Onlayn ictimai-siyasi qəzet
Təhsil eksperti: “Bu tendensiya Azərbaycan elminin gələcəyi üçün ciddi siqnaldır”
Ötən il 71 nəfər elmlər doktoru elmi dərəcəsi alıb. Məlumata görə, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. Statistikaya görə, ən çox elmlər doktoru elmi dərəcəsi filologiya (23 nəfər) və texnika elmləri (13 nəfər) üzrə verilib. Riyaziyyat, mexanika, yer elmləri, psixologiya və fəlsəfə sahələri üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb.
Astronomiya, aqrar elmlər, əczaçılıq elmləri, antropologiya, iqtisad elmləri, coğrafiya, pedaqogika, siyasi elmlər, sosiologiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə elmi dərəcəni alan olmayıb.
Bu göstəricilər dəqiq və texniki elmlərə marağın azalması, alim olmaq istəyənlərin sayının azlığı barədə narahatlıq doğurur. Bəs səbəblər nədir?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışaraq, dəqiq elmlər üzrə alim sayının azalmasının səbəblərini bu cür açıqlayıb: “Azərbaycanda elmlər doktoru dərəcəsi alanların statistikası göstərir ki, dəqiq elmlər üzrə alim olmaq istəyənlərin sayı getdikcə azalır. Ötən il ölkədə 71 nəfər elmlər doktoru dərəcəsi alıb ki, onların yalnız 1 nəfəri riyaziyyat, mexanika və digər dəqiq elmlər üzrə fəaliyyət göstərib. Eyni zamanda astronomiya, aqrar elmlər, əczaçılıq, antropologiya və bir sıra digər sahələrdə ümumiyyətlə elmlər doktoru dərəcəsi alan olmayıb. Bunun fonunda filologiya üzrə 23 nəfər, texnika elmləri üzrə isə 13 nəfər elmlər doktoru dərəcəsi alıb. Bu tendensiya Azərbaycan elminin gələcəyi üçün ciddi siqnaldır və dəqiq elmlərin inkişafı üçün hansı addımların atılmasının vacib olduğunu göstərir.
Dəqiq elmlər üzrə alim sayının azalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, bu sahələrdə fəaliyyət göstərməyin çətinliyi və uzunmüddətli səy tələb etməsi məsələsi diqqətə alınmalıdır. Riyaziyyat, mexanika, astronomiya kimi sahələrdə tədqiqat aparmaq, tez nəticə almaq mümkün olmayan mürəkkəb və çox vaxt tələb edən prosesdir. Azərbaycanda isə bu sahələrdə alimlər üçün kifayət qədər dəstək mexanizmləri və müasir tədqiqat infrastrukturu olmadığından, gənclər daha çox humanitar və sosial elmlərə yönəlirlər.
Eyni zamanda dəqiq elmlərdə tədqiqatçılar üçün maliyyə dəstəyinin və perspektivlərin məhdudluğu bu sahənin populyarlığını azaldır. 2023-cü ildə aparılan araşdırmalara görə, Azərbaycanda alimlərin orta əməkhaqqı 500-600 manat arasında dəyişir. Bu məbləğ, xüsusilə dəqiq elmlərdə yüksək avadanlıq və laboratoriyalara çıxış tələb edən tədqiqatların aparılması üçün kifayət deyil. Bu şəraitdə gənclər daha stabil və perspektivli sahələrə yönəlir, nəticədə dəqiq elmlərdə alimlərin sayı azalır".
Kamran Əsədov
Kamran Əsədov bildirib ki, dünya təcrübəsində dəqiq elmlər üzrə alimlərin yetişdirilməsi və bu sahələrin inkişafı üçün genişmiqyaslı proqramlar həyata keçirilir: “Məsələn, ABŞ və Avropa ölkələrində STEM (Science, Technology, Engineering, Mathematics) sahələri prioritet elan edilib. Bu ölkələrdə tədqiqatçıların maliyyələşdirilməsi üçün dövlət və özəl sektor tərəfindən qrantlar ayrılır, universitetlər tədqiqat infrastrukturu ilə təmin olunur, tələbələrə isə STEM sahələrini seçdikləri təqdirdə təqaüd və digər maliyyə dəstəkləri təqdim edilir.
Almaniyada Helmholtz Assosiasiyası kimi qurumlar alimlərə yüksək məvaciblər və müasir laboratoriya şəraiti təqdim edir. ABŞ-da isə NASA və Milli Elmlər Fondu kimi təşkilatlar astronomiya, fizika və riyaziyyat üzrə geniş tədqiqat proqramlarını maliyyələşdirir. Bunun nəticəsində bu ölkələrdə hər il minlərlə gənc dəqiq elmlər üzrə təhsil alır və alim kimi yetişir.
Yaponiya və Cənubi Koreya isə dəqiq elmləri sənaye ilə birləşdirərək bu sahələrdə tədqiqatların nəticələrini birbaşa texnoloji məhsulların yaradılmasına yönəldir. Bu yanaşma alimlər üçün geniş karyera imkanları və yüksək maliyyə dəstəyi təmin edir. Məsələn, Cənubi Koreyada texnologiya sektoruna dəstək nəticəsində tədqiqatçıların 40%-dən çoxu dəqiq elmlər sahəsində çalışır".
Ekspert qeyd edir ki, bununla bağlı Azərbaycanda vəziyyət fərqlidir, təhsil sistemində dəqiq elmlərin təbliği zəifdir: “Məktəblərdə riyaziyyat və təbiət fənlərinin tədrisi əsasən nəzəri xarakter daşıyır, praktik bacarıqlar isə inkişaf etdirilmir. Universitetlərdə isə tələbələr daha çox humanitar ixtisasları seçir, çünki bu sahələrdə karyera qurmaq daha əlçatan görünür. Əlavə olaraq, universitetlərdə laboratoriyalar və tədqiqat avadanlıqları ya yoxdur, ya da köhnəlmişdir. Bu vəziyyət dəqiq elmlərə marağı daha da azaldır”.
Kamran Əsədovun fikrincə, dəqiq elmlərin Azərbaycanda inkişafını təmin etmək üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: “İlk növbədə, tədqiqatlar üçün maliyyə resurslarının artırılması vacibdir. Dövlət səviyyəsində qrant proqramları genişləndirilməli, alimlər üçün rəqabətədavamlı əməkhaqqı sistemi tətbiq edilməlidir. Bundan əlavə, universitetlərdə laboratoriyalar müasirləşdirilməli və tələbələr üçün praktik tədqiqat imkanları yaradılmalıdır.
Eyni zamanda məktəblərdə riyaziyyat və təbiət fənləri üzrə innovativ tədris metodları tətbiq edilməli, şagirdlərdə erkən yaşlardan bu sahələrə maraq oyadılmalıdır. STEM sahələrinin təbliği üçün dövlət səviyyəsində xüsusi proqramlar hazırlanmalı, gənclərə bu sahələrdə karyera perspektivləri haqqında məlumat verilməlidir.
Nümunə götürüləcək təcrübələrdən biri də sənaye ilə akademiyanın əməkdaşlığını gücləndirməkdir. Azərbaycanda sənaye sektorunun dəqiq elmlərə əsaslanan innovasiyalara ehtiyacı var. Bu ehtiyac universitetlər və müəssisələr arasında sıx əməkdaşlıq yolu ilə qarşılanmalı, alimlərin tədqiqatları sənaye sahəsində tətbiq olunmalıdır.
Bu addımlar atılarsa, Azərbaycanda dəqiq elmlərə maraq artırıla bilər. Bu, yalnız alimlərin sayını artırmayacaq, eyni zamanda ölkənin elmi və texnoloji potensialını gücləndirərək beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəldəcək. Azərbaycanın gələcəyi elmi və innovasiyaları dəstəkləyən bir sistemin qurulmasından asılıdır. Dəqiq elmlərə qoyulan hər bir sərmayə isə bu gələcəyin möhkəm bünövrəsini təmin edəcək".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ