İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərman monopolistləri xalqa qarşı

Ölkədə dərman qıtlığını və bahalığı kimlər yaradır; deputatlardan əlverişli təklif: “Türkiyənin istehsal gücündən farmakologiya sahəsində istifadə edə bilərik”

Azərbaycan əhalisi ölkəmizin dərman bazarından şikayətçidir. Həm də uzun zamandır belədir. Əhali haqlıdır -  dərmanlar ifrat  bahadır və üstəlik də keyfiyyətsizdir.  Bunlar azmış kimi, yeni problem yaranıb -  indi də, ümumiyyətlə, bazarda dərman qıtlığı problemi var. Bir çox dərmanlar, hətta adi antibiotiklər, yod, digər antiseptik maddələr də apteklərdə çətin tapılır.  Məsələni artıq rəsmilər də dilə gətirir. Deputat Vahid Əhmədovun dərman bazarındakı vəziyyəti sərt tənqid etməsi günlər öncə sensasiya doğurmuşdu. Lakin onun bahalıqla bağlı sərt tənqidi görünür ki, dərman monopolistlərini təsirləndirməyib - heç bir tədbir görülmədi, heç nə dəyişmədi...

Hətta vəziyyət daha da pisliyə doğru dəyişdi, deyə bilərik.

Deputat Fazil Mustafa da bu mövzuda sərt tənqidlər söylədi, konstruktiv təkliflər verdi. 

Bu məsələlərlə bağlı ölkə parlamentarilərinin tənqidləri isə davam edir. Onlardan biri -  Rüfət Quliyev yaranmış kritik vəziyyətdən çıxış yolunu da təklif edib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərək, Türkiyə şirkətlərinin Azərbaycana dəvət edilməsini tövsiyə edib: “Türkiyə səhiyyəsi problemini həll etmək üzrə dünyada birinci onluqdadır. Oradakı şirkətləri bura dəvət edək, gəlib filial açsınlar. Dərmanlarla bağlı böyük problemlər var. Yeni problem "Aspirin Kardio" və “Aspirin”lə bağlıdır. Artıq bir aydır bu dərmanlar satışda yoxdur".

Dəfələrlə yazılıb, sübutlarla göstərilib ki, Türkiyədə 10 manata olan həb şəkilli dərmanlar Bakıda 50-60 manata satılır. Digər formada və çeşiddə olan dərman növlərində də vəziyyət eynidir. O da bəllidir ki, Türkiyə keyfiyyətli dərman istehsalı və satışında lider ölkələrdəndir. Lakin məsələnin ən kritik tərəfi də budur ki, vətəndaşlar Türkiyədən dərman alıb, ölkəyə gətirəndə ciddi yoxlamalara, hətta təzyiqlərə məruz qalırlar. Azərbaycanın Gömrük Komitəsi sanki dərman monopolistləri ilə əlbirdir və onların xidmətində dayanaraq, Bakıya vətəndaşların hətta şəxsi istifadə üçün Türkiyədən ucuz alınmış dərmanların gətirilməsinə imkan vermirlər. Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin zamanında da belə idi, o gedəndən, yerinə yeni komanda gələndən də vəziyyətdə heç nə dəyişməyib. Gömrük Komitəsi yenə də dərman monopolisti, deputat Cavanşir Feyziyevlə ortaq şəkildə, Azərbaycan xalqının soyulması prosesində iştirak edir. Bütün bunların bir adı var -  xalq düşmənçiliyi! Azərbaycan dövlətinin rəhbərləri bu vəziyyətə təcili şəkildə əl qoymalıdır.   

Üstəlik, məsələnin başqa bir məqamı da var. Bəllidir ki, qardaş Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi bütün sahələr üzrə əməkdaşlığı, qarşılıqlı yardımlaşmanı və sənayeləşməni əhatə edir. Bəyannamədə tibbi sahədə əməkdaşlığa xüsusi diqqət yetirilir. Bu baxımdan, Türkiyənin əczaçılıq sənayesi ilə inteqrasiya həm də Şuşa Bəyannaməsinin mahiyyətindən doğan amildir. Dərman istehsalı, dərman bazarlarının inteqrasiyası, Türkiyənin farmasevtik fabriklərinin Azərbaycanda filiallarının qurulması zamanın və düşdüyümüz ağır vəziyyətin tələbidir. Elə isə bizim dərman bazarını monopoliyasına alan feyziyevlərə, başqa oliqarxlara qarşı niyə tədbirlər görülmür? Şuşa Bəyannaməsində nəzərdə tutulan yardımlaşmalar niyə tibb sektorunda da tətbiq olunmur? Bütün bunların qarşısını alanlar daha kimlərdir və onların xalq düşmənçiliyi haraya qədər davam edəcək? 

Bakupost.az - Deputat Rüfət Quliyev qanunları pozdu - Aksizsiz siqaret,  maskasız... - Açıqlama - YENİLƏNİB

Rüfət Quliyev

Millət vəkili Rüfət Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dərman preparatlarının satışı ilə bağlı son dörd ayda böyük problemlər yaranıb: “Axırıncı komitə iclasında da bu məsələyə toxundum. Vahid müəllim də, mən də, digər millət vəkilləri də bu problemi qaldırmışıq. Bəzi dərmanların qiyməti qalxıb. Burada da qeyd etmək lazımdır ki, Tarif Şurası çalışır. Dərmanlar var ki, onların qiyməti min manatdan yuxarıdır, o dərmanların qiymətlərini tənzimləyir. Bəzi dərmanlar Rusiyadan, Ukraynadan gətirilirdi, müharibə ilə əlaqədar bunların idxalı çətinləşib. Problem Azərbaycanla bağlı deyil, bu ölkələrdədir. "Aspirin Kardio", “Aspirin” ay yarımdır ki, satışda yoxdur. Adıçəkilən dərmanlar əsasən ucuz dərmanlardır. Onların apteklərdə qiyməti 2 manat 50 qəpikdən 5 manata qədərdir. Bu da səbəb gətirilir ki, Tarif Şurası qiymət qoyub ki, qalxmasın. Bu, başadüşüləndir. Tarif Şurası qiymətləri tənzimləməyə çalışır. Amma bir tərəfdən ümumi dünyada gedən inflyasiya da təsir edib. Biz qardaş Türkiyənin istehsal gücündən farmakologiya sahəsində istifadə edə bilərik. Türkiyə bu sahədə birinci onluqdadır. Türkiyədə dərman istehsalı ilə nüfuzlu şirkətlər məşğul olur. Aldığım məlumata görə, 90 faizə qədər dərman tələbatını özləri ödəyirlər, yəni yerli istehsaldır. Yerli istehsal önəmlidir, bununla bağlı dəfələrlə deyilib. İstər dərmanlarla bağlı olsun, istərsə də kənd təsərrüfatı məhsulları, istərsə də qida məhsulları yerli istehsal olmalıdır, yəni import əvəzləşdirmə. Ona görə təklif Türkiyədəki şirkətləri bura dəvət etmək, onlara şərait yaratmaqdan ibarətdir. Bu, bir ayda həll olunan məsələ deyil. Ən azı buna 3-6 ay vaxt lazımdır. Həm gəlib baxsınlar, saziş imzalasınlar, şərtlər müəyyən olunsun, burada istehsal başlasın. Amma müvəqqəti olaraq Türkiyədə istehsal olunan və burada çatışmayan dərmanları bura gətirmək lazımdır. Səhiyyə Nazirliyi, TƏBİB, ümumiyyətlə, bununla bağlı məsuliyyət daşıyan bütün səhiyyə qurumları təcili addımlar atmalıdır. Tarif Şurasında qiymətlərlə bağlı müəyyən dəyişikliklər etmək lazımdır. Yenə deyirəm, o dərmanların qiyməti 30-50 faiz baha olsun, amma satışda olsun, mövcud olsun. Komitə iclasında mən təklif etdim ki, iclasların birinə bu strukturların hamısını, o cümlədən idxalçıları da dəvət edək və müzakirə edək. Bunlar çıxış yolunu nədə görürlər. Bəlkə bunlar bizdən daha mütərəqqi bir fikir deyəcəklər. Amma yerli istehsaldan mütərəqqi və milli maraqlara uyğun olan təklif ola bilməz".   

Musa Quliyev: Qanunla ağciyərin transplantasiyasının aparılmasına icazə  verilir, amma...

Musa Quliyev

Deputat Musa Quliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Türkiyə və Azərbaycanın dərman sənayesinin birləşdirilməsi ideyasını Milli Məclisdə ilk dəfə o gündəmə gətirib: “Təxminən il yarım öncə bu təklifi etmişdim. Çox təəssüf olsun ki, həmin vaxt mənim o fikrim dəstəklənmədi, bəzi deputat həmkarlarımız bunu tənqid etdilər. Amma reallıq bundan ibarətdir ki, böhran dövründə bizim də dərmanımızın 90 faizi idxaldan asılıdır. İdxaldan asılı olan ölkələrdə ciddi problemlər yaranır. Tək dərmanla bağlı deyil, ərzaq və digər məsələlərlə bağlı da. İndi biz baxsaq, ərzaq inflyasiyası 20 faizdən çoxdur. Bu, idxalın hesabınadır. Başqa ölkələrdə, xüsusən Avropa ölkələrində qiymətlər qalxır, ona görə bizdə də bu qiymətlər uyğunlaşa bilmir. Çünki orada dərmanı avro ilə alırlar, bura gətirirlər, qiymətlər də artır. Hesab edirəm ki, böhran dövrü qurtarana kimi, keçid mərhələ olaraq hökumət xüsusi bir proqram işləməli idi. Mənim də təklifim onunla bağlı idi ki, biz həmin dövrdə Türkiyə ilə dərman sənayesini birləşdirək. Türkiyə dərmanı dünyada ən keyfiyyətli və əlçatan dərman sənayesindən biridir. Türkiyə dərmanları rahat şəkildə Azərbaycana gətirilib. Oradakı qiymətlərə də adekvat qiymətə burada satmaqla biz bunu həll edə bilərik. Təbii ki, bu, dərman monopoliyasına sərf etməyəcək, buna qarşı çıxacaq. Amma dövlətin siyasəti xalqın mənafeyinə uyğundur,  hansısa monopolistə görə siyasət müəyyənləşdirməli deyilik ki. Təkliflərdən biri bu idi. Şadam ki, həmkarlarımız bunu dəstəkləyiblər”.

Deputat əlavə edib ki, ölkədə dərmanın istehsalını sürətləndirmək lazımdır: “İstehsalçılara da müəyyən imtiyazlar, güzəştlər etmək lazımdır. Heç olmasa 500-1000 adda dərmanın ölkəmizdə istehsalını stimullaşdırmalıyıq. O dərmanların da qiyməti kifayət qədər aşağı olacaq, ölkənin daxilində olduğuna görə də keyfiyyətinə nəzarət etmək imkanları olacaq. Üçüncü təklif dərman monopoliyasına qarşı olmalıdır. Bu gün Azərbaycanda iri idxalçı dərman şirkətlərinə nəzər salsaq, idxal olunan dərmanların 80 faizi üç şirkət tərəfindən gətirilir. Əgər monopoliya lazımdırsa, bunu dövlət monopoliyası edək, topdansatışı dövlət həyata keçirsin, pərakəndə satışı apteklərə verək. Belə təcrübə də ola bilər. Amma bunu istəmiriksə, digər balaca şirkətlər, firmalar da dərman gətirə bilsinlər, rəqabət olsun və qiymət də aşağı düşsün. Apteklərin təxminən 90 faizi o üç şirkətə bağlıdır. Belə olan halda şübhəsiz ki, öz aralarında danışıb qiyməti də istədikləri şəkildə qoyacaqlar. Baxmayaraq ki, Tarif Şurası qiymətləri tənzimləyir, amma o qiymətlər bəzən açıqlanmır, hansı dərmanın qiyməti nə vaxt artacaq. Bunu nə vətəndaş, nə də həkimlər bilir.

Başqa yolu, biz icbari tibbi sığortanı gücləndirməklə həkim resepti ilə yazılan bütün dərmanların icbari sığorta şirkəti tərəfindən vətəndaşa pulsuz olaraq verilməsini təmin etməliyik. Bir çox ölkələrdə belədir və icbari sığortanın da qaydalarından biri budur. Təkcə müayinə və tibbi müdaxilə deyil, həmçinin dərman təminatını da icbari tibbi sığorta üzərinə götürməlidir. Hesab edirəm ki, hökumətin dərman təchizatı ilə cavabdeh qurumları brifinqlər keçirməlidirlər, mətbuata izahatlar verməli, vəziyyəti izah etməlidirlər ki, çaşqınlıq yaranmasın".    

Azərbaycan Tibb Universiteti

Farmakoloq, dosent Aydın Əliyev də bizimlə söhbətdə dedi ki, dərmanların keyfiyyəti ilə bağlı ciddi problem var: “Dərmanların çox baha olması aktual məsələdir. Camaatın haqlı narazılığına səbəb olur. Həkim diaqnoz yazır və o diaqnoza cavabdehdir, dərman yazır, dərmanın adına cavabdehdir. Dərmanın keyfiyyəti həkimlik deyil. Dərmanla bağlı 80-90 faiz xaricdən asılıyıq. Pandemiya, müharibə bahalaşmaya səbəb oldu. Bizdə qanunlar qəbul olundu, ancaq əsas məsələ qanunların icrasıdır. İcra edilmədə problem var. Yeganə çıxış yolumuz ayrı-ayrı insanların insafından asılı qalmamaq üçün ölkəmizdə dərman sənayesini inkişaf etdirməkdir. Dərman sənayesi inkişaf etsə, həmin sahənin elmi çox yüksək inkişaf edir. Burada ayrı-ayrı mütəxəssislər iştirak edir. Dərman sənayesində flora, faunadan istifadə edildiyinə görə ölkəmizin müvafiq təsərrüfat sahələri inkişaf edir. Bu sənaye inkişaf etmədikcə biz dünyadakı qiymət artımı, keyfiyyətsizlik, bəzi adamların insafsızlığından asılı vəziyyətə qalırıq. Türkiyədən, ya da başqa ölkələrdən gətirilsin. Amma bir şərtlə, Azərbaycan əhalisinin sağlamlığına zərər vuran dərman yox, keyfiyyətli dərman istehsalı və bizim büdcəmizə uyğun dırman satışı təşkil olunsun. Dərmanların qiymətinin artmasının bir səbəbi də Tarif Şurasının özüdür. Bizdə dərmanlar niyə gizli saxlanır ki?! Elektron formada etsinlər, əhali dərmanların qiymətini buradan öyrənsin və camaat bilsin ki, aptekdə onları aldadırlar ya yox. Bundan ayrı-ayrı işbazlar istifadə edirlər. Daha bir məsələ, reseptsiz dərman vermək olmaz, biz isə əksini görürük. Qəbul edilməyən daha bir məsələ, dərmanları TV-lərdə reklam edirlər. Belə çıxır ki, həmin o kanal da o dərman sahibkarları ilə iş görür. Dərmanın reklamı olmaz axı, o, paltar deyil. Xəstəyə dərmanı həkim reklam edə bilər”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR