Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Millət vəkili Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, hazırda ən önəmli məsələlərdən biri qələbənin möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya, bərpa və quruculuğu sürətləndirməkdir.
C.Məmmədov xatırladıb ki, Qarabağ regionunda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub:
“Təəssüf ki, ali təhsil müəssisəsi 1988-ci ilədək fəaliyyət göstərib. Artıq Qarabağ azaddır. Bu gün qarşımıza mühüm hədəf və məqsədlər qoymuşuq. Hesab edirəm ki, bölgələrdə yeni universitetlərin yaradılması Bakıda sıxlığın qarşısını nisbətən almağa köməklik edə biləcək. Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə önəm verməliyik. Geniş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq universitetin yaradılması yaxşı olardı. Bir neçə dildə universtitetin yaradılması, xarici ölkələrdən tələbələrin cəlb edilməsi üçün addımlar atılmalıdır”.
Millət vəkili hesab edir ki, Azərbaycan gəncləri Qarabağ Universitetinə maraq göstərəcəklər:
“Bu gün hər bir azərbaycalının ürəyi Qarabağla döyünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təhsil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mərhələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər yaradacaq. Müasir təhsil müəssisəsi yaradacağımıza inanıram”.
Qeyd edək ki, Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ