüm həm çoxbloklu binada, həm həyət evində yaşamışam, hər ikisində su xətti çəkməli olmuşuq və bu işlər davamlı olub. Az qalır ki, gedək Oğuz-Qəbələdən boru xətti çəkək. Müştəri xidmətləri it günündə, qəza xidməti deşiklərə paz çalır, bunlar isə “diferensial qiymətlərdən” dəm vurur. Bəs bu “təbii” monopoliyalar haçan diferensial olacaq?
Yəqin Od çərşənbəsində qaz idarəsi ziyanlı və zurnalistləri qaz anbarına aparıb bizə qazın dəyəri barədə minnət qoyacaq, Tarif Şurasına müraciət edəcəklər. Yel çərşənbəsində hara səfər var, onu buraxıram sizin fantaziyanıza.
Qaldı Torpaq çərşənbəsi, o gün ən uyğun səfər qəbristanlığa ola bilər, çünki bu minvalla axırda bizə “sizin üçün qəbir yerini ucuz veririk, buna TŞ baxmalıdır” deyiləcək.
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ