Onlayn ictimai-siyasi qəzet
"Son on ildə diabetik polineyropatiyanın yaranma səbəblərinin, diaqnostika və müalicə üsullarının öyrənilməsində böyük irəliləyiş əldə edilib"
Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Sevinc Rzayeva deyib.
Musavat.com S.Rzayeva ilə müsahibəni təqdim edir:
- Sevinc xanım, ilk öncə bilmək istərdik ki, diabetik polineyropatiya nədir və yaranma səbəbləri hansılardır?
- Diabetik polineyropatiyalar (DPN) şəkərli diabetdən yaranan fəsadlarından biridir. Diabetik polineyropatiya diabet xəstələrində digər səbəblər istisna edildikdən sonra distal periferik sinir disfunksiyası simptomlarının olmasıdır.
DPN xəstələrinin həyat keyfiyyətini azaldır və "diabetik pəncə" sindromunun meydana gəlmə riskini daşıyır. Son onillikdə DPN-nin yaranma səbəblərinin, diaqnostika və müalicə üsullarının öyrənilməsində böyük irəliləyiş əldə edilib. DPN yaranmasında genetik, metabolik, damar, autoimun və digər faktorların rolu var. Xəstəliyin meydana gəlməsinə təkan verən amil xroniki hiperqlikemiyadır ki, yaranmış metabolik pozğunluqlar nəticəsində sinirə birbaşa və yanaşı gedən mikro və makroangiopatiyalar vasitəsilə patoloji təsir göstərən, sinirin struktur zədələnməsinə səbəb olur.
- Diabetik polineyropatiyanın əlamətləri hansılardır və diaqnozu nəyə əsaslanır?
- Diabetik polineyropatiyanın klinik təzahürləri əsasən aşağı ətrafların distal hissələrində hissi, vegetativ-trofik və motor pozğunluqların olması ilə xarakterizə edilir. Onlar, bir qayda olaraq, simmetrik xarakter daşıyırlar və müxtəlif sinir liflərinin zədələnmə xüsusiyyətləri ilə əlaqəlidirlər. Aparıcı yeri sensor-algik sindrom tutur: xəstələr aşağı ətraflarda olan ağrılardan, keyləşmə, yanma və ya üşümə hissindən şikayət edir. Bununla belə, ağrının olmaması polinevropatiyanın olmaması demək deyil. DPN ağrısız formaları minimal simptomlar və sensomotor çatışmazlığın tədricən irəliləməsi ilə xarakterizə olunur. Obyektiv müayinə zamanı müxtəlif növ hissiyatın azalması və reflekslərin zəifləməsi və ya itməsi aşkarlanır.
Simmetrik pozğunluqlardan başqa, proksimal bölmələrin zədələnməsi, mononevropatiyalar və kompression (sıxılma) neyropatiyalarla müşaiyət olunan formalara da rast gəlinir.
DPN-nin aşkarlanması obyektiv klinik və elektrofizioloji tədqiqat metodlarının istifadəsi ilə əhəmiyyətli dərəcədə artır. Eyni zamanda, DPN-nin aşkarlanması bir neçə mərhələdən (anamnez toplanması və xəstənin şikayətlərinin müəyyən edilməsi; aşağı ətrafların görünüşünün (status localis) müayinəsi və qiymətləndirilməsi; subyektiv və obyektiv simptomların qiymətləndirilməsi; elektroneyromioqrafiya müayinəsi və s.) ibarətdir.
Digər qiymətləndirmə üsullarından erkən diaqnostikada dərinin panç-biopsiyası və buynuz qişanın nazik sinirlərinin konfokal mikroskopiyası aparılır.
Qeyd etmək lazımdır ki, DPN istisna diaqnozdur. Şəkərli diabetin və polineyropatiya əlamətlərinin olması avtomatik olaraq diabetik polineyropatiyanın mövcudluğu demək deyil. Dəqiq diaqnoz qoymaq üçün hərtərəfli differensial diaqnostika aparılmalıdır.
- Diabetik polineyropatiyanın müalicəsi necə aparılır?
- DPN xəstələrinin müalicəsinin müasir prinsipləri 3 əsas istiqamətə, o cümlədən xəstəliyin inkişafının əsas patogenetik mexanizmlərinin korreksiyası, DPN-nin əsas simptomlarının aradan qaldırılması, xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması, DPN-nin irəliləməsinin və ağırlaşmalarının qarşısının alınmasına əsaslanır.
Diabetik polineyropatiyanın müalicəsinin əsas məqsədi ətraflarda hissiyyatın və motor funksiyaların bərpa edilməsi, ağrının aradan qaldırılması, qan şəkərinin nəzarətdə saxlanılmasından ibarətdir. DPN müalicəsi ilk növbədə qlikemiya səviyyəsinə nəzarətdən başlayır. Sübut olunub ki, intensiv qlükoza nəzarəti distal simmetrik polineyropatiyanın qarşısının alınmasında effektivdir.
Mövcud metabolik və damar pozğunluqlarını tənzimləməyə yönəlmiş və DPN-ın əsas simptomlarının reqressiyasına yardım edən müxtəlif növ fiziki amillər DPN-ın müalicəsində getdikcə daha çox tətbiq edilir. DPN zamanı fiziki amillərin istifadəsinin geniş imkanları onların orqanizmə çoxfunksiyalı təsiri ilə əlaqələndirilir. Bu da, xəstəliyin patogenezinin müxtəlif məqaməlarına təsir göstərməyə və DPN-nin əsas klinik simptomlarını aradan qaldırmağa imkan verir. Fiziotapevtik müalicələr mütəxəssis tərəfindən təyin olunur və həkimin nəzarəti altında aparılmalıdır.
Pasiyentlərin müalicəsinə kompleks yanaşma, müxtəlif sahələr üzrə ixtisaslı mütəxəssislər və müvafiq avadanlıq diabetik polineyropatiya xəstələrinin yüksək keyfiyyətli sağalmasını təmin etməyə imkan verir.
- Diabetik polineyropatiyalı xəstə nəyə diqqət yetirməlidir?
- Diabetik polineyropatiyalı xəstələr ayaqlarının gigiyenasına, dəridə yaranan trofik dəyişikliklərə diqqət yetirməli və mütəxəssilərin nəzarətində olmalıdırlar. DPN-nin və diabetik pəncə sindromunun meydana gəlməsinin qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülməlidir. Belə ki, şəkərli diabet xəstələrinin vaxtında aşkar edilməsi və DPN-nin meydana gəlməsinin qarşısını almaq məqsədilə bu xəstələrə adekvat terapiya təyin etmək üçün onlar qeydiyyata alınmalıdırlar. DPN-nin erkən diaqnostikası və vaxtında müalicə edilməsi məqsədilə yeni şəkərli diabet diaqnozu qoyulmuş şəxslərin nevroloq tərəfindən müayinəsi keçirilir. Eyni zamanda, DPN-nin irəliləmə dərəcəsinin və müalicəsinin effektivliyinin qiymətləndirilməsi məqsədilə ildə iki dəfə nevropatoloq tərəfindən təkrar müayinə aparılmalıdır. Bundan əlavə, diabetik pəncə sindromunun meydana gəlməsinin qarşısını almaq üçün DPN-nin ilkin təzahürləri zamanı xəstəliyin gedişatının altı ayda 1 dəfə, əhəmiyyətli dəyişikliklər baş verdikdə isə, 3 ayda 1 dəfə monitorinq olunmalıdır.
Həmçinin, göstərişlər üzrə mütəxəssislərin (endokrinoloq, angiocərrah, cərrah, ortoped, kardioloq və s.) müayinəsindən keçməlidirlər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ