İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dərslər hibrid modelə keçməlidir" - Ekspert

"Hər dəfə hava sərt keçəndə, yollar bağlananda, nəqliyyat iflic olanda eyni mənzərə təkrarlanır: məktəblər rəsmi bağlanmır, amma universitetlər, məktəblər dərs keçə bilmir, müəllim və tələbələr sinfə gedə bilmir. Bu, artıq tək-tük hal yox, sistemli problemlərin üzə çıxdığı nöqtədir. Hər yağış təhsili iflic etməməlidir".

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, təhsil təsadüflərə, hava şəraitinə və logistika imkanlarına tabe olmamalıdır:

"Artıq dünyanın bir çox ölkəsində fövqəladə hallarda dərslərin hibrid və ya onlayn formada keçirilməsi qanunla tənzimlənir və tətbiq olunur. Pandemiya dövründə Azərbaycanda da bu model qısa müddətdə tətbiq olundu və müəyyən nəticələr verdi. Lakin problem ondadır ki, bu sistem bir daha strukturlaşdırılmadı, davamlı tədris modelinə çevrilmədi. Halbuki, bu gün Azərbaycanın təhsil sistemi üçün ən vacib çağırışlardan biri təhsilin fasiləsizliyini təmin edəcək çevik və rəqəmsal tədris mexanizmlərinin qurulmasıdır.

kamran.jpg (28 KB)

Fors-major hallarda dərslərin dayandırılması əvəzinə, onların dərhal onlayn və ya hibrid rejimə keçirilməsi üçün bütün məktəblərin və universitetlərin rəqəmsal platforması, ehtiyat dərs planları, texniki təminatı və hazırlıqlı müəllim heyəti olmalıdır. Bu, yalnız texnologiya məsələsi deyil – bu, təhsilin məzmununa, təşkili mexanizminə və hüquqi çərçivəsinə dair yenidən baxış tələb edən sistemli məsələdir.

Hazırda bir çox ali məktəblərdə bu imkanlar ya mövcud deyil, ya da simvolik səviyyədə tətbiq olunur. Ümumtəhsil məktəblərinin əksəriyyətində isə bu barədə heç düşünülmür. Nəticədə, hava şəraiti və ya infrastruktur problemi təhsilin qarşısını alır. Bu isə xüsusilə regionlarda yaşayan şagird və tələbələrin daha da geridə qalmasına səbəb olur. Təhsil sistemində onsuz da mövcud olan sosial və coğrafi fərqlər daha da dərinləşir.

Dünyada Estoniya, Finlandiya, Sinqapur, Kanada kimi ölkələrdə artıq məktəb və universitetlər hər hansı fors-major vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün hibrid modelə dərhal keçə bilir. Çünki bu, artıq ehtimal yox, real ehtiyac kimi planlaşdırılıb və infrastruktur, hüquqi baza və pedaqoji yanaşma buna uyğunlaşdırılıb.

Azərbaycanda da bu dəyişiklik baş verməlidir. Elm və Təhsil Nazirliyi, ali məktəblər və ümumtəhsil müəssisələri bu sahədə fövqəladə hallara uyğun rəqəmsal təhsil protokolu hazırlamalı, müəllim heyəti üçün mütəmadi olaraq texnologiya əsaslı tədris bacarıqları üzrə təlimlər keçməli, hər məktəb üçün "B planı" – alternativ dərs formatı hazırlanmalıdır".

Kamran Əsədov vurğulayıb ki, əgər bu sistem qurulmazsa, hər dəfə qış gəldikcə, qar, yağış yağdıqca minlərlə şagird və tələbə bir neçə gün yox, bəlkə də həftələrlə təhsildən geri qalacaq:

"Bu isə təhsilin keyfiyyətinə və bərabərliyinə ciddi zərbə vuracaq. Təhsil hava şəraitindən asılı olmamalıdır. Təhsil sistemli, çevik və rəqəmsal olanda gələcəyi də dayanıqlı olur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR